12.Yusuf surəsinin tərcüməsi

12.Yusuf surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yusuf surəsi

(Məkkədə nazil olmuşdur, 111 ayədir)

Bağışlaya və mehriban Allahın adı ilə

  1. Əlif, Lam, Ra; Odur aydınladan kitabın ayələri.
  2. Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Ola bilsin ki, düşünəsiniz.
  3. Biz sənə vəhy etdiyimiz bu Quranla sənin üçün ən üstün əhvalatı danışırıq. Halbuki sən bundan öncə xəbərsizlərdən idin.
  4. O zaman ki, Yusuf öz atasına dedi: “Ey ata! Həqiqətən, mən (yuxuda) günəş və ayla on biri ulduz gördüm. Gördüm ki, onlar qarşımda səcdə edir.
  5. (Yəqub) dedi: “Oğulcan! Yuxunu qardaşlarına danışma, yoxsa sənə qurğu qurarlar. Həqiqətən, şeytan insanın aşkar düşmənidir.
  6. Bu sayaq Rəbbin səni seçər, yuxularının təbirindən xəbərdar edər və sənə və Yəqub ailəsindən olanlara nemətini tamamlayar. Necə ki, bundan öncə atan İbrahim və İshaq üçün tamamladı. Həqiqətən, Rəbbin biləndir və hikmət sahibidir.
  7. Həqiqətən, Yusif və qardaşlarında (onların əhvalatında) axtaranlar üçün nişanələr var.
  8. O vaxt ki, (qardaşları ona) dedilər: “Həqiqətən, Yusif və onun qardaşı (Benyamin) böyük bir dəstə olan bizlərdən atamıza daha əzizdir. Həqiqətən, atamız aşkar azğınlıqdadır.
  9. (Qardaşlardan biri dedi:) Yusifi öldürün, ya uzaq bir yerə atın ki, atanızın diqqəti sizə məxsus olsun. Ondan sonra (tövbə edib) saleh bir qrup olun.
  10. Onların arasından dillənən biri dedi: “Yusifi öldürməyin, onu quyunun dibinə atın ki, karvanlardan biri onu götürsün.
  11. Dedilər: “Ey ata, sənə nə olub ki, Yusifin xeyirxahı olduğumuz halda onu bizə etibar etmirsən?!
  12. Onu sabah bizimlə göndər ki, (səhrada) gəzsin, oynasın. Şübhəsiz, biz onu qoruyacağıq.
  13. (Yəqub) dedi: “Həqiqətən, onu aparmağınızla məni qəmləndirirsiniz. Qorxuram ki, onu canavar yesin və siz xəbərsiz olasınız.
  14. (Yəqubun övladları) dedilər: “Biz güclü bir dəstə olduğumuz halda canavar onu yesə, ziyankar olarıq ki!
  15. Elə ki, onu özləri ilə götürdülər, hamılıqla qərara gəldilər ki, onu quyunun məxfi yerinə atsınlar. (İstəklərini həyata keçirdilər.) Biz ona vəhy etdik ki, gələcəkdə onlara bu işlərini xəbər verəcəksən. Bir halda ki, onlar səni tanımazlar.
  16. (Öz planlarını həyata keçirdikdən sonra) gecə vaxtı ağlar halda atalarının yanına gəldilər.
  17. Dedilər: Ey ata! Biz yarışmaq üçün getdik, Yusifi şeylərimizin yanında qoyduq. Sonra canavar onu yedi. Əlbəttə, biz doğru danışsaq da sözlərimizə inanmırsan.
  18. Yusifin köynəyini yalandan qana batırıb (atalarının yanına) gətirdilər. (Ata) dedi: “Belə deyil, nəfsiniz sizə pis işi bəzəmişdir. Gözəl və yaxşı səbir lazımdır. Dediklərinizlə bağlı Allahın yardımını istəyirəm.
  19. (Yusif o vaxta qədər quyuda qaldı ki,) bir karvan gəlib çatdı. Suçunu göndərdilər (ki, su gətirsin). O öz qabını quyuya atdı. (Yusif qabın ipindən yapışıb quyunun ağzına qalxdı.) Suçu fəryad çəkdi: “Şad xəbər, bu bir oğlandır.” Onu əşyatək gizlətdilər (ki, kimsə onun sahibi olduğunu iddia etməsin), halbuki Allah onların etdiyi işdən agah idi.
  20. (Karvan əhli) Yusifi ucuz qiymətə, bir neçə dirhəmə satdı. Ona rəğbət göstərmədilər.
  21. Yusifi alan misirli zövcəsinə dedi: “Onu əziz tut, ümid var ki, gələcəkdə bizə fayda versin və ya onu övladlığa götürək.” Bu sayaq həmin məmləkətdə Yusifə yer və güc verdik ki, ona yuxuların təbirini öyrədək. Allah Öz işində qalibdir, amma xalqın əksəri bilməz.
  22. (Yusif) yetkinlik qüvvəsinə çatdığı vaxt ona hökm və elm verdik. Biz yaxşı əməl sahiblərini bu sayaq mükafatlandırırıq.
  23. Evində olduğu qadın yaxınlıq etməklə Yusifdən kam almaq istədi. Qapıları möhkəm bağladı və dedi: “Hazıram sənin üçün.” Yusif dedi: “Pənah aparıram məni yaratmış və məqamımı möhtərəm tutmuş Allaha. Şübhəsiz, zalımlar nicat tapmaz.
  24. Həqiqətən, (Əzizi-Misrin arvadı) ona (Yusufa) meyl etdi. Əgər Allahın dəlilini görməsəydi, o da meyl edərdi. Bu sayaq (dəlillərlə ona kömək etdik ki,) pisliyi ondan uzaqlaşdıraq. Çünki o Bizim xalis bəndələrimizdəndir.
  25. Hər ikisi qapıya doğru çıxdı. Qadın onun köynəyini arxadan cırdı. Qəfildən ərini yanında gördü. Qadın (intiqam və ya bəraət üçün) dedi: “Zövcənə qarşı pis məqsədi olanın yeri zindan və ya ağrılı işkəncədən başqa nədir?
  26. (Yusif) dedi: “O məndən kam almaq istədi.” Qadının ailəsindən olan bir şahid şəhadət verdi ki, əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, qadın düz deyir. O, yalançılardandır. (Əgər qadın doğru desəydi, Yusif və Əzizin zövcəsi üzbəüz çarpışmalı və köynək qabaqdan cırılmalı idi.)
  27. Əgər onun köynəyi arxadan cırılmışsa, demək, qadın yalan deyir və o, (Yusif) doğruçulardandır.
  28. Elə ki, (Əzizi-Misr) onun arxadan cırılmış köynəyini gördü, (həqiqəti anladı və) dedi: “Şəksiz, bu siz qadınların hiylələrindəndir. Əlbəttə, sizin hiyləniz böyükdür.
  29. (Əzizi-Misr dedi:) Yusif, bu məsələyə göz yum (onu açıqlama; zövcəsinə xitabən dedi:) günahına görə tövbə et, çünki xətakarlardan olmusan.
  30. Şəhərdəki qadınlar dedilər: “Əzizin zövcəsi öz qulamına meyl edib, ondan kam almaq istəyib. Həqiqətən, onu bir qulam özünə vurğun etmişdir. Həqiqətən, biz onu aşkar azğınlıqda görürük.
  31. (Əzizin zövcəsi) (misirdəki) qadınların hiyləsini (pis sözünü) eşitdi və onların ardınca adam göndərdi. Onlar üçün məclis qurdu və (meyvə üçün) hərəsinə bir bıçaq verdi. Yusifə dedi ki, qadınların yanına gəlsin. Qadınlar onu əzəmətli görüb əllərini kəsdilər və dedilər: “Aman Allah, bu, bəşər deyil, əziz bir mələkdir.
  32. (Əzizi-Misrin zövcəsi əlini kəsmiş arvadlara) dedi: “Bu həmin şəxsdir ki, ona görə məni məzəmmət edirdiniz. Həqiqətən, mən ondan kam almaq istədim, amma o paklıq göstərdi. Əgər ona verdiyim göstərişi yerinə yetirməsə, zindana salınacaq və zillətə düşənlərdən olacaq.
  33. (Yusif) dedi: “Pərvərdigara! Mənim üçün zindan məni dəvət etdikləri işdən daha əzizdir. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan, onlara meyl edərəm və cahillərdən olaram.
  34. Belə ki, Rəbbi onu (duasını) qəbul etdi və qadınların hiyləsini ondan pak etdi. Çünki O (Allah) eşidən və biləndir.
  35. Gördükləri nişanə və şahidlərdən sonra onlara elə göründü ki, onu (Yusifi) bir müddət zindana salsınlar.
  36. Yusiflə birlikdə iki gənc də zindana düşdü. Onlardan biri dedi: “Mən yuxuda gördüm ki, şərab üçün (üzüm) sıxıram. Digəri dedi: “Mən yuxuda gördüm ki, başımda çörək aparıram və quşlar onu yeyir. Bizim yuxumuzu təbir et! Həqiqətən biz səni yaxşı əməl sahibi kimi görürük.
  37. (Yusif yuxu görmüş həmin iki şəxsə) dedi: “Yemək payınız gəlməmişdən öncə yuxunuzun təbirini deyəcəyəm. Bu, Rəbbimin mənə öyrətdiyi işlərdəndir. Həqiqətən, mən Allaha imanı olmayan, qiyaməti inkar edən qövmün ayinini boşlamışam.
  38. Atalarım İbrahim, İshaq, Yəqubun ayinlərinə tabe olmuşam. Bir şeyi Allaha şərik qoşmaq bizə layiq deyil. Bu, Allahın bizə və xalqa olan fəzlidir. Amma xalqın çoxu şükür etməz.
  39. Ey mənim iki zindan yoldaşım! Müxtəlif tanrılar yaxşıdır, yoxsa ixtiyar sahibi olan bir Allah?
  40. Sizin Allahdan başqa ibadət etdikləriniz yalnız sizin və atalarınızın (heç bir əsas olmadan) qoyduğu adlardan başqa bir şey deyil. Allah (onların haqlılığını sübut edən) heç bir dəlil göndərməyib. Allahdan savay kimsənin hökm vermək haqqı yoxdur. O əmr edib ki, Ondan başqasına pərəstiş etməyəsiniz. Bu din möhkəm dayanmışdır. Amma xalqın çoxu bilmir.
  41. Ey mənim zindan dostlarım! Sizlərdən biriniz (azad olduqdan sonra) öz ağasına şərab içirər, digəri isə dardan asılar. (Darda o qədər qalar ki,) quşlar (dimdikləri ilə) onun başından yeyərlər. Haqqında mənim nəzərimi bilmək istədiyiniz iş qəti və labüddür.
  42. (Yusif) azad olacağını bildiyi məhbusa dedi: “Ağanın yanında məni də yada sal.” (Amma) şeytan ağasına xatırlatmağı onun yadından çıxardı. Nəticədə (Yusif) neçə il zindanda qaldı.
  43. (Bir gün) padşah dedi: “Mən yeddi arıq inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbüllə digər yeddi quru sünbül gördüm. Ey qövm başçıları! Əgər yuxu təbir edirsinizsə, yuxum haqqında mənə bir söz deyin.
  44. (Padşahın ətrafındakılar) dedilər: “Bunlar qarışıq yuxulardır və biz qarışıq yuxuların təbirini bilmirik.
  45. O iki nəfərdən xilas olan kəs bir müddət sonra (Yusifi) xatırladı və (Əzizi-Misrə) dedi: “Məni (Yusifin ardınca) göndərin, sizi (yuxunun təbirindən) xəbərdar edim.
  46. (Şahın göndərdiyi şəxs zindana daxil olub dedi:) Ey Yusuf! Ey doğru danışan insan! Yeddi kök inəyi yeddi arıq inəyin yeməsi və yeddi yaşıl sünbüllə digər yeddi qurumuş sünbül haqqında bizə bir söz de ki, xalqın yanına qayıdım. Ola bilsin ki, onlar (yuxunun sirrindən) agah olalar.
  47. (Yusif cavab olaraq) dedi: Yeddi il ard-arda əkin, yığdığınızı – yediyiniz az hissə istisna olmaqla – sünbüldə saxlayın.
  48. Sonra onun ardınca yeddi il çətin gələr, xalq onlar üçün öncədən yığdığınızı yeyər, yalnız cüzi bir miqdar saxlayarsınız.
  49. Sonra onun ardınca bir il gələr ki, həmin ildə xalqa yağış nazil olar (qıtlıq müşkülü başa çatar). Həmin ildə xalq (bolluq olduğundan) sıxılmış şirə götürər.
  50. Padşah dedi: “Onu mənim yanıma gətirin.” Elə ki, şahın elçisi onun yanına gəldi (Yusif) dedi: “Ağanın yanına qayıt və ondan soruş ki, əllərini kəsən qadınların macərası nə oldu? Həqiqətən, mənim Rəbbim onların hiyləsindən agahdır.
  51. (Padşah qadınlara) dedi: “Yusifdən kam almaq istədiyiniz vaxt məqsədiniz nə idi?” Qadınlar dedilər: “Aman Allah, biz onun heç bir pisliyini bilmirik.” Əzizin zövcəsi dedi: “İndi həqiqət aşkarlandı. Mən ondan kam almaq istədim və şəksiz, o doğru danışanlardandır.
  52. (Yusif dedi:) Bu (qadınların etirafı) onun üçün idi ki, (Əziz) mənim gizlində ona xəyanət etmədiyimi bilsin. Şübhəsiz, Allah xainlərin hiyləsinə yol verməz.
  53. Mən nəfsimə bəraət qazandırmıram. Çünki insanın nəfsi, şübhəsiz, daim pisliyə əmr edir. Yalnız Rəbbim rəhm etsə (belə olmaz). Həqiqətən, mənim Rəbbim bağışlayan və mehribandır
  54. Padşah dedi: «Yusifi mənim yanıma gətirin ki, onu özümə məxsus (müşavir) qərar verim.» Onunla danışarkən dedi: «Həqiqətən, sən bu gün bizim yanımızda böyük məqama maliksən və etibarlı bir fərdsən.»
  55. Mənə bu yerin xəzinələrini tapşır. Çünki mən hifz edən və bilənəm.
  56. Biz bu sayaq Yusifə o torpaqlarda qüdrət verdik ki, orada istədiyi yerdə olsun. Biz öz rəhmətimizi istədiyimiz kəsə çatdırarıq və yaxşı əməl sahiblərinin mükafatını zay etmərik.
  57. Şübhəsiz, iman gətirib, daim təqva yolunu gedənlər üçün axirət mükafatı daha yaxşıdır.
  58. (Kənan məntəqəsinə qıtlıq hakim oldu və azuqə əldə etmək üçün) Yusifin qardaşları (Misirə) gəldilər. (Qardaşlar) onun (Yusifin) hüzuruna daxil oldular. Həmin vaxt onları tanıdı, amma onlar Yusifi tanımadılar.
  59. Yusif onların yükünü hazır etdikdən sonra dedi: “Atabir qardaşınızı mənim yanıma gətirin. Görürsünüzmü ki, mən peymanəni (ölçü qabını) doldurub verirəm və ən yaxşı süfrə sahibiyəm.
  60. Əgər həmin qardaşınızı mənim yanıma gətirməsəniz, məndən heç bir peymanə (taxıl) almazsınız və mənə yaxınlaşmayın.
  61. (Qardaşları Yusifə) dedilər: “Onu atasından israrla istəyəcəyik, bu işi hökmən görəcəyik.
  62. (Yusif) öz qulamlarına dedi: “Onların ödədiklərini yüklərinin içinə qoyun. Ailələrinə qayıtdıqda onu görsünlər. Bu ümidlə ki, (növbəti dəfə) geri qayıdalar.
  63. Atalarının yanına qayıtdıqda dedilər: “Ey ata, bizə pay verilməsi qadağan oldu. Qardaşımızı bizimlə göndər ki, payımızı ala bilək. Biz hökmən onu qoruyacağıq.
  64. (Yəqub) dedi: “Qardaşını sizə etibar etdiyim kimi onu da sizə etibar edimmi? (Sizə yox, Allaha etibar edirəm.) Allah ən yaxşı qoruyandır və rəhm edənlərin ən rəhimlisidir.
  65. Elə ki, yüklərini açdılar, gördülər ki, sərmayələri onlara qaytarılıb. Dedilər: “Ey ata başqa nə istəyək?! Bu bizə qaytarılmış sərmayəmizdir. Biz ailəmizin qidasını hazırlayar və qardaşımızı qoruyarıq. Onu aparmaqla bir dəvə yükü də artırarıq. Bu pay (Əziz üçün) əhəmiyyətsiz bir paydır.
  66. (Ata) dedi: “Allaha and içib, hamınızın başına bir hadisə gəlməsə onu yanıma qaytaracağınıza möhkəm söz verməsəniz, heç vaxt onu sizinlə göndərməyəcəyəm. Elə ki, möhkəm söz verdilər, (ata) dedi: “Allah dediklərimizə vəkildir.
  67. (Yəqub) dedi: “Ey mənim oğlanlarım, (Misirə çatdığınız vaxt hamınız) bir qapıdan daxil olmayın. (Xalqın diqqətini cəlb etməmək üçün) ayrı-ayrı qapılardan daxil olun. (Mən bu tövsiyə ilə) Allah tərəfindən olanı (müqəddəratı) sizdən uzaqlaşdıra bilmərəm. Hökm yalnız Allaha məxsusdur. Yalnız Ona təvəkkül edirik. Bütün təvəkkül edənlər (də) Ona təvəkkül etməlidirlər.
  68. Atalarının göstərdiyi yerdən daxil olsalar da, bu iş Allahın iradəsi qarşısında onlara heç bir fayda vermədi. Yalnız Yəqubun qəlbində olan ehtiyat yerinə yetmiş oldu. (Ayrı-ayrı qapıdan daxil olmağın faydası gözdəymədən qorunmaları və xüsusi ilə Benyaminin Yusifə yetişməsi oldu.) Əlbəttə ki, (Yəqub) ona öyrətdiklərimizə xatir elmə sahib idi. Amma xalqın çoxu agah deyil.
  69. (Qardaşları) Yusifin yanına gəldikləri vaxt o, qardaşına (Benyaminə) yanında yer verib dedi: “Həqiqətən, mən sənin qardaşınam, onların gördüyü iş səni qəmləndirməsin.
  70. Elə ki, qardaşlarının yükünü hazırladı, bir su qabını qardaşının (Benyaminin) xurcununa qoydu. Sonra səslədi: Ey karvan əhli! Şübhəsiz siz oğrusunuz.
  71. (Yusifin qardaşları) məmurlara üz tutub dedilər: “Siz nə itirmisiniz?
  72. Dedilər: “Şaha məxsus qabı itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü veriləcək, mən buna zaminəm.
  73. Dedilər: “And olsun Allaha, siz bilirsiniz ki, biz bu məmləkətə fəsad üçün gəlməmişik və heç vaxt oğurluq etməmişik.
  74. (Yusifin məmurları) dedilər: “Əgər yalan desəniz, onun cəzası nədir?
  75. Dedilər: “Cəzası belədir ki, peymanə (qab) kimin yükündən tapılsa, o özü oğurluğun cəriməsidir. (Girov və ya qul kimi peymanə sahibinin ixtiyarına verilməlidir.) Biz (Kənan əhli) zalımı belə cəzalandırırıq.
  76. Qardaşının yükündən öncə o biri qardaşların yükünü axtarmağa başladı. Sonra qabı qardaşının yükündən çıxardı. Biz Yusif üçün bu sayaq tədbir tökdük. Çünki Misir şahının qanununa əsasən Yusif qardaşını tutub saxlaya bilməzdi. Yalnız Allahın istəyi ilə (bu iş mümkün idi). Biz istədiyimiz kəsi yuxarı dərəcələrə qaldırarıq. Hər bir elm sahibinin fövqündə daha biliklisi var.
  77. (Qardaşlar) dedilər: “Əgər o oğurluq etsə (təəccüblü deyil), çünki bundan öncə də onun qardaşı oğurluq edib.” Yusif (bu böhtanı) qəlbində saxladı. (Narahat olsa da, onların üzünə vurmadı.) Dedi: “Sizin mövqeyiniz daha pisdir. Allah sizin vəsfinizi (böhtanınızı) daha yaxşı bilir.
  78. (Qardaşları) dedilər: Ey Əziz! Həqiqətən, onun qoca bir atası var. Onun yerinə bizdən birimizi saxla. Həqiqətən, sənin yaxşı əməl sahibi olduğunu görürük.
  79. (Yusif) dedi: “Malımızı tapdığımız kəsdən başqasını tutmağımızdan Allaha pənah! Çünki bu halda, şübhəsiz, zalımlardan olarıq.
  80. Yusifdən əllərini üzdükdən sonra pıçıldaşaraq kənara çəkildilər. Böyükləri dedi: “Bilmirsinizmi ki, atanız onu qaytarmağınız üçün sizdən ilahi əhd alıb? Bundan öncə də Yusifə münasibətdə səhlənkarlıq etmişdiniz. Atam mənə icazə verməmiş və ya Allah haqqımda hökm çıxarmamış buradan gedən deyiləm. O, hakimlərin ən üstünüdür.
  81. (Böyük qardaş dedi: Mən burada qalıram, amma) siz atanızın yanına qayıdın, deyin ki, ey ata, həqiqətən, oğlun oğurluq edib və biz bildiyimizdən başqa bir şeyə şəhadət vermədik. Qeybi qoruyan (bilən) deyildik.
  82. (Əgər sözümüzə inanmırsansa) olduğumuz kənddən, gəldiyimiz karvandan soruş. Şübhəsiz, biz doğru danışırıq.
  83. (Yəqub) dedi: (Belə deyil,) əslində nəfsiniz bu məsələni sizin gözünüzdə bəzəmişdir. Gözəl səbir (lazımdır), ümid var ki, Allah bütün qardaşları birlikdə mənim yanıma gətirsin. Çünki O, həqiqətən agahdır və hikmət sahibidir.
  84. Yəqub övladlarından üz döndərdi və dedi: “Heyif Yusifdən.” Öz səsini uddu, dərddən iki gözü ağardı (kor oldu).
  85. (Yəqubun övladları atalarına) dedilər: “And olsun Allaha, sən daim Yusifi düşünürsən. Axır xəstələnib əldən düşəcək, məhv olub gedəcəksən.
  86. (Yəqub) dedi: “Mən nalə və hüznümlə yalnız Allaha şikayət edirəm və Allahdan (Onun lütfündən) sizin bilmədiyinizi bilirəm.
  87. Ey oğlanlarım! (Növbəti dəfə Misirə) gedin və Yusiflə qardaşını axtarın. Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqət budur ki, kafir qövmdən qeyrisi Allahın rəhmətindən ümidini üzməz.
  88. (Növbəti dəfə) Yusifin yanına gəldikləri vaxt dedilər: “Ey Əziz! Qıtlıq bizi və ailəmizi ağuşuna alıb və (buğda almaq üçün) az (əvəz) mal gətirmişik. (Buna baxmayaraq) bizim payımızı bütöv ver və bizə bağışla. Çünki Allah kərəm və bəxşiş sahiblərinə mükafat verir.
  89. (Yusif) dedi: “Bildinizmi nadan olduğunuz vaxt Yusif və onun qardaşı ilə nə etdiniz?!
  90. Yoxsa sən Yusifsən? Dedi: Mən Yusifəm, bu da mənim qardaşımdır. Həqiqətən, Allah bizə minnət qoydu. Çünki hər kəs təqva və səbir yolunu seçsə, həqiqətən, Allah xeyir iş görənlərin mükafatını zay etməz.
  91. (Qardaşlar) dedilər: “And olsun Allaha, Allah səni bizdən üstün edib, həqiqətən, biz xətakar olmuşuq.
  92. (Yusif ) dedi: Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır.
  93. (Yusif dedi:) Mənim bu köynəyimi aparın və onu atamın üzünə çəkin ki, gözü açılsın. Kiminiz varsa mənim yanıma gətirin.
  94. Elə ki, karvan yola düşdü, ataları dedi: “Həqiqətən Yusifin qoxusunu duyuram. Əlbəttə ki, əgər məni yüngülbeyin saymasanız!
  95. (Ona) dedilər: And olsun Allaha, sən keçmişdəki yanlışlıqdasan.
  96. Müjdə gətirən şəxs (Yusifin köynəyini gətirən qardaş) çatan kimi köynəyi Yəqubun çöhrəsinə sürtdü. Yəqubun gözü açıldı və dedi: Sizə demədimmi ki, həqiqətən, mən Allahdan (Allahın lütfündən) sizin bilmədiyiniz bir şey bilirəm.
  97. (Övladlar) Dedilər: Ey ata! Bizim günahlarımız üçün (Allahdan) bağışlanma dilə. Həqiqətən, biz xətakar olmuşuq.
  98. (Yəqub) dedi: Tezliklə Rəbbimdən sizin üçün bağışlanma diləyərəm. Həqiqətən, O Özü bağışlayan və çox mehribandır.
  99. Elə ki, Yusifin yanına gəldilər, o öz ata-anasına yanında yer verdi və dedi: Allahın izni ilə əmin-amanlıq içində Misirə daxil olun.
  100. (Yusif) ata-anasını taxta qaldırdı. Amma onlar hamısı onun qarşısında əyilib səcdə etdilər. (Yusif) Dedi: “Ey ata, əvvəlki yuxumun təbiri budur. Şübhəsiz, Rəbbim onu gerçəkləşdirdi. Doğrudan da, məni zindandan qurtarmaqla ehsan etdi. Şeytan mənimlə qardaşlarımın arasını vurandan sonra (Allah) sizi biyabandan (Kənandan Misirə) gətirdi. Həqiqətən, Rəbbim istədiyinə lütf sahibidir. Doğrudan da, O, biləndir və hikmət sahibidir.
  101. (Yusuf dedi:) Pərvərdigara, Sən mənə hökumətdən (bəhrə) verdin, yuxuların təbirini öyrətdin. Ey göyləri və yeri yaradan, dünya və axirətdə mənim mövlam yalnız Sənsən. Məni müsəlman olaraq dünyadan apar və salehlərə qovuşdur.
  102. (Ey peyğəmbər,) bu (əhvalat) sənə vəhy etdiyimiz qeybi xəbərlərdəndir. Onlar öz işlərində müttəfiq olanda və hiylə Quranda sən onların yanında deyildin.
  103. (Ey peyğəmbər,) sən çox istəsən də insanların çoxu iman gətirən deyil.
  104. Sən buna görə onlardan heç bir mükafat istəmirsən. O, (risalət və Quran) məxluqat üçün yalnız öyüd-nəsihətdir.
  105. Göylərdə və yerdə nə çox nişanələr ki, onların yanından üz çevirmiş halda keçərlər.
  106. Onların çoxu Allaha şərik qoşmadan iman gətirməz (imanları xalis deyil).
  107. Görən (iman gətirməyənlər) ilahi əzabın onları bürüyəcəyindən və ya Qiyamətin qəfildən bərpa olacağından amandadırlarmı?
  108. (Ey peyğəmbər! Sən də) de: «Bu mənim yolumdur.» Mən və mənə tabe olan hər kəs bəsirətli halda Allaha doğru dəvət edirik. Allah pakdır və mən müşriklərdən deyiləm.
  109. Səndən öncə abadlıq əhlindən olan, özlərinə də vəhy etdiyimiz kişilər göndərdik. Özlərindən əvvəlkilərin aqibətini görmək üçün yer üzünü gəzmədilərmi? Şübhəsiz, təqva yolunu seçənlər üçün axirət evi daha üstündür. Yoxsa düşünmürsünüz?
  110. (Peyğəmbərlərin dəvəti və düşmənlərin müxalifəti davam edirdi) o vaxta qədər ki, peyğəmbərlər (xalqın hidayətindən) ümidlərini üzəcək hala gəldilər və kafirlər güman etdilər ki, (əzab haqqında) onlara yalan deyilmişdir. Həmin vaxt yardımımız onlara yetişdi. İstədiyimiz kəslər nicat tapdı. Amma əzabımız günahkar qövm üzərindən götürülməz.
  111. Həqiqətən, onların əhvalatında düşüncə sahibləri üçün ibrət var. Bu, uydurulmuş bir söz deyil, əksinə ondan əvvəl gələni, hər şeyi aydınladanı, iman gətirənlər üçün hidayət və rəhmət olanı (səmavi kitabı) təsdiq edəndir.