13.Rəd surəsinin tərcüməsi

13.Rəd surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Rə’d surəsi

(Məkkədə nazil olmuşdur, 43 ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə

  1. Əlif, lam, mim, ra. O, (səmavi) kitabın ayələridir. Rəbbin tərəfindən sənə nazil olan haqdır. Amma xalqın çoxu iman gətirməz.
  2. Səmaları görə bilməyəcəyiniz sütunlarla ucaldan, ərşə hakim olan, hər biri müəyyən zamanadək dövr edən günəşi və ayı tabe edən Allahdır. O, tədbir tökür, Öz ayələrini aşkar bəyan edir ki, bəlkə Rəbbinizlə görüşə əminliyə çatasınız.
  3. Yeri döşəyən, onda dağlar və çaylar qərar verən, hər meyvədən cüt (erkək-dişi) halda müəyyənləşdirən Allah Odur. O, gündüzü gecə ilə örtər. Şübhəsiz, bu işdə düşünən insan üçün nişanələr var.
  4. Yer üzündə bir-birinə yaxın qitələr, hamısı eyni bir su ilə suvarılan, növbənöv üzümü olan bağlar, əkinəcəklər, oxşar və oxşar olmayan xurma bağları vardır. Yemək üçün bəzi meyvələri bəzilərindən üstün etdik. Həqiqətən, bunda düşünən insanlar üçün qəti dəlillər var.
  5. Əgər təəccüb edirsənsə, təəccüblü onların sözləridir. (Deyirlər ki,) torpaq olduqdan sonra yenidənmi yaradılacağıq? Onlar Rəbbinə küfr edən kəslərdir. Onlardır boyunlarında zəncir olanlar, onlardır əbədi qalacaqları oda həmdəm olanlar.
  6. Rəhmət və yaxşılıqdan öncə səndən tələsərək əzab və pislik istəyirlər. Halbuki onlardan öncə əzablar mövcud olmuşdur. Həqiqətən, Rəbbin xalqın bütün zülmlərinə baxmayaraq onlara qarşı mərhəmətlidir. Şübhəsiz, Rəbbin ağır cəzalandırandır.
  7. Küfr edənlər deyirlər: «Nə üçün Rəbbi tərəfindən ona dəlil nazil olmayıb?» (Ey peyğəmbər,) sən yalnız qorxudansan və hər bir qövm üçün yol göstərən var.
  8. Allah hər bir dişinin (qarnında) daşıdığını, bətnlərin cəzb etdiyini (nütfə kimi), onların artırdıqlarını (cəzb mərhələsindən sonra) bilir. Onun yanında hər şeyin miqdar və ölçüsü var.
  9. O, qeyb və aşkardan agahdır, böyük və uca mərtəbəlidir.
  10. Sizlərdən birinin gizli, birinin aşkar danışması, birinin gecədə gizlənməsi, digərinin gündüz aşkar hərəkət etməsi Onun üçün eynidir.
  11. İnsan üçün onu öndən və arxadan ardıcıl olaraq Allahın əmrindən hifz edən mələklər var. Həqiqətən, bir qövm öz halını dəyişməyincə Allah o qövmün halını dəyişməz. Allah bir qövmə zərər istəsə, onun üçün heç bir dönüş yoxdur. Ondan başqa qarşısında heç bir dost, hami yoxdur.
  12. Qorxu və ümid üçün sizə şimşəyi göstərən və ağır buludlar yaradan Odur.
  13. Göy gurultusu Ona sitayişlə və mələklər Onun qorxusundan təsbih, tərif deyir. O, şimşəyi endirir ki, istədiyinə zərbə vursun. Halbuki, onlar Allah barəsində höcətləşirlər və O, (Allah) ağır cəza verəndir.
  14. Yalnız Onu çağırmaq haqdır. Ondan başqa çağırdıqları onlara heç bir cavab verməz. Onların vəziyyəti ağzına su çatdırmaq üçün əlini suya doğru açan kəsin vəziyyəti kimidir. Kafirlərin dua və istəkləri azğınlıqdan başqa bir şey deyil.
  15. Göylərdə və yerdə olan hər kəs istər-istəməz öz kölgəsi ilə Allaha səcdə edir.
  16. De ki, göylərin və yerin Rəbbi kimdir? De ki, Allahdır. De ki, bəs nə üçün Ondan qeyrilərini hami götürmüsünüz? De ki, görməyənlə görən bir-birinə bərabərdirmi? Məgər qaranlıqlar və aydınlıqlar eynidirmi? Yoxsa Allaha Onun kimi yaradan və yaratdığı onlara oxşar görünən şəriklərmi qərar verdilər? De ki, Allah hər şeyin xaliqidir və Odur yeganə qalib.
  17. Allah səmadan su nazil etdi, çaylar (hövzələr) öz tutumunca dolub daşdı, sel özü ilə köpük apardı. Zinət və ya bir əşya düzəltmək üçün odda əritdiklərindən selin köpüyü kimi köpük yarandı. Allah haqqı batildən bu sayaq ayırır. Köpük kənara çəkildi, xalq üçün faydalı olan isə yerdə qaldı. Allah bu sayaq misallar çəkər.
  18. Rəbbini eşidən kəslər üçün ən yaxşı mükafat var. Amma Onun dəvətini qəbul etməyənlər bütün yer üzündə olana və onun oxşarına malik olsaydılar, bütün bunları (əzabdan qurtarmaq üçün) şübhəsiz, fidyə verərdilər. Onlar üçün çətin hesab var, onların yeri cəhənnəmdir. Necə də pis yerdir!
  19. Məgər Rəbbin tərəfindən sənə nazil olanın haqq olduğunu bilənlə görməyən kəs eynidirmi? Həqiqətən, yalnız düşüncə sahibləri öyüd götürür.
  20. (Düşüncə sahibləri) ilahi əhdə vəfa qılan və əhdi pozmayan kəslərdir.
  21. (Düşüncə sahibləri) Allahın əmri ilə birləşməli olanları birləşdirən, Rəbbinin hüzurunda və sorğu-sualın çətinliyindən qorxan kəslərdir.
  22. Düşüncə sahibləri Rəbbinin diqqətini cəlb etmək üçün səbir edən, namazı bərpa edən, verdiyimiz ruzidən gizlində və aşkarda infaq edən, pisliyi yaxşılıqla paka çıxaran kəslərdir. Axirət sarayı onlara məxsusdur.
  23. Özlərinin, saleh ataları, zövcələri və övladlarından hər kəsin daxil olacağı əbədi bağlar var. Mələklər hər bir qapıdan (təbrik üçün) onların yanına gələr.
  24. (Mələklər behişt əhli ilə görüşən zaman onlara deyərlər:) səbir etdiyinizə görə sizə salam olsun. Axirət evi necə də gözəldir!
  25. (Birinci dəstə ilə yanaşı) Allahla möhkəm əhddən sonra onu pozanlar, Allah tərəfindən birləşdirilməsi əmr olunanı qıranlar, yer üzündə fəsad törədənlər var. Onlar üçün lənət və pis mənzil var.
  26. Allah istədiyi kəsin ruzisini artırar və ya əskildər. (İnsanlar) dünya həyatına heyrandırlar. Halbuki dünya həyatı axirətlə müqayisədə bir dəfə kam almaqdan başqa bir şey deyil.
  27. Kafirlər deyirlər: «Nə üçün Rəbbi tərəfindən ona (biz istədiyimiz) möcüzə nazil olmayıb?» De ki, həqiqətən, Allah istədiyiin azdırar, Ona üz tutub tövbə edəni Özünə doğru hidayət edər.
  28. (Hidayət olanlar) o kəslərdirlər ki, iman gətirmiş və qəlbləri Allahın zikri ilə aramlıq tapmışdır. Bilin ki, yalnız Allahın zikri ilə qəlblər aramlaşır.
  29. İman gətirib saleh işlər görənlərin xoş halına! Onların gözəl aqibəti var.
  30. Bu sayaq Biz səni özündən əvvəl ümmətlər ötüb getmiş bir ümmət arasında peyğəmbərliyə göndərdik. Sənə vəhy etdiyimizi onlara tilavət etməlisən. Onlar Rəhman Allaha küfr edərlərsə, de ki, O mənim Rəbbimdir, Ondan başqa məbud yoxdur, yalnız Ona təvəkkül etmişəm, qayıdışım da yalnız Ona doğrudur.
  31. Əgər Quran vasitəsi ilə dağlar hərəkətə gəlsə, torpaq parça-parça olsa, Onun vasitəsi ilə ölülər dilə gəlsə (yenə iman gətirməzlər). Bütün işlər Allahın əlindədir. Məgər möminlər (daşqəlblilikdən) məyus olmayıblarmı?! Əgər Allah istəsəydi, hökmən bütün xalqı yola gətirərdi və küfr edənlərə gördükləri işin cəzası olaraq daim sarsıdıcı müsibət yetirərdi. Ya da Allahın vədi gəlib çatınca həmin müsibət onların evlərinin kənarına nazil olardı. Həqiqətən, Allah Öz vədinə xilaf çıxmaz.
  32. Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza olundu. Amma Mən küfr edənlərə möhlət verdim. Sonra onları (qəzəbimlə) yaxaladım. Gör Mənim cəzam necə oldu!
  33. Görən, hər kəsə, onun əməlinə hakim və nəzarətçi olan (ibadətə layiqdir, yoxsa qurama bütlər?) Onlar Allaha şəriklər qoşdular. De ki, onların adını çəkin. Allaha yer üzündə Onun tanımadığı şəriklərdənmi xəbər verirsiniz? Yoxsa boş sözlər (danışırsınız?) Ola bilsin ki, küfr edənlər üçün onların məkrləri zinətli göstərilmişdir və (haqq) yoldan uzaqlaşdırılmışlar. Allahın azdırdığı kəs üçün heç bir yol göstərən yoxdur.
  34. Onlar üçün dünya həyatında əzab var. Şübhəsiz, axirət əzabı daha ağırdır və Allahın qarşısında onları hifz edəcək kimsə yoxdur.
  35. Müttəqilərə (təqvalılara, pəhrizkarlara) vəd olunmuş behişt (elədir ki,) altından çaylar axır. (Bu bağların) meyvələri və kölgəsi daimidir. Budur təqva yolunu seçən insanların aqibəti! Kafirlərin sonu oddur.
  36. Kitab verdiyimiz kəslər sənə nazil etdiyimizə sevinərlər. Bəzi dəstələrdə elələri var ki, onun (Quranın) bir hissəsini inkar edirlər. De ki, həqiqətən, mənə Allaha pərəstiş etmək və şərik qoşmamaq əmr olunub. Yalnız Ona doğru dəvət edirəm və qayıdışımız Ona doğrudur.
  37. Bu sayaq Biz onu aydın hökm surətində ərəbcə nazil etdik. Şübhəsiz, sənə çatan bilikdən sonra onların həvəslərinə tabe olsan, Allah qarşısında heç bir yardımçın və hifz edənin yoxdur.
  38. Əlbəttə, Biz səndən öncə (də) peyğəmbərlər göndərmişik. Onlar üçün zövcələr və övladlar qərar verdik. Bütün peyğəmbərlər yalnız Allahın izni ilə möcüzə gətirirlər. Hər bir zaman və dövr üçün kitab var.
  39. Allah istədiyini məhv, istədiyini isbat edir. “Ummul-kitab” (“Kitab anası”) yalnız Ona məxsusdur.
  40. Ey peyğəmbər, işin nəticəsini görmək fikrində olma, çünki onlara vəd etdiyimizin bir hissəsini sənə göstərsək də, ya səni dünyadan aparsaq da, (bil ki, Biz Öz vədlərimizi yerinə yetirəcəyik). Beləcə, sənin vəzifən yalnız təbliğdir. Hesab çəkmək yalnız Bizim işimizdir.
  41. (Hamının hesabı Bizim öhdəmizədir və Biz sürətlə hesab çəkəcəyik.) Məgər görmədinmi, Biz torpağın sorağınca gəlir və daim tərəflərindən onu əskildirik?! Allah hökm edir və Onun hökmünü dəyişən kəs yoxdur. O hamı ilə tez hesab çəkər.
  42. Əlbəttə, onlardan əvvəlkilər məkr işlətdilər. (Bunun faydası olmadı, çünki) bütün tədbirlər və məkrlər Allahın ixtiyarındadır. O kimin nə kəsb etdiyini bilir və kafirlər tezliklə biləcəklər ki, axirət evi kimindir.
  43. Küfr edənlər deyirlər: «Sən Allahın rəsulu deyilsən.» De ki, Allahım və kitab elmi olan kəsin şahidliyi mənimlə sizin aranızda kafidir.