15.Hicr surəsinin tərcüməsi

15.Hicr surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hicr surəsi

(Məkkədə nazil olmuşdur, 99 ayədir)

Bağışlayan və mehriban Allahın adı ilə

  1. Əlif, lam, ra; odur kitabın ayələri, aydın və aydınladan Quran.
  2. Nə çoxdur küfr etmiş kəslər ki, müsəlman olmalarını arzu edərlər.
  3. Onları rahat burax ki, yeyib-içsinlər, bəhrələnsinlər, arzuları başlarını qatsın. Tezliklə (biganəliklərinin nəticəsini) anlayacaqlar.
  4. Yazısı məlum olmamış (əcəli çatmamış) heç bir məntəqə əhlini həlak etmədik.
  5. Heç bir ümmət öz əcəlindən nə qabağa düşə bilər, nə də arxada qala bilər.
  6. Kafirlər dedilər: “Ey zikr nazil olan kəs! Həqiqətən sən divanəsən.
  7. Əgər doğru danışanlardansansa, nə üçün mələkləri yanımıza gətirmirsən?
  8. Biz mələkləri yalnız haqq olaraq göndəririk və o halda artıq kafirlərə möhlət verilməz. (Allahın qəzəbi onları dərhal yaxalayar.)
  9. Həqiqətən, Biz Özümüz Quranı nazil etdik və şübhəsiz, Biz onu qoruyarıq.
  10. Həqiqətən, Biz səndən öncə keçmiş qövmlərə (peyğəmbərlər) göndərdik.
  11. Onlar üçün elə peyğəmbər gəlmədi ki, ona istehza etməmiş olsunlar.

12,13. Bu sayaq (höccəti tamamlamaq üçün Quranı) günahkarların qəlbinə yeridirik. (Amma) onlar buna iman gətirmirlər. Qədim kafirlərin də sünnə və yolu belə olmuşdur.

14,15. Əgər onların üzünə göydən bir qapı açsaq ki, durmadan onunla yuxarı qalxsınlar, şübhəsiz, deyərlər ki, həqiqətən, bizim gözümüz bağlanıb, bəlkə də sehrlənmiş bir qövmük.

  1. Həqiqətən, Biz səmada bürclər yaratdıq və onları baxanlar üçün zinət qərar verdik.
  2. Onları hər qovulmuş şeytandan hifz etdik.
  3. Yalnız oğurluq qulaq asan istisnadır ki, onu da aşkar bir şəhab (ulduz) təqib edər.
  4. Yer üzünü döşədik, onda möhkəm dağlar qərar verdik. Hər şeydən ölçülmüş və qədərincə yetişdirdik.
  5. Orada sizin və ruzi verəni olmadığınız (kəs) üçün yaşayış vasitəsi qərar verdik.
  6. Mənbə və xəzinəsi Bizdə olmayan heç nə yoxdur. Biz müəyyən miqdardan artıq göndərmirik.
  7. Küləkləri (buludları və bitkiləri) bara gətirmək üçün göndərdik. Səmadan su nazil etdik. Beləcə, yağışın xəzinədarı olmadığınız və onu ehtiyat üçün saxlaya bilmədiyiniz halda sizi onunla sirab etdik.
  8. Əlbəttə, bu Bizik ki, dirildirik və öldürürük. Bu Bizik ki, (hamı öləndən sonra) varis oluruq.
  9. Şəksiz, Biz sizdən olan əvvəlkiləri bilirik və gələcəkdəkilərdən də agahıq.
  10. Həqiqətən, onların hamısını məhşur edəcək kəs, sənin Rəbbindir. Çünki O, hikmət sahibidir və biləndir.
  11. Həqiqətən, Biz insanı quru, dəyişmiş və qoxumuş qara gildən (torpaqdan) yaratdıq.
  12. İnsandan öncə yandırıcı və öldürücü oddan cini yaratdıq.
  13. (Yada sal) o vaxt ki, Rəbbin mələklərə dedi: “Həqiqətən, Mən qara, quru və pis qoxulu gildən bəşər xəlq edərəm.
  14. Bunu biçimli və möhkəm düzəldib Öz ruhumdan üfürəndə ona səcdə edin.
  15. Mələklər hamılıqla səcdə etdilər.
  16. Yalnız İblis səcdə edənlərlə olmaqdan çəkindi.
  17. (Allah) buyurdu: “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə deyilsən?
  18. (İblis) dedi: “Mən quru, qara və pis qoxulu gildən yaratdığın bəşərə səcdə edəsi deyiləm.

34,35. (Allah) buyurdu: “Elə isə, mələklər cərgəsindən xaric ol. Həqiqətən, sən qovulmuş və rədd olunmuşsan. Şübhəsiz, qiyamət gününədək sənə lənət olacaq.

36,37. (İblis) dedi: “Pərvərdigara! Mənə xalq (qiyamətdə) ayağa qaldırılana qədər möhlət ver. (Allah) buyurdu: “Həqiqətən, sən möhlət alanlardansan.

  1. (Amma qiyamət gününədək yox,) məlum bir günədək.
  2. (İblis) dedi: “Pərvərdigara! Məni azdırdığın üçün mən də yer üzündə onlara (pislikləri) cilvələndirərəm və hamını aldadaram.
  3. Yalnız ixlaslı (xalis) bəndələrindən başqa!
  4. (Allah) buyurdu: “Bu, (ixlaslıların qurtuluşu) Öz öhdəmdə olan doğru bir yoldur.
  5. Həqiqətən, sənə tabe olan azğınlar istisna olmaqla, Mənim bəndələrim üzərində hökmün yoxdur.
  6. Əlbəttə, cəhənnəm onların hamısına vəd olunmuş yerdir.
  7. Onun (cəhənnəmin) yeddi qapısı var. Hər qapı üçün azğınlardan bir hissəsi ayrılmışdır.

45,46. Həqiqətən, müttəqilər (təqvalılar) bağlarda və çeşmə başındadırlar. (Onlara xitab olunar:) Salamatlıq və əmin-amanlıqla bağlara daxil olun.

  1. Biz onların qəlblərindəki hər növ kini çıxarıb atdıq. (Nəticədə) taxtlarda qardaşcasına üzbəüz əyləşərlər.
  2. Orada onlara heç bir əziyyət verilməz, oradan çıxarılası deyillər.
  3. (Ey peyğəmbər,) bəndələrimə bildir ki, həqiqətən, Mən Özüm çox bağışlayan və mehribanam.
  4. Əlbəttə ki, Mənim əzabım da dərdli bir əzabdır.

51,52,53. Onlara İbrahimin qonaqları haqqında xəbər ver. Onun yanına gəlib salam verdikləri vaxt İbrahim dedi: “Həqiqətən, biz sizdən qorxuruq.” Dedilər: “Qorxma, biz səni bilikli olan oğul övladla müjdələyirik.

  1. İbrahim dedi: “Qocalıq gəlib çatdığı vaxt mənə belə bir müjdəmi verirsiniz?” Gör nə ilə müjdə verirsiniz?!
  2. (Qonaqlar) dedilər: “Biz səni haqq olaraq müjdələyirik. Ümidini itirənlərdən olma.
  3. «(İbrahim) dedi: “Azğınlardan savay Rəbbinin rəhmətindən kim məyus olar?!”
  4. Sonra İbrahim dedi: “Ey (ilahi) elçiləri, sizin işiniz nədir?
  5. Dedilər: “Biz günahkar bir qövmə doğru göndərilmişik (onları həlak etməliyik).
  6. Yalnız Lut ailəsi istisnadır. Biz hökmən onların hamısını fəlakətdən xilas edərik.
  7. Yalnız (Lutun) zövcəsi istisnadır. Biz təqdir etmişik ki, o, (əzabda) qalanlardan olsun.

61,62. Elə ki, (ilahi) mələklər Lut ailəsinin sorağına gəldilər, (Lut) dedi: “Siz tanış olmayan bir qövmsünüz.

63,64. (Mələklər) dedilər: “Əslində biz sənə onların şübhə etdiklərini gətirmişik. Biz haqq olaraq sənin yanına gəlmişik və şübhəsiz, doğru danışanlardanıq.

  1. Gecənin bir vaxtı ailəni hərəkət etdir və özün onların arxasınca get. Heç biriniz (arxaya) baxmayın, əmr olunan yerə gedin.
  2. Bu qəti əmri Luta çatdırdıq: Sübh çağı bu qrupun kökü kəsilər.
  3. Şəhər əhli (Lutun qonaqlarına hücum üçün) şadlıq içində gəldi.

68,69. Lut dedi: “Həqiqətən, bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin. Allahdan qorxun və məni alçaltmayın.

  1. (Günahkarlar) dedilər: “Məgər biz sənə xalqı (qorumağı, qonaq saxlamağı) qadağan etmədikmi?!
  2. (Lut) dedi: “Əgər sizin bir məqsədiniz varsa, onlar mənim qızlarımdır. (Onlarla evlənin və həmcinsbazlıqdan çəkinin.)
  3. (Ey peyğəmbər,) canına and olsun ki, onlar öz məstlikləri içində çaşıb qalmışdılar.
  4. Beləcə, günəş doğan vaxt öldürücü səs onları bürüdü.
  5. Həmin şəhəri alt-üst etdik, başlarına bərk gil daşlar yağdırdıq.
  6. Həqiqətən, bu əhvalatda işarəni anlayanlar və itigözlər üçün aydın nişanələr var.

76,77. O məmləkət (viranlıqları) yol kənarında qərar tutub. Həqiqətən, bu macərada möminlər üçün aydın nişanələr var.

  1. Həqiqətən, Əykə məmləkətinin əhli sitəmkar idi.
  2. Belə ki, onlardan intiqam aldıq. Həqiqətən, (viran olmuş) bu iki məntəqə gözləriniz qarşısında aşkardır.
  3. Həqiqətən, Hicr əhli (Səmud qövmü) də peyğəmbərləri təkzib etdilər.

81,82,83. Biz Öz nişanələrimizi onlara göstərdik, amma onlar Bizim nişanələrimizdən üz çevirdilər. Onlar dağların qoynunda əmin-aman evlər yonub düzəltdilər. (Amma sonda) sübh çağı ölümcül səs onları yaxaladı.

  1. Əldə etdikləri karlarına gəlmədi.
  2. Biz göyləri və yeri, onların arasında olanı yalnız haqq olaraq yaratdıq. Şübhəsiz, qiyamət saatı çatasıdır. Beləsə, (büdrəmələrə) yaxşıca göz yum.
  3. Həqiqətən, sənin Rəbbin yaradan və biləndir.
  4. Həqiqətən, Biz sənə təkrarlanan yeddi ayəni (“Həmd” surəsini) və böyük Quranı verdik.
  5. (Ey peyğəmbər!) Kafirlərdən olan qruplar üçün ləzzət qərar verdiyimiz şeyə göz dikmə, onlara görə qəm yemə, möminlərə məhəbbət ağuşunu aç.
  6. De ki, mən, həqiqətən, aşkar qorxudanam.

90,91. İlahi ayələri parçalayanlara göndərdiyimiz kimi (onlara da əzab göndərərik). Onlar ki, Quranı parça-parça etdilər! (Xeyirlərinə olanı qəbul edib, qalanını boşladılar).

  1. And olsun Rəbbinə, (qiyamət günü) Biz onların hər birini sorğuya çəkəcəyik.
  2. Gördükləri iş haqqında (soruşulacaq).

94,95. Sənə əmr olunanı bəyan et və müşriklərdən üz döndər (onlara etina göstərmə). Həqiqətən, Biz səni istehza edənlərdən (onların şərindən) qorumaq üçün bəsik.

  1. Allahla yanaşı başqa məbud qərar verənlər tezliklə həqiqəti anlayacaqlar.
  2. (Ey Peyğəmbər!) Əlbəttə, Biz bilirik ki, onların dedikləri (sözlər) sənin köksünü sıxır.
  3. (Güc tapmaq üçün) Rəbbini pak bilərək həmd-səna ilə yad et və səcdə edənlərdən ol.
  4. Yəqinə (ölümə) çatanadək Rəbbinə pərəstiş et.