14.İbrahim surəsinin tərcüməsi

14.İbrahim surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İbrahim surəsi

(Məkkədə nazil olmuşdur, 52 ayədir)

Bağışlayan və mehriban Allahın adı ilə

  1. Əlif, lam, ra. (Bu,) xalqı Rəbbinin izni ilə zülmətlərdən nura, qüvvət sahibi olan, həmd-sənaya layiq Allaha doğru yönəltməyin üçün sənə nazil etdiyimiz bir kitabdır.
  2. Bir Allah ki, göylərdə və yerdə olan Onundur. Şiddətli əzaba görə vay kafirlərin halına!
  3. (Kafirlər) o kəslərdir ki, dünya həyatını axirət həyatından üstün tutur, (xalqı) Allah yolundan çəkindirir, azdırmaq istəyirlər. Onlar dərin bir azğınlıq içindədir.
  4. Bütün peyğəmbərləri öz qövmünün dilində danışan (halda) göndərdik ki, xalq üçün bəyan edə bilsin. Allah istədiyini (ləyaqətsizi) azdırar, istədiyini (ləyaqətlini) hidayət edər. Odur qüvvə və hikmət sahibi.
  5. Həqiqətən, Musanı möcüzələrlə göndərdik (və ona dedik:) qövmünü zülmətlərdən nura çıxar, Allahın günlərini onlara xatırlat. Həqiqətən, bu işdə səbri, müqaviməti və şükrü çox olanlar üçün ilahi qüdrət nişanələri var.
  6. (Yada sal) o zaman ki, Musa öz qövmünə dedi: “Allahın sizə verdiyi neməti yada salın. Bir vaxt fironçular sizə ən pis əzab verdiyi, oğlanlarınızın başını kəsdiyi, qadınlarınızı (kənizlik üçün) sağ saxladığı zaman (Allah) sizi onların əlindən xilas etdi. Bu işlərdə Rəbbiniz tərəfindən böyük sınaq vardı.
  7. (Xatırla) o zaman ki, Rəbbiniz elan etdi: Həqiqətən, əgər şükür etsəniz, hökmən sizin üçün artırarıq. Əgər nankorluq etsəniz, həqiqətən, Mənim əzabım ağırdır.
  8. Musa (Bəni-İsrailə) dedi: “Əgər siz və yer üzünün bütün sakinləri küfr etsəniz (Allaha bir ziyan toxunmaz), çünki Allah (zatən) ehtiyacsızdır və sitayişə layiqdir.
  9. Sizdən əvvəlki Nuh, Ad, Səmud qövmlərinin və onlardan sonrakı qövmlərin xəbəri sizə çatmayıbmı? Onlardan yalnız Allah xəbərdardır. Peyğəmbərləri onların sorağına möcüzələrlə gəldi. Amma onlar əllərini ağızlarına tutub («susun!» işarəsi verməklə) deyirdilər: “Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdiyiniz şeyə qarşı şəkk-şübhə içindəyik.
  10. Peyğəmbərləri (cavab olaraq) dedilər: “Allaha – göylərin və yerin yaradanına şəkmi var?! (Belə bir əzəmətə malik olan varlığın xaliqə ehtiyacı yoxdurmu?) O sizi (haqqa) dəvət edir ki, günahlarınızdan keçsin, müəyyən günədək sizə möhlət versin.” (Kafirlər) dedilər: “Siz bizdən fərqli insan deyilsiniz (heç bir imtiyazınız yoxdur). Siz bizi babalarımızın pərəstiş etdiyindən uzaqlaşdırmaq istəyirsiniz. (Əgər belə deyilsə,) bizə aşkar dəlil və möcüzə gətirin.
  11. Peyğəmbərləri onlara cavab olaraq dedilər: “(Bəli,) biz sizdən fərqli bəşər deyilik. Amma Allah Öz bəndələrindən istədiyinə minnət qoyur (və onu peyğəmbər seçir). Allahın izni olmadan sizə möcüzə gətirmək bizim işimiz deyil. Belə isə, möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
  12. Allah bizi (səadət) yollarımıza hidayət etdiyi vaxt nə üçün Ona təvəkkül etməyək?! Şübhəsiz, bizə rəva bildiyiniz hər bir əziyyətə qarşı müqavimət göstərəcəyik. Təvvəkül əhli yalnız Allaha təvəkkül etməlidir.
  13. Kafirlər öz peyğəmbərlərinə dedilər: «Biz, şübhəsiz, dinimizi qəbul etməsəniz, sizi öz torpağımızdan çıxararıq.» Rəbləri onlara vəhy etdi ki, Biz, hökmən, sitəmkarları məhv edərik.
  14. Həqiqətən, sitəmkarlardan (onların həlakından) sonra sizi həmin torpaqda sakin edəcəyik. Bu Mənim məqamımdan çəkinən, vədimdən qorxanlar üçündür.
  15. (Peyğəmbərlər və möminlər) fəth və qələbə intizarında idilər. Bütün inadkar zalımlar isə məhrum oldular.
  16. Bunların (inadkar zalımların) aqibəti cəhənnəmdir və onlara qoxumuş, çirkin su içirilər.
  17. Onu (çirkin suyu) qurtum-qurtum içər. Halbuki onu içmək ləzzətli deyil. Hər tərəfdən sorağına ölüm gələr, amma o öləsi deyil. Ondan sonra şiddətli əzab var.
  18. Allaha qarşı küfr edənlər (onların əməlləri) tufanlı bir gündə bərk küləyin sovurduğu külə bənzəyir. Onlar əldə etdiklərinin bir zərrəsini belə qorumağa qadir deyillər. Bu həmin uzaq və dərin azğınlıqdır.
  19. Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmədinmi? Əgər istəsə, sizi aparar və (yerinizə) yeni bir xalq gətirər.
  20. Bu (dəyişiklik) Allah üçün çətin deyil.
  21. (Qiyamət günü xalq) hamılıqla Allahın hüzurunda zahir olar. Zəiflər təkəbbürlülərə deyərlər: “Biz (dünyada) sizə tabe idik. (Bu gün) Allahın əzabından bir şeyi bizdən uzaqlaşdıra bilərsinizmi?” (Onlar cavab olaraq) deyərlər: “Əgər Allah bizi əzabdan qurtuluşa yönəltsə, hökmən biz sizi doğru yola çəkərik. Bizim üçün fəryad çəkməklə səbir etmək arasında fərq yoxdur. Bizim üçün heç bir xilas yolu mövcud deyil.
  22. Mükafat və cəza başa çatdıqdan sonra (şeytan) cəhənnəm əhlinə (məzəmmətlə) deyər: “Həqiqətən, Allah sizə doğru vəd verdi, mən isə sizə verdiyim vədə xilaf çıxdım. Mən sizə hakim deyildim. Yalnız sizi dəvət etdim və siz qəbul etdiniz. Belə isə məni yox, özünüzü məzəmmət edin. (Bu gün) nə mən sizin dadınıza çatanam, nə də siz mənim dadıma çatansınız. Bundan öncə məni Allaha şərik qoşmağınızdan zara gəlmişəm. Şübhəsiz, zalımlar üçün dərdli əzab var.
  23. İman gətirib saleh işlər görənlər ağacları altından çaylar axan bağlara daxil olarlar. Onlar öz Rəblərinin izni ilə orada həmişəlik qalarlar. Onların bir-birinə xoşgəldini “salam” olar.
  24. Allahın necə məsəl çəkdiyini görmədinmi? Pak, xoş söz kökü möhkəm, budaqları səmada pak bir ağac kimidir.
  25. (Pak ağac) Rəbbinin izni ilə daim meyvə verir. Allah xalq üçün misallar çəkir, ola bilsin ki, yada salıb öyüd götürələr.
  26. Çirkin söz (etiqad) yerdən qoparılmış və heç bir davamı olmayan çirkin ağac kimidir.
  27. Allah dünya və axirətdə iman əhlini sabit sözlə (əqidə ilə) möhkəmləndirər. Allah sitəmkarları (lütfündən məhrum edib özbaşına buraxar,) azdırar. Allah (ədalət və hikmət əsasında) istədiyini edər.
  28. Allahın nemətini küfrə dəyişən və öz qövmünü bədbəxtlik evinə aparan kəsləri gördünmü?
  29. (Onlar) cəhənnəmə daxil olarlar. (Cəhənnəm) necə də pis məkandır.
  30. (Azğın başçılar) Xalqı Allahın yolundan yayındırmaq üçün Ona şəriklər qoşdular. Kam alın, şübhəsiz, işinizin sonu oddur.
  31. (Ey peyğəmbər,) mənim iman gətirmiş bəndələrimə de ki, heç bir alış-verişin və dostluğun olmayacağı gün çatmamış namazı bərpa etsinlər, onlara verdiyim ruzidən gizlində və aşkarda infaq etsinlər.
  32. Göyləri və yeri yaradan, səmadan su nazil edən, onunla sizə ruzi üçün meyvələr yetişdirən, əmri ilə dənizdə hərəkət etməyiniz üçün gəmiləri sizə ram edən, çayları ixtiyarınızda qoyan Allahdır.
  33. (Allah) daim hərəkətdə olan günəş və ayı, eləcə də, gecə və gündüzü sizin üçün ram etdi.
  34. Allah Ondan istədiyiniz hər şeyi vermişdir. Allahın nemətlərini saysanız, onları diqqətlə hesaba ala bilməzsiniz. Həqiqətən, insan çox sitəmkar və nankordur.
  35. (Xatırla) o zaman ki, İbrahim dedi: Pərvərdigara! Bu şəhəri (Məkkəni) əmin-aman qərar ver, məni və övladlarımı bütlərə pərəstişdən uzaq et.
  36. Pərvərdigara! Həqiqətən, bütlər insanların çoxunu azdırmışdır. Mənə itaət edən, şübhəsiz, məndəndir. Mənə müxalif olan (bilsin ki, tövbə etsə) həqiqətən, Sən bağışlayan və mehribansan.
  37. Pərvərdigara! Mən öz övladlarımdan (birini) otsuz vadidə, Sənin evinin kənarında sakin etdim. Pərvərdigara! (Belə etdim ki,) namazı bərpa etsinlər. İnsanların bir dəstəsinin qəlbini onlara doğru meyilləndir. Onlara meyvələrindən ruzi ver ki, bəlkə şükür edələr.
  38. Pərvərdigara! Həqiqətən, Sən bizim gizli və aşkar işlərimizi bilirsən. Yerdə və göydə Allaha gizli bir iş yoxdur.
  39. Qoca vaxtımda İsmail və İshaqı mənə əta etmiş Allaha həmd olsun. Şübhəsiz, Rəbbim duaları eşidəndir.
  40. Pərvərdigara! Məni və nəslimdən olanları namazı bərpa edənlərdən qərar ver. Pərvərdigara! Mənim duamı qəbul et.
  41. Pərvərdigara! Hesab bərpa olacaq gün məni, ata-anamı və möminləri bağışla.
  42. Elə düşünmə ki, Allah sitəmkarların gördüyü işdən xəbərsizdir. Həqiqətən, O belələrinin hesabını gözlərinin bərələcəyi günədək təxirə salır.
  43. (Elə bir gün ki, günahkarlar dəhşətdən) başlarını qaldırıb durar, gözlərini qırpa bilməzlər. Onların qəlbi boşdur (ümidsizdirlər).
  44. Xalqı əzab soraqlarına gələcək günlə qorxut. Zülm edənlər deyəcək: “Pərvərdigara! Bizə qısa bir müddət möhlət ver ki, dəvətini qəbul edək, peyğəmbərlərinə tabe olaq.” (Onlara deyilər:) Bundan öncə and içib zavala gəlməyəcəyini deyən siz deyildinizmi?
  45. Özünə sitəm qılanların məskənlərində də oldunuz. Onlarla necə rəftar etdiyimiz sizə aydın oldu. Hələ sizin üçün məsəllər də çəkdik. (Nə üçün ibrət götürmədiniz?)
  46. Həqiqətən, onlar bütün hiylələrini işə saldılar. Amma onların məkr və hiyləsi Allaha məlumdur. Onların məkri ilə dağlar yerindən qopan deyil.
  47. Düşünməyin ki, Allah peyğəmbərlərinə verdiyi vədə xilaf çıxar. Şübhəsiz, Allah yenilməzdir və intiqam sahibidir.
  48. (Qiyamət) Elə bir gündür ki, yer başqa bir yerlə, səmalar başqa səmalarla əvəz olar və hamı yeganə, qalib Allahın hüzurunda dayanar.
  49. Həmin gün günahkarların buxov və zəncirlərlə bir-birinə bağlandığını görərsən.
  50. Onların libasları qətrandır və üzlərini atəş bürümüşdür.
  51. (Günahkarlar cəzalandırılar ki,) Allah hər kəsə gördüyü işin əvəzini versin. Çünki Allah tez hesab çəkəndir.
  52. Bu (Quran) xalq üçün elə bir bildiriş və nəsihətdir ki, onun vasitəsi ilə xəbərdar olsunlar və bilsinlər ki, həqiqətən, O, yeganə məbuddur. Düşüncə sahibləri də öyüd götürsünlər.