16.Nəhl surəsinin tərcüməsi

16.Nəhl surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Nəhl surəsi

(Məkkədə nazil olmuşdur, 128 ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə

  1. Allahın əmri gəldi (tezliklə gələcək). Belə isə ona tələsməyin. O, şərik qoşduğunuz hər şeydən pak və üstündür.
  2. Allah mələkləri əmrindən olan vəhylə bəndələrindən istədiyi kəsə nazil edər: “Xalqa xəbərdarlıq edin ki, Məndən başqa məbud yoxdur, yalnız Məndən çəkinsinlər. (Əmrimə qarşı çıxmasınlar.)
  3. O, göyləri və yeri haqq əsasında yaratdı. O, onların şərik qoşduqlarından üstündür.
  4. O, insanı nütfədən yaratdı. O isə aşkar şəkildə (Allahla) düşmənçilik edir.
  5. O, dördayaqlıları yaratdı. Onlar sizin üçün istilik və bəhrələnmə vasitəsidir, onlardan (ətindən və südündən) yeyirsiniz.
  6. Onları örüşdən gətirməyinizdə və örüşə aparmağınızda sizin üçün ləzzət var.
  7. Onlar sizin yüklərinizi ağır əziyyətsiz çatdıra bilməyəcəyiniz şəhərə daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz rəuf (rəfətli) və mehribandır.
  8. Atları, qatırları və ulaqları sizin süvar olmağınız və sizə zinət üçün yaratdı. O sizin bilmədiyiniz şeylər də yaradır.
  9. Orta yol (doğru yolu göstərmək) Allahın öhdəsinədir. Əyri yollar da var. Allah istəsə hamınızı (məcburi şəkildə) doğru yola yönəldər. (Amma məcburi işin faydası yoxdur. Allahın sünnəsi, qanunu insanları azad buraxmaqdır.)
  10. Sizin üçün səmadan su endirən Odur, içdiyiniz Ondandır. (Heyvanlarınızı) otardığınız otlar da Ondandır.
  11. Allah həmin su vasitəsi ilə sizin üçün əkinəcəklər, zeytun, xurma, üzüm və hər növ meyvə cücərdir. Həqiqətən, düşünən insanlar üçün bu işdə aşkar nişanələr var.
  12. O (Allah) gecə və gündüzü, günəş və ayı sizə xidmət və bəhrə vermək üçün qərarlaşdırdı. Ulduzlar Onun əmri ilə ram olmuşlar. Əlbəttə, bu işdə düşünən qrup üçün Onun qəti nişanələri var.
  13. Yer üzündəki müxtəlif əlvanlıqları da sizin üçün yaratdı. Əlbəttə, bu yaranmışlarda öyüd götürənlər üçün ibrət və aydın nişanələr var.
  14. Dənizdən təzə ət yeməyiniz, taxmaq üçün zinət şeyləri çıxarmağınız üçün onu sizə ram edən Allahdır. Dənizin sinəsini yarıb gəmilərin getdiyini görürsən. (Allah bu cür etdi ki,) Onu fəzl və lütfünü arayasınız və bəlkə, (bundan sonra) şükür edəsiniz.
  15. Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrətməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).
  16. Digər nişanələr (qərar verildi) və onlar ulduzlar vasitəsi ilə yol taparlar.
  17. Məgər yaradan yaratmayan kimidir? Yoxsa öyrənmir, öyüd götürmürsünüz?
  18. Allahın nemətlərini saymaq istəsəniz saya bilməzsiniz. Həqiqətən, Allah bağışlayan və mehribandır.
  19. Allah sizin gizlətdiklərinizi və aşkarladıqlarınızı bilir.
  20. Allahın əvəzində çağırdıqları kəslər heç nə yaratmamışlar və özləri də yaradılmışlar.
  21. Onlar diri yox, ölüdürlər və nə vaxt ayağa qaldırılacaqlarını bilmirlər.
  22. Sizin məbudunuz yeganə məbuddur. Axirətə imanı olmayanların qəlbləri yana çevrilmişdir və onlar təkəbbür əhlidirlər.
  23. Şübhəsiz, Allah onların gizlətdiklərini və aşkarladıqlarını bilir. Həqiqətən, O, təkəbbürlüləri sevmir.
  24. Onlardan “Rəbbiniz nə nazil edib?” soruşulduqda “keçmişlərin əfsanələridir” deyə cavab verərlər.
  25. Onlar qiyamət günü həm öz günah yüklərini bütünlüklə, həm də bilmədən yoldan çıxardıqlarının günah yükünün bir hissəsini çiyinlərinə almalıdırlar. Bilin ki, necə də pis bir yük götürürlər.
  26. Həqiqətən, onlardan əvvəlkilər hiylə qurdular. Allahın qəhr-qəzəbi onların binalarının sütunları sorağına gəldi. Başlarının üzərindəki dam uçub töküldü və ilahi əzab gözləmədikləri yerdən yetişdi.
  27. Allah qiyamət günü onları xar və rüsvay edəcək. O buyurar: “Haqqında höcətləşdiyiniz şəriklərim haradadır?” Alimlər deyər: “Həqiqətən, bu gün zillət və rüsvayçılıq kafirlər üçündür.
  28. Mələklər özlərinə sitəm qılanların canlarını aldıqda onlar itaətlə baş əyər (aldadaraq deyərlər:) “Biz heç bir pis iş görməmişik.” Elə deyil! Şübhəsiz, Allah gördüyünüz işlərdən agahdır.
  29. Əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun. Həqiqətən, təkəbbürlülərin yeri necə də pisdir.
  30. Müttəqilərə deyilir: “Rəbbiniz nə nazil edib?” Deyərlər: “Xeyir (nazil etmişdir).” Yaxşılıq edənlər üçün dünyada yaxşılıq var. Şübhəsiz, axirət evi daha üstündür. Pəhrizkarların yeri necə də yaxşıdır!
  31. (Ağaclarının) altından çaylar axan daimi bağlara (cənnətlərə) daxil olacaqsınız. Onlar üçün orada istədikləri şey mövcuddur. Allah təqva əhlinə bu sayaq mükafat verər.
  32. (Şirk və günah çirkinliyindən) pak olanlara onların canını alan mələklər deyər: “Salam olsun sizə! Gördüyünüz işlərin mükafatı olaraq behiştə daxil olun.
  33. Yoxsa kafirlər (ruhlarını çıxaracaq) mələklərin Rəbbinin əmrinin soraqlarına gəlməsindən başqa bir şeymi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər. Allah onlara zülm etmədi, amma onlar özlərinə zülm edirdilər.
  34. Gördükləri pis işlərin cəzasına çatdılar, məsxərəyə qoyduqları (əzab) onları bürüdü.
  35. Müşriklər dedilər: “Əgər Allah istəsəydi nə biz, nə də bizim atalarımız Ondan qeyrisinə pərəstiş etməz, Onun hökmü olmadan heç nəyi haram saymazdıq.” Onlardan əvvəlkilər də belə rəftar edirdilər. Məgər peyğəmbərlərin aşkar bəyandan savay nə vəzifəsi var?!
  36. Həqiqətən, Biz hər ümmət arasında bir peyğəmbər seçdik ki, (xalqa desin:) «Allaha pərəstiş edin və zalım hakimlərdən, Tağutdan uzaq olun.» Xalqın bir dəstəsi Allah tərəfindən hidayət olunanlardır. Bəziləri isə azğınlığa layiqdir. Yer üzündə səfərə çıxın ki, təkzib edənlərin işinin aqibətini görəsiniz.
  37. (Ey peyğəmbər!) Onların hidayətinə (doğru yola gəlməsinə) hərislik göstərsən də, şübhəsiz, Allah azdırdığı kəsi hidayət etməz. Onlar üçün heç bir yardımçı yoxdur.
  38. Ən şiddətli şəkildə Allaha and içdilər ki, hər kəs ölərsə, Allah onu diriltməyəcək. Bəli, (ölülərin dirildiləcəyi) Allahın haqq vədidir. Amma xalqın çoxu bilməz.
  39. (Ölülərin dirildilməsi) xalqın ixtilafda olduğu məsələni aydınlaşdırmaq və küfr edənlərin özlərinin yalançı olduqlarını bilmələri üçündür.
  40. (Ölüləri diriltmək Bizim üçün çətin deyil, çünki) bir iş görmək istəsək, həqiqətən, həmin iş üçün sözümüz yalnız “ol” deməkdir. O da (yubanmadan) vücuda gələr.
  41. Sitəm gördükdən sonra Allah yolunda hicrət edənlərə, şübhəsiz ki, həmin dünyada gözəl bir məskən verəcəyik. Əgər bilsəydilər, əlbəttə ki, axirət mükafatı daha böyükdür.
  42. (Onlar) Səbir yolunu tutanlar və Rəbblərinə təvəkkül edənlərdir.
  43. Biz səndən öncə də yalnız vəhy etdiyimiz (mələk və ya digər mövcud yox) kişilər göndərdik. (Onlar sənin gəlişinə təəccüb edirlər. Onlara de ki,) əgər (öyrənə) bilmirsinizsə, zikr əhlindən soruşun.
  44. (Biz səndən öncəki peyğəmbərləri) möcüzə və kitabla (göndərdik). Sənə zikri (Quranı) nazil etdik ki, xalq üçün onlara nazil olanı aydın bəyan edəsən. Ola bilsin ki, düşünələr.
  45. Pislikləri hiylə ilə həyata keçirənlər Allahın onları yerə gömməsindən və ya gözləmədikləri yerdən ilahi əzaba düçar olmalarından amandadırlarmı?
  46. Səy göstərdikləri zaman əzabın onları qəfil yaxalamasından qorxmurlarmı? Belə ki, o əzabı uzaqlaşdırmağı bacarmazlar.
  47. Əzab onları təşviş içində olduqları halda yaxalamazmı? Əlbəttə, sizin Rəbbiniz rəuf (rəfətli) və mehribandır.
  48. Allahın yaratdığı şeylərin sağdan və soldan kölgələrinin səcdə edən halda döşəndiyini görmürlərmi?!
  49. Göylərdə və yerdə olan canlılar, həm də mələklər yalnız Allaha səcdə edər və təkəbbür göstərməzlər.
  50. Onlar hakim və əhatə edən Allahdan qorxar, Onun əmrlərini yerinə yetirərlər.
  51. Allah buyurdu: “İki məbud götürməyin. Yalnız Odur yeganə məbud. Belə isə, yalnız Məndən qorxun.
  52. Göylərdə və yerlərdə olan Onundur. Pərəstiş və itaət daim Onun üçündür. Yoxsa Allahdan qeyrisindənmi qorxursunuz?
  53. İxtiyarınızda olan bütün nemətlər Allahdandır. Əgər bir nigarançılıq və ya bəlaya düçar olsanız, yalnız Ona yalvarasınız.
  54. Amma elə ki, Rəbbiniz sizi nigarançılıq və möhnətdən qurtarır, qəfildən bir dəstəniz Ona şərik qoşur. (Başqa səbəbləri və fərdləri bəlanın aradan qaldırılmasında iştirakçı sayır.)
  55. Amma elə ki, Rəbbiniz sizi nigarançılıq və möhnətdən qurtarır, qəfildən bir dəstəniz Ona şərik qoşur. (Başqa səbəbləri və fərdləri bəlanın aradan qaldırılmasında iştirakçı sayır.)
  56. (Müşriklər) onlar üçün müəyyənləşdirdiyimiz ruzi payından heç nə bilməyən bütlər üçün ayırırlar. And olsun Allaha, hökmən iftira yaxdığınız şeylərlə bağlı sorğuya çəkiləcəksiniz.
  57. Onlar Allah üçün qızlar qərar verirlər. (Mələkləri Allahın qızları sayırlar.) Halbuki O (övladı olmaq sifətindən) pakdır. Özlərinə isə istədiklərini (oğlanları aid edirlər).
  58. Həmin müşriklərin birinə qızının olması xəbər verilsə, qəzəbini udduğu halda çöhrəsi qüssədən qaralar.
  59. Ona verilən acı xəbərə görə xalqın arasından çıxıb gizlənər. (Qərara gələ bilməz ki, bu qızı xəcalət içində saxlasın, yoxsa onu torpağa basdırsın? Bilin ki, çox pis mühakimə aparırlar.
  60. Axirətə iman gətirməyənlər üçün pis məsəl var. Ən üstün məsəl Allah üçündür. Qüvvət və hikmət sahibi Odur.
  61. Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlı qalmazdı. Amma onların cəzasını müəyyən vaxtadək təxirə salar. Elə ki, əcəlləri çatdı, onu bir saat sonraya ata bilməz, bir saat irəli çəkə bilməzlər.
  62. Müşriklər özləri üçün bəyənmədiklərini Allaha aid edirlər. Yalan olaraq deyirlər ki, ən gözəl olanlar onlar üçündür. Həqiqətən, onlar üçün olan oddur və onlar (oda doğru) öncüldürlər.
  63. And olsun Allaha, həqiqətən, Biz səndən qabaq da ümmətlərə peyğəmbərlər göndərdik. Şeytan onların (müşriklərin) əməllərini onlara gözəl göstərdi. (Şeytan) bu gün də onların hamisidir. Onlar üçün dərdli əzab var.
  64. Allah səmadan su nazil etdi, onun vasitəsi ilə ölmüş torpağı diriltdi. Əlbəttə bunda eşidənlər üçün aydın nişanələr var.
  65. Şübhəsiz, dördayaqlılarda (davarda) sizin üçün ibrət var. Biz sizi onların içində olan həzm olmuş qida ilə qan arasındakı, içmək üçün dadlı südlə sirab edirik.
  66. Şübhəsiz, dördayaqlılarda (davarda) sizin üçün ibrət var. Biz sizi onların içində olan həzm olmuş qida ilə qan arasındakı, içmək üçün dadlı südlə sirab edirik.
  67. Siz xurma və üzüm ağaclarının meyvəsindən həm içki, həm də gözəl ruzi hazırlayırsınız. Əlbəttə, bu işdə düşünən qövm üçün aydın nişanələr var.
  68. Rəbbin bal arısına vəhy etdi ki, bəzi dağlarda, ağaclarda və insanların tikdiyi örtülü yerlərdə yuva qur.
  69. Sonra bütün meyvələrdən ye, Rəbbinin yolunu mütiliklə adla. Onların (arıların) qarınlarından insanlar üçün şəfa olan rəngarəng maye çıxır. Əlbəttə, bunda (bal arısının həyatında) düşünən insanlar üçün ibrət var.
  70. Allah sizi yaratdı, sonra canınızı alar. Sizdən bəziləri ömrün ən alçaq dövrünə (qocalığa) qaytarılar. Belə ki, bildikdən sonra (bir çox məsələləri unudar və) bir şey bilməz. Əlbəttə, Allah bilən və qüdrətlidir.
  71. Allah ruzi baxımından sizlərdən bəzisini digərlərindən üstün etmişdir. Üstün edilənlər öz ruzilərini tabeçiliklərində olanlara verməzlər ki, hamı bərabər olsun. Yoxsa Allahın nemətini inkar edirsiniz?
  72. Allah sizin üçün öz cinsinizdən zövcələr qərar verdi. Zövcələrinizdən sizin üçün övladlar ərsəyə gətirdi. Pak şeylərdən sizə ruzi verdi. Yoxsa batilə inanır, Allahın nemətlərini inkar edirlər?
  73. Allahın yerinə göylərdə, yerdə heç nəyi olmayan və buna gücü çatmayan bütlərə pərəstiş edirlər.
  74. Bütləri Allaha tay saymayın. Həqiqətən, Allah bilir, siz isə xəbərsizsiniz.
  75. Allah məsəl çəkir: Başqalarının mülkü olan və heç nəyə qüdrəti çatmayan qul ilə öz tərəfimizdən verdiyimiz gözəl ruzini aşkar və məxfi şəkildə infaq edən kəs eyni ola bilərmi? (Əgər sizin üçün qüdrətli insanla zəif insan eyni deyilsə, nə üçün daş və ağacı Allaha bərabər sayırsınız?) Sitayiş Allaha məxsusdur, amma onların çoxu bilməz.
  76. Allah iki kişi haqqında misal çəkir: Onlardan biri heç nəyə qadir olmayan laldır, öz ağasına yükdür, hara göndərirsə, bir fayda vermir. Beləsi ədalət əsasında göstəriş verən, özü doğru yolla gedən kəslə bərabərdirmi?
  77. Göylərin və yerin qeybi Allaha məxsusdur. Qiyamət bir göz qırpımında, ya daha tez bərpa olar. Əlbəttə, Allah hər şeyə qadirdir.
  78. Heç bir şey bilmədiyiniz halda Allah sizi analarınızın bətnindən çıxardı. Sizə qulaq, göz, qəlb verdi ki, bəlkə şükür edəsiniz.
  79. Səmada ram edilmiş (saxlanılmış halda qalan) quşları görmürlərmi? Onları yalnız Allah saxlayır. Əlbəttə, bunda (bu uçuşda) iman gətirənlər üçün aydın nişanələr var.
  80. Allah evlərinizi sizin üçün aramlıq səbəbi qərar verdi. Dördayaqlıların dərilərindən köç günü və dayanış günü sizin üçün yüngül və lətif xeymələr (çadırlar) düzəltdi. Onların yunundan, kürkündən və tüklərindən müəyyən müddət üçün əşyalar və həyat vasitələri hazırladı.
  81. Allah yaratdıqlarından sizin üçün kölgəliklər qərar verdi (“xəlq etdi”). Dağlarda sizin üçün mağaralar hazırladı (“yaratdı”), sizi istidən (və soyuqdan) qoruyan libaslar, bir-birinizin zərbələrindən qoruyan zirehlər düzəltdi (“yaratdı”). Beləcə, (Allah) sizə Öz nemətini tamamladı. Ola bilsin ki, özünüzü Ona təslim edəsiniz.
  82. (Ey peyğəmbər,) əgər üz döndərsələr, sənin vəzifən yalnız açıq-aşkar təbliğdir.
  83. (Onlar) Allahın nemətini tanıyır, sonra Onu inkar edirlər. onların çoxu kafirdirlər.
  84. (Xatırla) o gün ki, hər ümmətdən şahid seçdik. Sonra küfr edənlərə (danışmağa) icazə verilməyəcək. Onlar üzrxahlıq üçün çağırılmayacaqlar.
  85. Zülm-sitəm edənlər əzabı gördükdə nə əzabları azaldılar, nə onlara möhlət verilər.
  86. Şirkə uğrayanlar (uydurduqları) şəriklərini gördükləri vaxt deyərlər: “Pərvərdigara, bunlar sənin yerinə çağırdığımız şəriklərdir.” (Şəriklər dilə gəlib) onların sözlərini özlərinə qaytararlar ki, siz, şübhəsiz, yalançılarsınız.
  87. Belə bir gündə Allahın hüzurunda təslim olaraq boyun əyərlər və toxuduqları yalanlar məhv olar.
  88. Kafir olub xalqı Allahın yolundan çəkindirənlərin davamlı fəsadlarına cəza olaraq əzablarına əzab artırarıq.
  89. (Xatırla) o gün ki, hər ümmət arasında onlara özlərindən olan şahid gətirərik və səni də onlara şahid tutarıq. Sənə hər şeyi aydınladan, müsəlmanlar üçün hidayət, rəhmət və müjdə səbəbi olan bu Kitabı nazil etdik.
  90. Həqiqətən, Allah ədaləti, ehsanı və qohumlara (haqqını) verməyi əmr edib. Allah çirkin, bəyənilməmiş işləri, təcavüzü qadağan edir. O sizə moizə edir. Ola bilsin ki, agah olasınız.
  91. Allahla əhd bağlayanda ona vəfa qılın. Möhkəm and içdikdən sonra onu pozmayın. Çünki Allahı özünüzə vəkil seçmisiniz. Həqiqətən, Allah gördüyünüz işlərdən xəbərdardır.
  92. Toxuduğunu bərkitdikdən sonra tikə-tikə doğrayan qadın kimi olmayın. Bir dəstəni o birisindən çox bilib öz andlarınızı aranızda (yalan və xəyanət üçün) alət edirsiniz. (Zəif dəstə ilə bağladığınız əhdi pozursunuz.) Allah sizi həmin andlarla sınağa çəkər. Şübhəsiz, ixtilafda olduğunuz məsələləri Qiyamətdə sizin üçün aydınlaşdıracaq.
  93. Əgər Allah istəsəydi (hamını məcburi şəkildə) vahid bir ümmət edərdi. Allah istədiyini azdırar (özbaşına buraxar), istədiyini (layiq olanı) hidayət edər. Şübhəsiz, gördüyünüz işlər haqqında sorğuya çəkiləcəksiniz.
  94. Andlarınızı bir-birinizi aldatmaq üçün vasitə etməyin. Məbada möhkəmlənmiş addım büdrəyə. (Bu halda and və əhdin müqəddəsliyi itir.) Xalqı Allahın yolundan döndərdiyiniz üçün pisliyi dadacaqsınız. Sizin üçün böyük əzab var.
  95. Allahla əhdinizi ucuz qiymətə müamilə etməyin. Çünki Allahın yanında olan sizin üçün daha üstündür. Əgər bilsəydiniz!
  96. Sizdə olan bitib-tükənər. Allahın yanında olan isə dayanıqlı və möhkəmdir. Səbir edənlərə, həqiqətən, gördükləri ən yaxşı iş əsasında mükafat verəcəyik.
  97. Kişi, ya qadın – istənilən bir kəs mömin olsa və saleh iş görsə, onu hökmən pak və bəyənilmiş bir həyatla dirildərik. Ona, şübhəsiz, gördüyü işdən üstün muzd verəcəyik.
  98. Quran oxumaq istədiyin vaxt qovulmuş şeytandan (şeytanın şərindən) Allaha pənah apar.
  99. Əlbəttə, iman gətirib Rəbbinə təvəkkül edənlər üzərində şeytanın hakimiyyəti yoxdur.
  100. Şeytan yalnız onun hakimiyyətini qəbul edənlərə hakim olur. Elə insanlar ki, onlar (şeytana aldanmaqla) Allaha şərik qoşmuşlar.
  101. Əgər bir ayəni o biri ayə ilə dəyişsək, Allah nazil etdiyini daha yaxşı bildiyi halda, müxaliflər deyər: “Həqiqətən, sən yalançısan”. Əslində onların çoxu bilmir (ki, qanun əbəs, peşmanlıq, zəiflik və əyləncə üçün yox, məsləhət haqqında dəyişir.)
  102. De ki, onu (Quranı) Ruhul-qüdüs (Cəbrail) Rəbbin tərəfindən haqq olaraq, iman gətirənlərin sabitqədəmliyi, müsəlmanlara hidayət və müjdə üçün nazil edib.
  103. Əlbəttə, Biz bilirik ki, sənin müxaliflərin deyir: “Bunu (Quranı) ona bir insan öyrədir və başqa cür ola bilməz. (Əslində belə deyil, çünki) onun (Quranın) aid edildiyi kəsin dili qeyri-ərəbi və yetərsizdir. Halbuki bu, (Quran) aydın ərəb dilindədir.
  104. Həqiqətən, Allah Onun ayələrinə iman gətirməyənləri hidayət etməz və onlar üçün dərdli əzab var.
  105. Şübhəsiz, yalanı yalnız ilahi ayələrə iman gətirməyənlər uydururlar. Onlar özləri yalançıdırlar.
  106. (Küfrə) vadar edilib qəlbində imanına əmin olan kəs istisna olmaqla, iman gətirdikdən sonra (azad şəkildə) Allahı inkar edən, küfrə ağuşunu açan kəs üçün Allah tərəfindən qəzəb var. Onları böyük əzab gözləyir.
  107. Bunun (ilahi qəzəbin) səbəbi onların dünya həyatını axirət həyatından üstün tutmalarıdır. Şübhəsiz, Allah kafir qövmü hidayət etməz.
  108. Onlar Allah tərəfindən qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulanlardırlar. Onlar həmin qafillərdirlər.
  109. Şəksiz ki, onlar axirətdə ziyana düşənlərdirlər.
  110. Şübhəsiz, Rəbbin çətinliklərdən sonra hicrət edən və cihada qalxıb sabitqədəmlik göstərənlər üçün bağışlayan və mehribandır.
  111. Elə bir gün gələr ki, hər kəs yalnız özü haqqında düşünər və hər kəsə gördüyü işə görə cəza verilər. Onlara zülm olunmaz.
  112. Allah əmin-amanlıqda olan bir şəhəri misal çəkər. Onun ruzisi hər tərəfdən firavandır. Amma Allahın nemətinə nankorluq göstərdilər. Allah əməllərinə görə onlara aclıq və qorxu libasını daddırdı.
  113. Əlbəttə, onlara öz aralarından peyğəmbər gəldi. Amma onu təkzib etdilər. Onları sitəmkar olduqları halda əzab yaxaladı.
  114. Allahın sizə ruzi etdiyi halal və pak şeylərdən yeyin. Yalnız Ona pərəstiş edirsinizsə, nemətinin şükrünü yerinə yetirin.
  115. (Allah) yalnız murdarı (murdar olmuş əti), qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsiləni sizə haram buyurmuşdur. Bunlardan yeməyə məcbur olan şəxs itaətsizlik göstərməsə və həddi aşmasa (zəruri həddə yeyə bilər). Çünki Allah bağışlayan və mehribandır.
  116. Ağzınıza gələn yalanı danışıb Allaha iftira ilə deməyin ki, bu halaldır, bu haram. Çünki Allaha iftira yaxanlar nicat tapmır.
  117. (Bütün iftiraların səbəbi dünya əldə etməkdir.) Bu, cüzi bir bəhrədir və onlar üçün dərdli bir əzab vardır.
  118. Yəhudilərə bundan öncə sənə nəql etdiklərimizi haram buyurduq. (“Nəhl” surəsindən öncə nazil olunmuş “Ənam” surəsində bəyan olunan haramlardan əlavə, yəhudilərə cəza olaraq başqa qadağalar da qoyulmuş) (bu qadağalarla) onlara zülm etmədik. Bu onların özlərinə rəva qıldıqları zülm idi.
  119. Sonra, əlbəttə, sənin Rəbbin, nadanlıq üzündən pis iş görüb, ardınca tövbə qılıb saleh işə üz tutanları həmin tövbədən sonra (bağışlayar), şübhəsiz, O, bağışlayan və mehribandır.
  120. Həqiqətən, İbrahim (təklikdə) bir ümmət idi. O, Allah qarşısında təvazökar, müti və haqpərəst idi, müşriklərdən deyildi.
  121. O, Allahın nemətlərinə şükür edirdi. (Allah) onu seçdi və doğru yola hidayət etdi.
  122. Ona dünyada yaxşılıq verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
  123. Sonra sənə vəhy etdik ki, İbrahimin haqq ayininə tabe ol. O, müşriklərdən deyildi.
  124. Həqiqətən, şənbə tətili həmin məsələdə ixtilaf törədənlər üçün qərar verildi. Şübhəsiz, Rəbbin qiyamət günü onların daim ixtilafda olduqları məsələlərlə bağlı mühakimə aparacaq.
  125. (Ey peyğəmbər! Xalqı) hikmət və gözəl öyüdlə Rəbbinin yoluna çağır. Ən yaxşı şəkildə vəsf edib danış. Həqiqətən, Rəbbin Onun yolundan azanlardan xəbərdardır və doğru yolu tutanları yaxşı tanıyır.
  126. Cəzalandırdıqda necə cəzalandırılmısınızsa, elə cəzalandırın. Əlbəttə, səbir və dözüm göstərsəniz, səbir əhli üçün bu daha yaxşıdır.
  127. “(Ey peyğəmbər,) Səbir et, sənin səbrin yalnız Allahın yardımı ilə mümkündür. Onlara (müşriklərə) görə kədərlənmə, onların alçaq hiylələrinə görə özünü sıxıntıya salma.
  128. Çünki Allah təqva yolunu tutanlar və yaxşı əməl sahibləri ilədir.