17.İsra surəsinin tərcüməsi

17.İsra surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İsra  surəsi

(Məkkədə nazil olmuşdur, 111 ayədir)

Rəhman və rəhim Allahın adı ilə

  1. Öz nişanələrindən göstərmək üçün gecə bəndəsini (Məkkədə) Məscidul-Həramdan (Beytul-Müqəddəsdə) ətrafına bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak-pakizədir. Həqiqətən, O, eşidən və görəndir.
  2. Biz Musaya “Məndən başqa vəkil tutmayın” deyə (səmavi) kitab verdik və onu Bəni-İsrail (İsrail övladları) üçün hidayətçi (doğru yol göstərən rəhbər) seçdik.
  3. (Ey Bəni-İsrail!) Ey Nuhla birlikdə süvar etdiklərimizin övladları, həqiqətən, Nuh çox şükür edən bir bəndə idi. (Siz də onun kimi olun).
  4. Biz kitabda (Tövratda) Bəni-İsrailə elan etdik ki, siz, şübhəsiz, yer üzündə iki dəfə fəsad törədəcək, böyüklük sorağında olacaqsınız.
  5. İlk fitnə vədi yetişdiyi vaxt qüvvəli və cəngavər qullarımızdan bir dəstəsini (sizi yerinizdə oturtmaq üçün) ayağa qaldırarıq. Evlərinizin içini axtararlar (ki, fitnəkarları tapıb cəzalandırsınlar). Bu, qəti bir vəddir.
  6. Sonra savaşı sizin xeyrinizə və onların əleyhinə döndərərik, sizə var-dövlət və övladlarla yardım göstərərik, sayınızı artırarıq.
  7. Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz, əgər pislik etsəniz, (yenə) özünüzə pislik etmisiniz. Elə ki, ikinci vəd yetişdi (güclü cəngavərləri üstünüzə göndərdik ki,) simanızı pis hala salsınlar, birinci dəfə olduğu kimi Məscidul-Əqsaya daxil olub, oranı ələ keçirsinlər, viran qoysunlar.
  8. Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər geri dönsəniz (ikinci dəfə fitnə törətsəniz), Biz də geri dönərik (qəhr-qəzəbimizi göndərərik). Biz cəhənnəmi kafirlər üçün zindan qərar vermişik.
  9. Həqiqətən, bu Quran ən davamlı yola hidayət edir. Saleh işlər görən möminlərə müjdə verilir ki, onlar üçün böyük mükafat var.
  10. Axirətə iman gətirməyənlər üçün dərdli bir əzab hazırlamışıq.
  11. (Tələskən və nadan) insan xeyir istədiyi kimi şər də istəyir. İnsan daim tələsəndir.
  12. Biz gecə və gündüzü iki əlamət qərar verdik. Gecənin nişanəsini (ay işığını) götürdük və gündüzün nişanəsini (günəşi) işıqlandırdıq ki, Rəbbinizdən bir fəzl soraqlayasınız, illərin sayını və hesabı biləsiniz. Biz hər şeyi aydın bəyan etdik.
  13. Hər bir insanın əməl naməsini onun boynundan asmışıq. Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər.
  14. (Qiyamətdə insana deyilər:) Kitabını oxu. Bu gün özünün özünlə hesab aparmağın yetər.
  15. Hidayət olan (doğru yol tutan), həqiqətən, öz xeyrinə hidayət olmuş, yolunu azan isə yalnız öz zərərinə azmışdır. Kimsə başqasının günah yükünü çiyninə almır. Biz peyğəmbər göndərməmiş əzab verən deyilik.
  16. Bir məntəqəni (günahlarına görə) həlak etmək istədikdə, onun xoş güzaran keçirən adamlarına əmr edərik. Belə ki, bu əmrə qarşı müxalif və aciz olarlar. Nəticədə əzab və ilahi qəhr-qəzəbə düçar olarlar. Sonra oranı tam viran qoyarıq.
  17. Nuhdan sonra bir çox ümmətləri məhv etdik. Rəbbinin Öz bəndələrinin günahlarından agah olub, onları görməsi yetər.
  18. Hər kəs daim ötəri dünya həyatını istəsə, bu dünyada tezliklə istədiyimizə istədiyimiz qədər verərik. Sonra onun üçün cəhənnəmi qərar verərik. O, xəcalət içində və rədd edilmiş halda oraya daxil olar.
  19. Axirət istəyən və bu məqsədlə lazımınca çalışan və mömin olan insanın zəhməti dəyərləndirilər.
  20. Biz Rəbbinin ətasından bunlara və onlara yardım göstərərik. Rəbbinin ətası kimsəyə qadağan olunmaz.
  21. Bax gör ki, onların bəzisini bəzi digərlərindən necə üstün etdik. Şübhəsiz, axirət dərəcələri daha böyük və daha dəyərlidir.
  22. Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət edilər, başıaşağı olarsan.
  23. Rəbbin qərar vermişdir ki, Ondan qeyrisinə tabe olmayasınız, ata-anaya yaxşılıq edəsiniz. Əgər onlardan biri və ya hər ikisi sənin yanında bir həddə çatsa, onlara (hörmətsizliklə) “uf” demə, onları yanından qovma, onlarla ölçülü və xoş danış.
  24. Mehribanlıq və lütf ilə onları təvazö qanadının altına al və de: “Pərvərdigara! Uşaq vaxtı məni tərbiyə etdikləri kimi, bu iki nəfərə mərhəmət göstər.
  25. Rəbbiniz içinizdə olanları hamıdan yaxşı bilir. Əgər saleh olsanız, şübhəsiz, O, tövbə edənləri bağışlayandır.
  26. Qohumun, çarəsizin, yolda qalanın haqqını ver, heç cür dağıdıb israf etmə.
  27. Həqiqətən, israfçılar şeytanın qardaşlarıdır. Şeytan öz Rəbbinə qarşı çox nankor idi.
  28. Əgər Rəbbindən gözlədiyin bir mərhəmətin intizarı ilə onlardan üz çevirərsənsə, onlarla yumşaq danış.
  29. Əlini nə qoynunda bağlı saxla (ki, heç infaq etməyəsən), nə də onu tam açıq saxla ki, (özün üçün heç bir şey qalmasın). Yoxsa qınanarsan və həsrət çəkərsən.
  30. Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirib, daralda bilər. Həqiqətən, O, bəndələrinə münasibətdə agah və görəndir.
  31. Övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Şübhəsiz, onları öldürmək böyük günahdır!
  32. Zinaya yaxın düşməyin. Bu, çirkin iş, pis yoldur.
  33. Allah tərəfindən (qətli) haram edilmişi haqsız yerə öldürməyin. Şübhəsiz, zülmə məruz qalaraq öldürülənin sahibinə (qisas üçün) ixtiyar verdik. O da öldürməkdə (qisasda) ifrata varmamalıdır. Çünki ona (ədalət əsasında) himayə göstərilmişdir.
  34. Büluğ həddinə çatanadək yetimin malına yalnız ən yaxşı yolla (yetimin xeyri üçün) yaxınlaşın. (Sonra onun malını özünə tapşırın.) Əhdə vəfa edin, (qiyamətdə) əhd-peyman haqqında soruşulacaq.
  35. Peymanə (xüsusi ölçü qabı) ilə alış-veriş etdikdə peymanəni doldurun. Tərəzi ilə düzgün çəkin. Bu, daha yaxşıdır və sonu xoşdur.
  36. Bilmədiyin işin ardınca getmə. Çünki qulaq, göz və qəlb hər biri sorğuya çəkiləcək.
  37. Yer üzündə təkəbbür və lovğalıqla hərəkət etmə. Şübhəsiz, sən nə yeri yara bilər, nə də ucalıqda dağlara çata bilərsən.
  38. Bütün bunların günahı Rəbbinin yanında bəyənilməmişdir.
  39. Bu (göstərişlər) Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət olunar, qovular və cəhənnəmə atılarsan.
  40. (Yoxsa güman edirsiniz ki,) Rəbbiniz sizi oğlan övladlarla seçib, Özü üçün mələklərdən qızlar götürüb? Həqiqətən, siz böyük (böhtan) danışırsınız.
  41. Şübhəsiz, Biz bu Quranda (həqiqəti müxtəlif ifadələrlə) təkrar-təkrar bəyan etdik ki, öyüd götürsünlər. Amma bu, onların nifrətini artırdı.
  42. De ki, əgər müşriklərin dediyi kimi, Allahla yanaşı başqa məbudlar olsaydı, bu məbudlar yaranış sahibi olan Allaha (üstün gəlmək üçün) nüfuz yolu axtarardılar.
  43. Allah onların dediklərindən daha pak və üstündür, çox üstün!
  44. Yeddi qat göy və yer, eləcə də, onlarda olanlar Allaha təsbih deyir. Hər şey ona sitayişdədir, Onun pak olduğunu bildirir, amma siz onların təsbihini anlamırsınız. Həqiqətən, O, həlim və bağışlayandır.
  45. Quran oxuduğun vaxt səninlə qiyamətə inanmayanlar arasında görünməz hicab qərar verərik (ki, haqq maarifin dərkindən məhrum qalsınlar).
  46. Onların (kafirlərin) qəlbində örtük, qulaqlarında ağırlıq qoyduq ki, onu (Quranı) anlamasınlar. Çünki sən Quranda Rəbbini yeganəliklə yad etdiyin vaxt onlar baş götürüb gedirlər.
  47. Bir-birləri ilə pıçıldaşıb, “siz yalnız ovsunlanmış birinə tabe olursunuz” deyən zaman onların səni nə üçün dinlədiklərini Biz daha yaxşı bilirik.
  48. (Ey peyğəmbər!) Bax gör ki, sənin üçün necə misallar çəkdilər və nəticədə yollarını azdılar. Onlar haqq yolu tapa bilməzlər.
  49. Onlar dedilər: “Çürüyüb dağılmış sümüklər olduğumuz vaxt, doğrudanmı, yeni bir yaranışla qaldırılarıq?
  50. De ki, (əzilmiş sümüyə nə var ki, siz) daş, ya dəmir olun.
  51. Ya da nəzərinizdə ondan möhkəm olan bir məxluq ola (yenə Allah sizi ikinci dəfə dirildə bilər). Onlar tezliklə deyəcəklər: “Kim bizi yenidən qaytarar?” De ki, sizi ilk dəfə yaradan kəs. Tezliklə (təəccüb içində) başlarını sənə doğru tərpədib deyərlər: “O gün nə vaxt olacaq?” De ki, bəlkə də, yaxın vaxt!
  52. (Hesab üçün qəbirlərdən) çağırılacağınız gün siz həmd-səna deyən halda cavab verər və düşünərsiniz ki, qısa bir müddət yubanmısınız.
  53. Bəndələrimə de ki, gözəl söz danışsınlar. Çünki şeytan (ölçüsüz sözlərlə) onların arasında fitnə-fəsad salır. Həqiqətən, şeytan insan üçün daim aşkar düşmən olub.
  54. Rəbbiniz sizi daha yaxşı tanıyır. İstəsə sizə mərhəmət göstərər, istəsə (pis əməllərinizə görə) sizə əzab verər. Biz səni xalqa vəkil göndərmədik. (Onları məcburi şəkildə imana sövq etmək sənin vəzifən deyil.)
  55. Rəbbin göylərdə və yerdə olanı daha yaxşı bilir. Əlbəttə, Biz bəzi peyğəmbərlərə başqalarından üstünlük verdik. Davuda Zəbur əta etdik.
  56. De ki, Allahdan savay məbud saydıqlarınızı çağırın. Onlar sizin nə çətinliyinizi həll edə bilər, nə də onu dəyişməyi bacararlar.
  57. Onların çağırdıqları (İsa və ya mələklər) özləri Rəblərinə yaxınlıq üçün daha yaxın bir vasitə axtarırlar. Onun rəhmətinə ümid edir, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı həzər qılınasıdır.
  58. Qiyamətdən öncə həlak edilməyən və ya şiddətli əzaba düçar olunmayan bir məntəqə yoxdur. Bu, ilahi kitabda təsbit olunmuşdur.
  59. Ayə və möcüzələr göndərməyimizə yalnız keçmiş ümmətlərin təkzibi mane oldu. Biz Səmud qövmünə (düşüncələri) aydınladan dişi bir dəvə verdik. Amma ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndərərik.
  60. (Xatırla,) o zaman ki, sənə dedik: Həqiqətən, Rəbbin insanları əhatə etmişdir. Sənə göstərdiyimiz röyanı və Quranda lənətlənmiş ağacı xalq üçün yalnız sınaq qərar verdik. Biz insanları qorxuduruq, amma (Bizim xəbərdarlığımız) onlarda tüğyan və azğınlıqdan başqa bir şey artırmır.
  61. Xatırla, bir vaxt mələklərə dedik: “Adəm üçün səcdə edin.” Səcdə etdilər. Yalnız İblis səcdə etməyib dedi: “Gildən yaranmış bir kəs üçünmü səcdə edim?!
  62. İblis dedi: “De görüm, məndən əziz tutduğun kəs budurmu? Əgər qiyamətə qədər mənə möhlət versən, şübhəsiz, az bir qismi istisna olmaqla onun nəslini cilovlayıb, hökmüm altına çəkərəm.
  63. (Allah İblisə) dedi: “Get! İnsanlardan kim sənə tabe olsa, cəzanız cəhənnəmdir, kamil bir cəza!
  64. (Ey şeytan,) insanlardan bacardığını öz səsinlə büdrət, süvari və piyada qüvvələrini onların ziddinə qaldır. Onların mallarına və övladlarına şərik ol, onlara vəd ver. Şeytan onlara yalandan başqa bir vəd vermir.
  65. Həqiqətən, Mənim (xalis) bəndələrim üzərində sənin hökmün yoxdur. Rəbbinin (onlara) vəkil olması yetər.
  66. Sizin Rəbbiniz öz səyinizlə Onun fəzl və rəhmətindən bəhrələnmək üçün gəmiləri dəryada hərəkətə gətirən kəsdir. Əlbəttə, O sizə daim mehribandır.
  67. Əgər dənizdə bir çətinliyə düçar olsanız, Allahdan qeyri çağırdıqlarınız məhv olub itər. Elə ki, (Allah) sizə nicat verib quruya çatdırdı, Ondan üz döndərərsiniz. İnsan çox nankordur.
  68. Arxayınsınızmı ki, sizi (Öz qəhr-qəzəbi ilə) quruda yerə batırmaz və ya üstünüzə daş yağdırmaz?! Sonra özünüz üçün bir qoruyan taparsınızmı?
  69. Yoxsa əmin olmusunuz ki, Allah ikinci dəfə sizi dəryaya aparmaz, məhvedici tufana salmaz, küfrünüzə görə qərq etməz?! Həmin vaxt qəhrimiz qarşısında özünüzə görə heç bir tələbkar tapmazsınız.
  70. Həqiqətən, Adəm övladlarını möhtərəm tutduq. Onları quru və dənizdə (miniklərlə) apardıq, pak-pakizə şeylərdən onlara ruzi verdik, onları bir çox məxluqlarımızdan üstün etdik.
  71. Hər bir dəstəni imamı (rəhbəri) ilə çağıracağımız gün hər kəsin əməl naməsi sağ əlinə verilsə, onlar öz namələrini oxuyub şad olarlar. Onlara xurma sapı qədər də zülm olunmaz.
  72. Dünyada qəlbikor və azğın olan hər kəs axirətdə də kor və azğın olacaq.
  73. Az qalmışdı ki, səni vəhy etdiyimizdən xəbərsiz qoyalar, vəhydən qeyri bir şeyi Bizə aid edəsən və həmin vaxt səni özlərinə dost tutalar.
  74. Əgər Biz səni sabitqədəm etməsəydik, hər vaxt onlara meyl etməyə yaxın idin.
  75. (Onlara meyl etsəydin,) həmin vaxt sənə iki qat dünyada, iki qat öləndə əzab daddırardıq. Bizim qəhr-qəzəbimiz qarşısında özün üçün yardımçı tapmazdın.
  76. Kafirlər səni az qala büdrədib oradan çıxarmışdılar. Həmin vaxt səndən sonra qısa bir müddət qala bilərdilər (həmin zülmə görə Allahın qəzəbinə düçar olardılar).
  77. Səndən öncə göndərdiyimiz peyğəmbərlər haqqında da bu sünnə (tüğyan edənlərin məhvi) cərəyan edirdi. Bizim sünnəmizdə heç bir dəyişiklik tapmazsan.
  78. Namazı günəş (məğribə doğru) dönən vaxtdan gecənin qaranlığınadək qıl. Eləcə də, sübh (Quranın qiraətini). Həqiqətən, (sübh namazında) Quran (qiraəti mələklər tərəfindən) müşahidə olunur.
  79. Gecənin bir vaxtı oyan və təhəccüd (gecə namazı) qıl. Bu, sənin üçün əlavə bir vəzifədir. Ola bilsin ki, Rəbbin səni təriflənmiş bir məqama yüksəldə.
  80. De ki, ey Rəbbim! Məni yaxşılıq və sədaqətlə (əməllərə) daxil et və xoş bir çıxışla xaric buyur. Mənim üçün Öz tərəfindən güclü hökm və dəlil ver.
  81. De ki, haqq gəldi və batil məhv oldu. Həqiqətən, batil məhv olasıdır.
  82. Qurandan nazil etdiyimiz möminlər üçün şəfa və rəhmətdir. Bu, sitəmkarların yalnız zərərini artırar.
  83. Nə vaxt insana bir nemət əta etdiksə, üz çevirdi, (təkəbbürlə) çiyin çəkdi. Elə ki, (azca) zərərə düşdü, hər şeydən ümidini üzdü.
  84. De ki, hər kəs öz şəklinə, xislətinə uyğun əməl edər. Allah hidayətə daha yaxın olan kəsi daha yaxşı tanıyır.
  85. Səndən ruh haqqında soruşurlar. De ki, ruh Rəbbimin işlərindəndir (Ona aiddir). Sizə yalnız az bir bilik verilmişdir.
  86. Əgər istəsək, hər vaxt sənə vəhy etdiyimizi (yaddaşından) apararıq. Sonra səni Bizdən qoruyacaq bir kəs tapmazsan.
  87. Rəbbinin rəhmətindən savay (müdafiəçi tapmayacaqsan). Şübhəsiz, Allahın sənə olan fəzli böyükdür.
  88. De ki, (bütün) ins və cin Quranın oxşarını gətirmək üçün bir yerə toplansa, onun kimisini gətirə bilməz. (Bu iş) bəziləri bəzilərinə kömək etsələr də belə mümkün olmaz.
  89. Şübhəsiz, bu Quranda xalq üçün hər cür misal çəkdik. Amma xalqın çoxu boyun qaçırdı və işi yalnız inkar oldu!
  90. Dedilər: Bizim üçün yerdən çeşmə qaynatmayınca sənə iman gətirmərik.
  91. Ya da arasından çaylar axan xurma və üzüm bağların olsun.
  92. Səmanı güman etdiyin kimi üstümüzə parça-parça endirməyincə və ya Allah və mələkləri qarşımıza gətirməyincə (iman gətirmərik).
  93. Ya zər-zivərdən evin olsun, ya səmaya uç; bizim oxumağımız üçün səmadan kitab endirməyincə sənə iman gətirmərik.” De ki, mənim Rəbbim pak-pakizədir. Məgər mən göndərilmiş bir bəşər deyiləm?!
  94. O zaman ki, hidayət (doğru yola dəvət) xalqın sorağına gəldi, xalqı iman gətirməkdən saxlayan olmadı. Yalnız belə dedilər: “Məgər Allah peyğəmbər olaraq bir insan seçmişdirmi?
  95. De ki, əgər yer üzündə arxayınlıq və aramlıqla yol gedən mələklər olsaydı, hər halda onlara səmadan peyğəmbər olaraq bir mələk göndərərdik.
  96. De ki, mənimlə sizin aranızda şahidlik üçün Allah bəs edər. Həqiqətən, O Öz bəndələrinə münasibətdə agah və görəndir.
  97. Allahın hidayət etdiyi kəs doğru yolu tapmışdır. Allahın azdırdığı kəs üçün isə heç vaxt Allahdan savay yardımçı tapmayacaqsan. Biz onları qiyamət günü sürünən halda, kor, kar və lal vəziyyətdə məhşur edərik (səhnəyə gətirərik). Onların yeri cəhənnəmdir. Od söndükcə onun alovunu artırarıq.
  98. Bu (cəhənnəm), onların cəzasıdır. Çünki, kafir oldular və dedilər: “Sümük və tikə-tikə olduqdan sonra doğrudanmı yeni yaranmış surətində ayağa qaldırılacağıq?”
  99. Yoxsa düşünməyiblər ki, Allah göyləri və yeri yaratmışdır. Bu sayaq xalq da yarada bilərmi? Allah onlar üçün heç bir şəkk olmayan müddət müəyyənləşdirmişdir. Sitəmkarlar isə boyun qaçırıb, küfrdən başqa bir şeylə razılaşmırlar.
  100. De ki, əgər siz Rəbbinin rəhmət xəzinədarı olsaydınız, şübhəsiz, infaq qorxusundan kimsəyə bir şey verməzdiniz. İnsan dar baxışlı və xəsisdir!
  101. Şübhəsiz, Musaya doqquz aşkar möcüzə verdik. (Musa,) onların sorağına gələn vaxt sual ver. Firon (bütün möcüzələri görüb) dedi: “Ey Musa! Həqiqətən mən səni ovsunlanmış sayıram.”
  102. Musa dedi: “Şübhəsiz, bilirsən ki, bu (möcüzələri) yalnız göylərin və yerin Rəbbi sizin bəsirətiniz üçün göndərib. Ey Firon! Güman edirəm ki, sən həlak olmuşsan.
  103. (Firon) qərara gəldi ki, onları məntəqədən sürgün etsin. Beləcə, Biz Fironu və onunla olanların hamısını qərq etdik.
  104. Bundan (Firon qərq olduqdan) sonra Bəni-İsrailə dedik: «Bu məntəqədə yerləşin. Axirət vədi» çatdıqda sizin hamınızı bir yerə toplayacağıq.
  105. Biz Quranı haqq olaraq nazil etdik və o, haqq olaraq nazil oldu. Biz səni yalnız müjdəçi və qorxudan ünvanında göndərdik.
  106. Quranı xalqa asta-asta oxuyasan deyə, onu hissələrə böldük və tədricən nazil etdik.
  107. De ki, Qurana iman gətirin, ya gətirməyin (Allah üçün fərqi yoxdur). Şübhəsiz, bundan öncə elm verilənlərə tilavət olunarsa, səcdə edən halda üzü üstə yerə düşərlər.
  108. Deyirlər ki, bizim Rəbbimiz pak-pakizədir. Həqiqətən, Rəbbimizin vədi yerinə yetəsidir.
  109. Ağlayaraq üzü üstə (səcdəyə) düşərlər və mütilikləri daim artar.
  110. De ki, ya Allah adını çağırın, ya da Rəhman. Hər hansını dilə gətirirsinizsə gətirin. Çünki ən gözəl adlar Onundur. Namazını çox hündürdən və ya çox ahəstə qılma, orta halı gözlə. (Orta yolu seç.
  111. De ki, həmd-sitayiş özünə övlad götürməmiş, hökmündə şərik olmayan, zəifliyinə görə yardımçı tutmayan Allaha aiddir. Onu layiqincə böyük tut.