19.Məryəm surəsinin tərcüməsi

19.Məryəm surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Məryəm surəsi

(Məkkədə nazil olmuşdur, 98 ayədir)

Rəhman və rəhim Allahın adı ilə

1-2. Kaf, ha, ya, əyn, sad; (bu surədə) Rəbbinin Öz bəndəsi Zəkəriyyaya lütfü yad olunur.

  1. O zaman ki, öz Rəbbini gizli bir nida ilə çağırdı.
  2. (Zəkəriyya) dedi: “Pərvərdigara, həqiqətən, sümüyüm süstləşmiş, başım qocalıq şöləsindən ağarmışdır. Pərvərdigara! Mən heç vaxt Sənə duada əli boş qalmamışam.
  3. Həqiqətən, mən özümdən sonra yaxınlarıma görə qorxuram. Zövcəm sonsuzdur, Öz tərəfindən mənə bir canişin əta et.
  4. (Pərvərdigara! Mənə elə bir canişin əta et ki,) mənə və Yaqub nəslinə varis olsun. Pərvərdigara! Onu bəyənilmiş qərar ver.
  5. (Allah-təala buyurdu:) Ey Zəkəriyya! Biz səni Yəhya adlı bir oğlan övladı ilə müjdələyirik. Əvvəllər kimsəyə onun adını qoymamışıq.
  6. (Zəkəriyya) dedi: «Pərvərdigara! Zövcəm sonsuz, mən isə qoca və zəif ikən oğlum necə ola bilər?»
  7. (Vəhy mələyi dedi:) «Elədir, amma Rəbbin buyurdu ki, bu iş Mənim üçün asandır. Bundan öncə səni heç nə ikən yaratdım.
  8. (Zəkəriyya) dedi: «Pərvərdigara! Mənim üçün bir nişanə müəyyən et.» (Allah) buyurdu: «Üç gecə-gündüz xalqla danışa bilməyəcəyin sənin nişanəndir.»
  9. (Zəkəriyya) ibadət mehrabından xalqın qarşısına çıxıb onlara işarə etdi ki, səhər-axşam Allaha təsbih deyin.
  10. Ey Yəhya! (İlahi) kitabı möhkəm tut. Uşaq vaxtı ona hikmət (və nübuvvət) verdik.
  11. Yenə ona Öz tərəfimizdən mehribanlıq və paklıq əta etdik. O, təqvalı idi.
  12. O, ata-anasına qarşı xeyirxah idi, (xalqa münasibətdə) azğın və üsyankar deyildi.
  13. Ona doğulduğu, öləcəyi və dirildilib qaldırılacağı gün salam olsun.
  14. Bu kitabda Məryəmi də yad et. Bir zaman ki, o, ailəsindən ayrılıb şərqdəki bir məkanda qərar tutdu.
  15. Həmin vaxt başqalarından kənarda özü üçün pərdə tutdu. Həmin məqamda Biz Öz ruhumuzu (Ruhul-qüdüsü) ona doğru göndərdik. O, düz qamətli insan şəklində göründü.
  16. (Məryəm həmin mələyə dedi:) Həqiqətən, mən rəhman olan Allaha səndən pənah aparıram, əgər pəhrizkarsansa (Allahdan qorxursansa, məndən uzaq ol).
  17. (Mələk) dedi: «Həqiqətən, mən sənin Rəbbinin elçisiyəm. Sənə pak bir oğlan vermək üçün gəlmişəm.»
  18. (Məryəm) dedi: «Mümkündürmü ki, mənim övladım olsun? Axı nə bir bəşər mənimlə təmasda olub, nə də mən zinakar olmuşam.»
  19. (İlahi mələk) dedi: «Doğrudur, amma Rəbbin buyurdu ki, bu iş Mənim üçün asandır və onu xalq üçün nişanə, Özümüzdən bir rəhmət qərar verərik. Bu, olası və qəti bir işdir.»
  20. Məryəm (İsaya) hamilə oldu. Onunla uzaq bir məkanda xəlvətə çəkildi.
  21. Həmin vaxt doğuş ağrısı onu bir xurma ağacının gövdəsinə doğru çəkdi. (Narahatlıqdan ona söykəndi.) Dedi: «Kaş ki, bundan öncə ölüb yaddan çıxmış olaydım.
  22. (İsa bətndə) ayağı altdan onu səslədi ki, (ey ana,) qəm yemə. Həqiqətən Rəbbim sənin ayaqlarının altında su çeşməsi axıtdı.
  23. Bu xurmanın budağını özünə doğru tərpət, üstünə təzə xurma tökülsün.
  24. (Xurmadan) ye, (arxın suyundan) iç və (İsa kimi övlada görə) gözün aydın olsun. Bir adam görsən (körpə haqında soruşsa, ona işarə ilə) de ki, mən Rəhman Allah üçün sükut orucu nəzir etmişəm, buna görə də bu gün kimsə ilə danışmayacağam.
  25. Məryəm körpəsini ağuşuna götürüb onu yaxınlarının yanına gətirdi. Dedilər: “Ey Məryəm! Həqiqətən, çox pis bir iş görmüsən.”
  26. Ey Harunun bacısı! Atan pis kişi, anan zinakar deyildi.
  27. Məryəm ona (İsaya) doğru işarə etdi. Dedilər: «Beşikdə olan körpə ilə necə danışaq?»
  28. (İsa dilə gəlib) dedi: «Mənəm Allahın bəndəsi, O mənə kitab əta edib və məni peyğəmbər qərar verib.»
  29. Harada olsam, Allah məni bərəkət səbəbi etmiş, həyatım boyu mənə namaz və zəkatı tapşırmışdır.
  30. Məni anama qarşı xeyirxah qərar vermiş, (xalqa qarşı) sitəmkar və qəddar etməmişdir.
  31. Salam olsun mənə doğulduğum, öləcəyim və diriləcəyim gün.
  32. Budur İsa Məryəm oğlu–haqqında şəkkə düşdükləri doğru söz.
  33. Allahın özünə övlad götürməsi Ona layiq deyil. O, pak-pakizədir. Bir iş görmək istədikdə elə ki, «ol» deyər, dərhal olar.
  34. Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Beləsə, Ona pərəstiş edin, doğru yol budur.
  35. Öz aralarındakı dəstələr ixtilafa düşdülər. Vay olsun, böyük gündə (Qiyamət günündə) hüzuru inkar edənlərə.
  36. Bizim hüzurumuza gəldikləri gün necə də yaxşı eşidir və görürlər. Amma zalımlar bu gün açıq-aşkar azğınlıqdadır.
  37. Onları peşmançılıq günü ilə qorxut. Elə bir vaxt ki, onlar qəflətdə olduğu və iman gətirmədiyi halda iş-işdən sovuşar.
  38. Yer və onun əhlinin yeganə varisi Bizik və (hamı) Bizə doğru qaytarılar.
  39. Bu kitabda İbrahimi yad et. Həqiqətən, o, doğruçu bir peyğəmbər idi.
  40. O (İbrahim), atasına dedi: «Ey ata! Nə üçün eşidib görməyən və sənin heç bir ehtiyacını ödəməyən bir şeyə pərəstiş edirsən?»
  41. Ey ata! Həqiqətən, mənə sənin üçün gəlməmiş bir bilik gəlmişdir; ona görə də mənə tabe ol, səni doğru yola yönəldim.
  42. Ey ata! Şeytana pərəstiş etmə. Çünki şeytan Rəhman Allaha qarşı asidir.
  43. Ey ata! Həqiqətən, qorxuram ki, Rəhman tərəfindən sənə əzab gəlsin və şeytana dost olasan.
  44. Dedi: “Ey İbrahim! Yoxsa mənim tanrılarımdan zara gəlmisən? Əgər (bu yoldan) əl çəkməsən, şübhəsiz, səni daşqalaq edəcəyəm. (İndi isə) uzun müddətlik məndən uzaqlaş.”
  45. (İbrahim ondan ayrıldı,) dedi: «Salam olsun sənə, tezliklə Rəbbimdən sənin üçün bağışlanma diləyərəm. Çünki O mənə daim mehriban olmuşdur.»
  46. Mən sizdən və Allahdan başqa çağırdıqlarınızdan kənara çəkilib Rəbbimə dua edirəm. Ümid edirəm ki, Rəbbimi çağırdığım vaxt əliboş qalmayacağam.
  47. İbrahim müşriklərdən və Allah əvəzinə pərəstiş olunanlardan uzaqlaşdığı vaxt Biz ona İshaq və Yaqubu əta etdik. Onların hər birini peyğəmbər qərar verdik.
  48. Öz rəhmətimizdən onlara əta etdik, onlar üçün (xalq arasında) uca və yaxşı ad müəyyənləşdirdik.
  49. Bu kitabda Musanı yad et. Çünki o, xalis bir bəndə və göndərilmiş peyğəmbər idi.
  50. Turun sağ tərəfindən ona nida etdik və (özümüzə yaxın məqama) gizli danışığa yaxınlaşdırdıq.
  51. Öz mərhəmətimizdən qardaşı Harun peyğəmbəri ona bəxş etdik.
  52. Bu kitabda İsmaili yad et. O daim öz vədinə sadiq və göndərilmiş peyğəmbər idi.
  53. Daim öz əhlini namaz və zəkata çağırardı və Rəbbinin razılığını qazanmışdı.
  54. Bu kitabda İdrisi yad et. Həqiqətən, o çox doğruçu bir peyğəmbər idi.
  55. Biz onu uca bir məqama çatdırdıq.
  56. Onlar Allah tərəfindən (xüsusi) nemət əta olunmuş peyğəmbərlər idilər. Onlar Adəm nəslindən, Nuhla (gəmiyə) süvar etdiklərimizdən, İbrahim və İsrail nəslindən, hidayət etdiklərimizdən və seçdiklərimizdən olan peyğəmbərlər idi. Onlara Rəhman Allahın ayələri oxunan zaman səcdə qılar, ağlar halda üzü üstə torpağa düşərdilər.
  57. Onların ardınca namazı zaya çıxaran, nəfs istəkləri ardınca gedən pis və ləyaqətsiz canişinlər gəldi. Onlar tezliklə azğınlıqlarının cəzasını görəcəklər.
  58. Yalnız tövbə edib iman gətirən, saleh işlər görən kəslər istisnadır. Onlar behiştə daxil olar və heç bir sitəmə məruz qalmazlar (mükafatları əskildilməz).
  59. Rəhman Allahın qeybdən Öz bəndələrinə vəd etdiyi əbədi behiştlər! Şübhəsiz, Onun vədi gerçəkləşəsidir.
  60. Orada boş söz eşitməzlər, yalnız «Salam»! Orada hər sübh və axşam ruziləri hazırdır.
  61. Bu, hər bir təqvalı (pəhrizkar) bəndəmizə irs verdiyimiz həmin behiştdir.
  62. Biz (mələklər) yalnız Rəbbinin əmri ilə nazil oluruq; qarşımızda (gələcəkdə), arxamızda (keçmişdə) və ikisinin arasında nə varsa Onundur. Sənin Rəbbin unutqan deyil.
  63. Göylərin və yerin, onların arasında olanların Rəbbi! Yalnız Ona pərəstiş et, Ona ibadətə səbirli ol. Ona bənzərini tanıyırsanmı?!
  64. İnsan deyir: “Yoxsa öləndən sonra ikinci dəfə (qəbirdən) xaric olacağam?”
  65. Görən insan heç nə olmadığı bir halda bundan öncə onu yaratdığımızı yada salmırmı?!
  66. And olsun Rəbbinə, Biz onların hamısını şeytanlarla birlikdə (qiyamətdə) səhnəyə gətirəcəyik. Sonra onları diz çökmüş halda cəhənnəm ətrafına düzəcəyik.
  67. Sonra hər dəstədən Rəhmana qarşı daha çox asi olanı ayıracağıq.
  68. Həmin vaxt onlardan cəhənnəmdə yanmağa kimin daha çox layiq olduğunu bilərik.
  69. Sizlərdən cəhənnəmə daxil olmayan kəs yoxdur. Bu, Rəbbin tərəfindən olan qəti bir hökmdür.
  70. Sonra təqva əhlini (cəhənnəmdən) xilas edərik və zalımları diz çökmüş halda orada boşlayarıq.
  71. Nə vaxt aydın ayələrimiz onlara oxunsa, küfrə uğrayanlar iman gətirənlərə deyərlər: “Bizlərdən hansımızın yeri daha üstün, məclisi daha gözəldir?
  72. Biz onlardan öncə onlardan daha varlı və daha gözəl görünən bir çox nəsilləri məhv etdik.
  73. De ki, Rəhman Allah yolunu azan kəsə (Öz sünnəsi əsasında) vəd olunmuş, (dünyada) əzab və ya qiyaməti eşidib-görənədək möhlət verib yardım göstərir. (Həmin gün) kimin yerinin daha pis və kimin qoşununun daha aciz olduğunu biləcəklər.
  74. Allah hidayət olanların (doğru yolu tutanların) hidayətini artırar. Rəbbinin yanında davamlı yaxşılıqların savabı daha üstün və xoş aqibətdir.
  75. Ayələrimizi inkar edib, «hökmən mənə mal və övlad veriləcək» deyən kəsi gördünmü?!
  76. (Yoxsa düşünür ki,) qeybdən agahdır və ya Rəhmandan bir əhd almışdır?
  77. Əsla belə deyil, tezliklə hər nə desə yazarıq və ona həmişəlik əzab verərik.
  78. (Mal və övladdan) nə qədər dəm vursa da, Biz varis olacağıq və o, yanımıza tək-tənha gələcək.
  79. Bir Allah əvəzinə (yalançı) tanrılar seçdilər ki, bu yolla izzətə çatsınlar.
  80. Heç vaxt (bu arzuya çatmazlar), tezliklə, məbudlar onların pərəstişini inkar edəcək və onlara müxalif çıxacaqlar.
  81. Təhrik etsinlər deyə şeytanları kafirlərə doğru göndərdiyimizi görmədinmi?!
  82. Onlar üçün (əzaba düşsünlər deyə) tələsmə. Biz onlar üçün hesab aparırıq.
  83. Həmin gün Biz pəhrizkarları toplum halda Rəhmana doğru cəm edərik.
  84. Günahkarları təşnə halda cəhənnəmə qovarıq.
  85. Rəhmanla əhd bağlayanlardan başqa kimsə şəfaət sahibi deyil.
  86. (Kafirlər) dedilər: «Rəhman (Allah) övlad götürmüşdür.»
  87. Doğrusu, çirkin söz dediniz.
  88. Bu sözdən az qalır səmalar parçalansın, yer yarılsın və dağlar şiddətlə yerə uçulsun.

91-2. Çünki Rəhman Allaha övlad aid etdilər. Halbuki övlad götürməsi Rəhmana layiq olmayan işdir.

  1. Göylərdə və yerdə elə bir mövcud yoxdur ki, Rəhman Allahın hüzuruna qul olaraq gəlməsin.
  2. Şübhəsiz, Allah onların hamısını hesaba çəkmiş, diqqətlə saymışdır.
  3. Qiyamət günü hamı Onun hüzuruna gələcək.
  4. Həqiqətən, Rəhman Allah iman gətirib saleh işlər görənlər üçün tezliklə (qəlblərdə) məhəbbət qərar verər.
  5. Həqiqətən, Quranı sənin dilin üçün asan etdik ki, onun vasitəsi ilə pəhrizkarlara müjdə verəsən və inadkar xalqı qorxudasan.
  6. Onlardan öncə bir çox nəsilləri həlak etdik. Onlardan kimsəni tapır və ya azca da olsa səslərini eşidirsənmi?!