20.Taha surəsinin tərcüməsi

20.Taha surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Taha surəsi

(Məkkədə nazil olmuşdur, 135 ayədir)

 

Rəhman və rəhim Allahın adı ilə

1-2. Ta-Ha; Biz Quranı səni məşəqqətə salmaq üçün nazil etmədik.

  1. Yalnız (Allahdan) qorxan kəs üçün xatırlatma olsun deyə (göndərdik).
  2. (Bu ayələr) yer və uca göyləri yaratmış kəs tərəfindən nazil olmuşdur.
  3. Ərşi hökmü altına alan Rəhman Allahdır.
  4. Göylərdə, yerdə, onlar arasında və yer altında nə varsa Onundur.
  5. Sözünü açıq desən (və ya gizlətsən, fərqi yoxdur), həqiqətən, O sirləri və daha gizliləri bilir.
  6. Bir Allahdır ki, Ondan başqa məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur.
  7. Musanın xəbəri sənə çatdımı?!
  8. Od görən zaman ailəsinə belə dedi: “Bir qədər yubanın, həqiqətən, mən od tapdım. Ola bilsin ki, sizin üçün ondan bir qədər gətirəm və ya od vasitəsilə yolu tapam.
  9. Elə ki, oda yaxınlaşdı, nida gəldi: “Ey Musa!”
  10. Həqiqətən, Mən sənin Rəbbinəm: Ayaqqabını çıxar, həqiqətən, sən müqəddəs Tuva vadisindəsən.
  11. Mən səni (peyğəmbərliyə) seçmişəm. Vəhy olunanı dinlə.
  12. Həqiqətən, Mənəm Allah, Məndən başqa məbud yoxdur. Beləsə, Mənə bəndəlik et, namazı bərpa et ki, Məni unutmayasan.
  13. Həqiqətən, qiyamət gələcək. (Amma Mən onu məxfi saxlamaq istəyirəm ki, hər kəs öz səy və təlaşı müqabilində əvəz alsın.
  14. Məbada qiyamətə inanmayan və azğın nəfs istəklərinə uyan bir kəs sənin diqqətini qiyamətdən yayındırsın. Yoxsa süqut edərsən.
  15. Ey Musa! Sağ əlində olan nədir?
  16. Musa) dedi: «Bu, mənim əsamdır. Ona söykənir, onunla qoyunlarım üçün (ağaclardan) yarpaq tökürəm. Onun mənə başqa faydaları da var.»

19-20. (Allah) buyurdu: «Ey Musa! Əsanı at!» (Musa) onu atdı və o, qəfildən ilana dönüb sürətlə getməyə başladı.

  1. (Allah) buyurdu: «Onu tut və tələsmə. Biz tezliklə onu əvvəlki halına qaytararıq.»
  2. Əlini qoltuğunun altına sal, ağ və nöqsansız halda çıxsın. (Bu da) digər bir nişanə və möcüzədir.
  3. Eləcə Öz böyük nişanələrimizdən sənə göstərək.
  4. (Ey Musa! İndi) Firona doğru hərəkət et, o, həqiqətən, tüğyan qoparmışdır.
  5. (Musa) dedi: «Pərvərdigara! (Mənə belə böyük bir iş əmr etmisənsə) köksümü genişləndir.»
  6. İşimi mənə asan buyur.

27-28. Dilimdəki düyünü aç, qoy sözlərimi (yaxşı) anlasınlar.

29-30. Ailəmdən mənim üçün bir vəzir qərar ver–qardaşım Harunu.

31-32. Onunla arxamı möhkəmləndir, onu işimə şərik et.

33-34. Beləcə, Səni çox pak anaq, çox zikr edək.

  1. (Pərvərdigara,) həqiqətən, Sən bizim halımızdan daim agahsan və görürsən.
  2. (Allah) buyurdu: ”Ey Musa! İstədiyin sənə verildi.”
  3. Həqiqətən, Biz növbəti dəfə sənə minnət qoyduq (səni Öz nemətlərimizdən bəhrələndirdik.)
  4. (Nemətə çatdırdıq,) o zaman ki, anana lazım olanı vəhy etdik.
  5. (Ona belə vəhy etdik:) Öz körpəni bir sandığa qoy, sonra onu dəryaya at. Qoy dərya onu sahilə çıxarsın. Və Mənim və onun düşməni onu götürsün. (Ey Musa,) Mən Öz tərəfimdən sənin üçün məhəbbət yetirdim ki, (səni sevələr və) Mənim nəzərim altda ərsəyə çatasan.
  6. O zaman bacın (sandığın ardınca saraya) gedib dedi: «Sizə onu (körpə Musanı) öhdəsinə götürəcək bir şəxs tanıtdırımmı?» (Onlar qəbul etdilər.) Ananın gözünə işıq gəlsin və qəmdən qurtulsun deyə Biz səni (bu sayaq) anana qaytardıq. (Ey Musa,) sən bir şəxsi qətlə yetirdin. Biz səni qəmdən xilas etdik, müxtəlif sınaqlara çəkdik. Bir neçə il Mədyən camaatının yanında qaldın. Sonra təyin olunmuş vaxtda (peyğəmbərliyin qəbulu üçün buraya) gəldin.
  7. (Ey Musa,) Mən səni Özüm üçün ərsəyə gətirib seçmişəm.
  8. (İndi) sən və qardaşın sizə verdiyim ayələrlə yola düşün və Məni yada salmaqda süstlük göstərməyin.
  9. Gedin Firona doğru. O, tüğyan qoparıb.
  10. Onunla yumşaq danışın, bəlkə anlaya və ya qorxa.
  11. (Musa və Harun) dedilər: «Pərvərdigara! Həqiqətən, onun bizə əziyyət verəcəyindən və ya tüğyanını davam etdirəcəyindən qorxuruq.»
  12. (Allah) buyurdu: «Qorxmayın, həqiqətən, Mən sizinləyəm, eşidirəm və görürəm.»
  13. Onun sorağınca gedin, (ona) deyin: «Ey Firon, biz sənin Rəbbinin iki elçisiyik. Bəni-İsraili bizə qoş və onları incitmə. Əlbəttə biz sənin Rəbbin tərəfindən yanına möcüzə ilə gəlmişik. Salam olsun doğru yolu tutan kəsə.»
  14. (Ona deyin,) həqiqətən, bizə vəhy olunub ki, əzab (ilahi ayələri) təkzib edib boyun qaçırana aiddir.
  15. (Firon) dedi: «Ey Musa! Bəs siz iki nəfərin Rəbbi kimdir?»
  16. (Musa) dedi: «“Bizin Rəbbimiz hər şeyə xüsusi yaranış əta edən, onu doğru yola yönəldən kəsdir.»
  17. (Firon) dedi: «Bəs ötən nəsillərin halı necədir?»
  18. (Musa) dedi: «Onun (ötən nəsillərin halının) elmi Rəbbimin yanında bir kitabdadır. Rəbbim nə itirər, nə də unudar.»
  19. Elə bir Allah ki, yer üzünü sizin üçün asayiş məkanı qərar vermiş, onda sizin üçün yollar müəyyənləşdirmiş, səmadan su endirmişdir. Onun (suyun) vasitəsi ilə bitkilərdən müxtəlif zövclər cücərtmişdir.
  20. (Həm özünüz) yeyin, (həm) heyvanlarınızı otarın. Əlbəttə bu işlərdə düşüncə sahibləri üçün nişanələr var.
  21. Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytarar və növbəti dəfə ondan xaric edərik.
  22. Həqiqətən, Biz bütün ayə və möcüzələrimizi ona (Firona) göstərdik. Amma o, təkzib və imtina etdi.
  23. (Firon) dedi: «Ey Musa! Sən öz sehrinlə bizi torpağımızdan çıxarmağamı gəlmisən?!»
  24. (Firon davam etdi,) biz hökmən sənin üçün oxşar bir sehr göstərərik. Aramızda bir vaxt müəyyənləşdir, onu pozmayaq. Hamar və hamı üçün eyni uzaqlıqda olan bir məkan seç.
  25. (Musa) dedi: «Sizə verilən vəd zinət (bayram) günü, insanların bir yerə cəm olacağı günorta vaxtıdır.»
  26. Firon döndü (məclisi tərk etdi). Bütün məkr və hiyləsini toplayıb yenidən gəldi.
  27. Musa onlara (fironçulara) dedi: «Vay olsun sizə! Allaha iftira yaxmayın, sizi ağır əzabla həlak edər. Şübhəsiz, (Allaha qarşı) iftiraya yol verən kəs nakam və ziyankar olar.»
  28. Onlar öz işləri ilə bağlı çəkişir, xəlvəti pıçıldaşırdılar.
  29. (Fironçular) dedilər: “Həqiqətən, bu iki nəfər (Musa və Harun) şübhəsiz, cadugərdir. Onlar öz sehrləri ilə sizi məmləkətinizdən çıxarmaq, üstün ayinlərinizi aradan götürmək istəyirlər.
  30. Qurğularınızı cəmləyin, sonra bir cərgəyə düzülün. Şübhəsiz, bu gün qələbə üstünlük əldə edən kəsindir.
  31. (Sehrbazlar) dedilər: “Ey Musa! Sən (əsanı) atırsan, yoxsa əvvəlcə biz ataq?”
  32. (Musa) dedi: «Bəlkə siz atasınız. (Onlar öz qurğularını ortaya atdıqda) sehrləri nəticəsində Musaya elə göründü ki, onların kəndirləri və əsaları hərəkət edir.»
  33. Musa qorxduğunu hiss etdi. (Məbada, xalq bu sehrə aldana!)
  34. Biz (Musaya) dedik: «Qorxma! Həqiqətən, sən özün üstünsən.»
  35. Sağ əlində olanı at, qoy onların bütün düzəltdiklərini udsun. Həqiqətən, onların hazırladıqları sehrbaz hiyləsidir. Sehrbaz haraya getsə müvəffəq olmaz.
  36. (Musanın möcüzəsini, bütün qurğularının necə udulduğunu gördükdə) sehrbazlar səcdəyə düşdülər və dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik.
  37. (Firon bütün planlarının boşa çıxdığını görüb sehrbazlara) dedi: «Mən sizə icazə verməmiş ona iman gətirdiniz? Şübhəsiz, o sizin başçınızdır, sizə sehr öyrədib. Əl-ayaqlarınızı çarpaz kəsəcək, sizi xurma ağacının budaqlarından asacağam. Tezliklə kimin işgəncəsinin daha ağır olduğunu biləcəksiniz.»
  38. (İman gətirmiş sehrbazlar Firona) dedilər: «Biz heç vaxt bizi yaratmış kəsdən və bizim üçün gəlmiş möcüzələrdən səni üstün tutmayacağıq. İstədiyin hökmü ver. Sən yalnız dünya həyatında hökm verirsən.
  39. Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, xətalarımızı, bizi vadar etdiyin sehrləri bizə bağışlasın. Allah daha üstün və əbədidir.
  40. Həqiqətən, Rəbbinin yanına günahkar kimi gələn hər kəs üçün cəhənnəm var. Orada nə ölər, nə də yaşayar.
  41. İman gətirib saleh işlər görən halda gəlmiş kəslər üçün ali və üstün dərəcələr var.
  42. Altından çaylar axan əbədi bağlar! Onlar həmişə orada qalacaqlar. Bu, özünü paklayanların mükafatıdır.
  43. Həqiqətən, Biz Musaya vəhy etdik ki, bəndələrimizi gecə (Misirdən) yola çıxar. Onlar üçün dərya arasından quru bir yol aç ki, nə təqibdən qorxasan, nə (qərq olmaqdan) çəkinəsən.
  44. Firon öz qoşunu ilə onların ardınca getdi. Dərya onları bürüdü və bütünlüklə qərq etdi.
  45. Firon öz qövmünü azdırdı və doğru yola aparmadı.
  46. Ey Bəni-İsrail! Həqiqətən, Biz sizi düşmənlərdən qurtardıq. Sizinlə Tur dağının sağında vədələşdik. Sizin üçün «mənn» və «səlva» (kimi qidalar) nazil etdik.
  47. Sizə ruzi etdiyimiz pak şeylərdən yeyin, (amma) tüğyan qoparmayın, yoxsa qəhr-qəzəbim sizi bürüyər. Qəzəbimə düçar olan kəs, şübhəsiz, süqut etmişdir.
  48. Şübhəsiz, Mən tövbə edib iman gətirən, saleh işlər görüb doğru yolu tutan hər kəsi bağışlayaram.
  49. (Musaya dedik:) «Ey Musa! Nə səbəb oldu ki, qövmündən qabağa düşdün? (Nə üçün vəd yerinə daha tez gəldin?»
  50. (Musa) dedi: «Onlar (mənim qövmüm) ardımca gəlirlər. Pərvərdigara! Razılığından ötrü Sənə doğru tələsdim.»
  51. (Allah) buyurdu: «Həqiqətən, Biz qövmünü səndən sonra sınağa çəkdik və Samiri onları azdırdı.»
  52. Musa qəzəbli və pərişan halda qövmünün yanına qayıtdı. O dedi: “Ey mənim qövmüm! Rəbbiniz sizə xeyir vəd etməyibmi? (Mənim olmadığım) müddət sizə uzun gəldimi? Yoxsa Rəbbinizin qəzəbinə gəlmək istədiyiniz üçün mənimlə olan vədinizə xilaf çıxdınız?
  53. (İnsanlar Musaya) dedilər: «Biz öz istəyimizlə vədə xilaf çıxmadıq. Onun (Fironun) qövmünün bər-bəzəkləri ilə yüklənmişdik. Biz onları (oda) atdıq. Samiri bu sayaq (bizə) təlqin etdi.»
  54. (Samiri) onlar üçün səs çıxaran erkək buzov heykəli düzəltdi. (Ardıcılları ilə birlikdə insanlara) dedilər: «Bu sizin və Musanın tanrısıdır. «(Samiri Allahı və Musanın bütün təlimlərini) unutdu.»
  55. Görmürlərmi ki, (buzovun) onlara heç bir cavabı yoxdur və onlar üçün xeyir-zərər sahibi deyil?!
  56. Əlbəttə, Harun (Musa gəlməmişdən) öncə onlara demişdi: “Ey mənim qövmüm! Siz onun (buzovun) vasitəsi ilə sınağa çəkilmisiniz. Həqiqətən, mənim Rəbbim Rəhman Allahdır. Mənə tabe olun və göstərişlərimə itaət edin.
  57. (Dindən çıxmış qövm Haruna) dedilər: «Musa yanımıza qayıdanadək bu yoldayıq. (Buzovpərəstlikdən əl çəkməyəcəyik).»
  58. (Musa qardaşının saç-saqqalından yapışıb) dedi: “Ey Harun! Onların yolunu azdığını gördüyün vaxt səni nə dayandırdı?”
  59. Yoxsa mənə itaət etmirsən? (Nə üçün xalqı xilas etmək üçün ardımca gəlmədin?) Yoxsa göstərişimə tabe olmadın?
  60. “(Harun) dedi: (Ey qardaş,) ey anamın oğlu! Saç-saqqalımdan və başımdan tutma. Həqiqətən, qorxdum deyəsən ki, Bəni-İsrail arasına təfriqə saldın, mənim sözlərimi nəzərə almadın!
  61. (Sonra Musa Samiriyə) dedi: «Ey Samiri! Gördüyün bu böyük iş nə üçündür?»
  62. (Samiri) dedi: «Mən başqalarının anlamadığı bir şey anladım. Rəsulun izlərindən bir ovuc götürdüm, onu (buzova) atdım. Nəfsim bu sayaq həmin işi mənə gözəl göstərdi. (Məni aldatdı.)»
  63. (Musa Samiriyə) dedi: «Çıx get. Həqiqətən sənin bu dünyada qazancın “mənə toxunmayın” deməyin olacaq. (Axirətdə) heç vaxt qurtula bilməyəcəyin bir yer var. (İndi) həmişə pərəstiş etdiyin məbuduna bax. Biz hökmən onu oda çəkərik. Sonra onun külünü dənizə səpərik.»
  64. (Ey mənim qövmüm,) həqiqətən, sizin məbudunuz Allahdır, Ondan başqa məbud yoxdur. Onun elmi hər şeyi əhatə edir.
  65. (Ey peyğəmbər,) Biz bu sayaq keçmişin xəbərlərini sənə nəql edirik. Həqiqətən, Biz sənə Öz tərəfimizdən zikr (Quran) vermişik.
  66. Kim ondan (zikrdən) üz döndərsə, hökmən, qiyamət günü üzərinə ağır bir yük götürəcək.
  67. (Onlar) həmin vəziyyətdə həmişəlik qalacaqlar. Bu, qiyamət günü onlar üçün necə də pis yükdür.
  68. Elə bir gün ki, sur üfürülər və Biz həmin gün günahkarları gözləri bulaşıq halda səhnəyə gətirərik.
  69. Onlar öz aralarında astadan danışarlar ki, siz (dünyada) bir neçə (on) gündən artıq qalmadınız.
  70. (Əlbəttə) Biz onların dediklərini daha yaxşı bilirik. Onlar arasında ən yaxşı rəftarı olanlar deyər: “Siz bir gündən çox yubanmadınız!
  71. (Ey peyğəmbər,) səndən (Qiyamətdə) dağlar haqqında soruşarlar. De ki, mənim Rəbbim onları kökündən qoparıb uçurar.
  72. Sonra onları saf və hamar bir səhraya döndərər.
  73. Onda heç bir alçaq-hündürlük müşahidə etməzsən.
  74. Həmin gün (insanlar) heç bir yanlışlığı olmayan dəvətçiyə tabe olarlar (və İsrafilin sədasını gözləyərlər). Rəhmanın qarşısında bütün sədalar kəsilər, ahəstə bir səsdən başqa bir şey eşitməzsən.
  75. Həmin gün Allahın izn verib danışığından razı qaldığı kəs istisna olmaqla şəfaət faydasızdır.
  76. (Allah) onların önündə olandan və (dünyada) arxada qoyduqlarından agahdır. Amma insanların elmi Onu əhatə etmir.
  77. (Həmin gün) bütün çöhrələr ölməz və sarsılmaz Allahın qarşısında xar və zəlil olar. Əlbəttə ki, sitəm yükü götürən məyus olub ziyana düşər.
  78. Hər kəs saleh işlər görüb mömin olsa, sitəm və (mükafatda) əskiklikdən qorxmasın.
  79. Beləcə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Onda müxtəlif bəyanlarla xəbərdarlıq etdik. Bəlkə çəkinələr və ya öyüd götürələr.
  80. (Bil ki,) haqqı buyuran Allah uca mərtəbəlidir. (Ey peyğəmbər,) vəhy başa çatmamış Quranı oxumağa tələsmə. De ki, Pərvərdigara, mənim elmimi artır.
  81. Şübhəsiz, bundan öncə Adəmlə peyman bağladıq. Amma o unutdu və Biz onda əzm görmədik.
  82. Mələklərə «Adəm üçün səcdə edin» dediyimiz vaxt İblisdən başqa hamısı səcdəyə qapıldı. Yalnız o, boyun qaçırıb imtina etdi.
  83. Dedik: «Ey Adəm! Həqiqətən, bu (İblis), sənin və zövcənin düşmənidir. Məbada, sizi behiştdən çıxarsın. Yoxsa əzab-əziyyətə düşəcəksən.»
  84. Həqiqətən, sən orada (behiştdə) nə ac qalarsan, nə də çılpaq.
  85. Burada (behiştdə) nə susuz qalarsan, nə də günəşin istisindən əziyyət görərsən.
  86. Şeytan ona vəsvəsə edib dedi: «Ey Adəm! Sənə əbədilik ağacı və uçulub-dağılmayan mülkü göstərimmi?»
  87. (Adəm və zövcəsi aldanıb,) hər ikisi ondan yedi. Belə ki, (libasları töküldü,) ayıb yerlərini gördülər. Hər ikisi özlərini behişt yarpaqlarına bürüməyə başladılar. Adəm Rəbbinə itaətsizlik göstərdi və yoldan çıxdı.
  88. Sonra Rəbbi onu seçdi, (lütfünü) ona qaytardı və onu hidayət etdi.
  89. (Allah Adəm və Həvvaya) buyurdu: «Oradan (behiştdən, uca məqamdan) enin. Sizin bəziniz bəzinizə düşmən olacaq. Mənim tərəfimdən sizin üçün göstəriş gəldiyi vaxt hər kəs bu göstərişə itaət etsə, nə yolunu azar, nə bədbəxt olar.»
  90. Hər kəs Məni xatırlamaqdan daşınsa, həqiqətən, onu sıxıntılı və çətin bir həyat gözləyir. Biz onu qiyamətdə səhnəyə kor gətirərik.
  91. (Qiyamətdə) deyər: «Pərvərdigara! Nə üçün məni kor məhşur etdin? Axı (dünyada) görürdüm?»
  92. (Allah cavab olaraq) buyurar: “Ayələrimiz sənə yetişən vaxt onları unutduğun kimi, bu gün özün unudulmusan.”
  93. Həddi aşıb israf edən və Rəbbinin ayələrinə iman gətirməyən hər kəsə bu sayaq cəza verərik. Şübhəsiz, axirət əzabı daha şiddətli və davamlıdır.
  94. Bu günkülərə xəbərdarlıq üçün bəs etmədimi ki, bundan öncə evlərinə get-gəl etdikləri xalqlar qəhr-qəzəbimizə düçar oldu?! Həqiqətən, bunda ağıl və düşüncə sahibləri üçün nişanə və ibrətlər var.
  95. Əgər Rəbbinin sünnə və təqdiri, müəyyənləşdirilmiş bir vaxt olmasaydı, hər halda ilahi əzab qaçılmaz olardı.
  96. Onların dediklərinə səbir et. Günəş doğmamışdan və qürub etməmişdən öncə Rəbbinə sitayişlə Ona təsbih de. Gecənin bəzi vaxtlarında və gün ətrafı təsbih söylə. Ola bilsin ki, razı qalasan (xoşhal olasan).
  97. Heç vaxt onlardan bir dəstəsinə verdiyimiz dünya malına göz dikmə. (Dünya malı) dünya həyatının bir cilvəsidir və bununla onları sınamaq istəyirik. Rəbbinin ruzisi isə daha üstün və daha davamlıdır.
  98. Ailənə namazı əmr et. Özün bu işdə möhkəm ol. Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. (Yaxşı) aqibət təqva əhli üçündür.
  99. (Kafirlər) dedilər: «Nə üçün (Peyğəmbər) öz Rəbbi tərəfindən bizim üçün möcüzə və nişanə gətirmir?» Məgər əvvəlki kitablarda onlar üçün aşkar dəlil və nişanə gəlməmişdimi?!
  100. Əgər Biz onları (Peyğəmbərin (s) gəlişi və Quranın nazil olmasından) əvvəl əzab göndərib həlak etsəydik deyərdilər: «Pərvərdigara! Nə üçün bizə peyğəmbər göndərmədin? Biz zəlil və xar olmazdan öncə Sənin ayələrinə itaət edərdik.»
  101. De ki, (biz və siz) hər birimiz intizardayıq. Gözləyin, tezliklə kimlərin doğru yolda olduğunu və kimin hidayət tapdığını biləcəksiniz.