edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qur’ana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

47. (Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Qur’anı da sənə belə nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz şəxslər ona (Qur’ana) inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!

48. (Ya Rəsulum!) Sən bundan (bu Qur’andan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər).

49. Xeyr, bu (Qur’an) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizin ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər.

50. (Müşriklər: ) “Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) mö’cüzə nazil olmadı?” – dedilər. (Ya Rəsulum!) De: “Mö’cüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”

51. Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır!

52. De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!”

53. (Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

54. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri qaplayacaqdır!

55. O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. (Allah) onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyə buyuracaqdır.

56. Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm). Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!

57. Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!

58. İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir!

59. O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!

60. (Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir. (Sizə dininizə görə bir məşəqqət üz verdiyi zaman məişət çətinliklərindən qorxub başqa ölkələrə hicrət etməkdən çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda qoymaz!)

61. (Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?

62. Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi (yerli-yerində) biləndir!

63. Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz! (Müşriklərin xeyirlərilə zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar cəhalətləri üzündən belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır).

64. Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).

65. (Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.

66. Onlara verdiyimiz ne’məti inkar etsinlər və (dünyada istədikləri kimi) kef çəkib zövz alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin ağır nəticəsini) mütləq biləcəklər!

67. Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın ne’mətinimi danırlar?

68. Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Qur’an və peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır! Niyə bunu dərk etmirlər?)

69. Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö’minlərin tərəfində durar!)

Quran V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi