5.Maidə surəsinin tərcüməsi

5.Maidə surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Maidə (Süfrə) surəsi

(Mədinədə nazil olmuşdur, 120 ayədir)

Rəhman və rəhim Allahın adı ilə

  1. Ey iman gətirənlər! (Allah və xalqla olan) əhdlərə vəfa edin. (Qadağan hökmü) sizə oxunacaq şeylər istisna olmaqla dördayaqlılar (onların ətini yemək) sizin üçün halal edilmişdir. Ehram (həcc qiyafəsi) halında ovu halal saymayın. Həqiqətən, Allah istədiyini (məsləhət bildiyini) hökm edər.
  2. Ey iman gətirənlər! İlahi mərasimlərin, haram ayın, həcc qurbanlığı və həcc üçün nişanlanmış heyvanların, Allahdan fəzl və razılıq diləyən Allah evi yolçularının hörmətini sındırmayın. Ehram halından çıxdığınız vaxt (və ümrə əməllərini sona çatdırdıqda) ov edə bilərsiniz. Sizi Məscidül-həramdan çıxarmış dəstə ilə düşmənçilik sizi ədalətsizliyə və təcavüzə vadar etməsin. Yaxşı işlərin icrasında və çirkinliklərdən uzaqlıqda bir-birinizə yardım göstərin. Heç vaxt günah və sitəmdə bir-birinizə kömək etməyin və Allahdan çəkinin. Həqiqətən, Allahın cəzası ağırdır.
  3. Ölü heyvan, qan, donuz, Allahdan qeyrisinin adına kəsilmiş heyvan, boğulma, döyülmə, yıxılma, buynuzla vurulma səbəbindən ölmüş heyvan, yırtıcıların parçaladığı heyvan (ətini yemək) sizə haram edilmişdir. (Yırtıcı tərəfindən öldürülməmiş) şəri qaydada kəsilənlər istisnadır. Eləcə də, bütlər üçün kəsilmiş və ya qumar oxları vasitəsi ilə bölünmüş heyvanlar haramdır. Bütün bunlar Allaha itaətsizlikdir. Bu gün (hicri onuncu il, zil-hiccə ayının on səkkizinci günü Həzrət Əli (ə) Allahın əmri ilə Peyğəmbərə (s) canişin seçildi) kafirlər sizin dininizdən (onun məhv olmasından) məyus oldular. Onlardan yox, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim və Öz nemətimi sizin üçün tamamladım. İslamı sizin üçün din olaraq seçdim. Hər kəs aclıqdan əziyyət çəksə, günaha meyl etmədən (haram olmuş qidalardan bəhrələnə bilər), həqiqətən, Allah bağışlayan və mehribandır.
  1. (Ey peyğəmbər,) səndən soruşurlar ki, onlar üçün nələr halal olmuşdur? De ki, “bütün pak şeylər sizin üçün halal olmuşdur. (Eləcə də) ov ardınca göndərdiyiniz və Allahın sizə öyrətdiyinə xatir öyrətdiyiniz ov itlərinin (ovu). Onların sizin üçün tutduqlarından yeyin. (Ov heyvanını göndərən zaman) Allahın adını çəkin və Allahdan çəkinin. Allah tez hesab çəkəndir.
  2. Bu gün bütün pak və könül oxşayan şeylər sizin üçün halal oldu. Kitab əhlinin təamı sizin üçün halaldır. Sizin təam da onlar üçün halaldır. Pak, imanlı, eləcə də, sizdən əvvəl kitab verilmiş kəslərdən olan pak qadınlar (ilə izdivac) caizdir. Bir halda ki, qadınların mehriyyəsini ödəyin, zinakar yox, pak olun, gizlində (qeyri-şəri) dost tutmayın. Hər kəs öz imanını küfrə dəyişsə, hökmən onun əməli puç olmuşdur və o, axirətdə ziyankarlardandır.
  3. Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzünüzü və əllərinizi dirsəyədək yuyun, başınızın bir hissəsi və ayaqlarınızın üzünə yoxuşadək məsh çəkin. Cünub olduqda özünüzü pak edin (qüsl verin). Əgər xəstə və ya müsafir olsanız, ya sizlərdən biri ayaqyolundan gəldikdə, ya qadınlarla yaxınlıq etdikdə (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, pak torpaqla təyəmmüm edin. Üzünüz və əllərinizə həmin torpaqdan məsh çəkin. Allah sizi çətinlikdə qoymaq istəmir. Əksinə, sizi pak etmək və nemətini sizin üçün tamamlamaq istəyir. Bəlkə şükür edəsiniz.
  4. Xatırlayın Allahın sizə əta etdiyi neməti və “eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdi! Allahdan çəkinin! Çünki Allah sinələrdə olandan agahdır.
  5. Ey iman gətirənlər! Bütün vücudunuzla daim Allah üçün qiyam edin, insaf və ədalətə şahid durun. Bir qövmlə düşmənçilik heç vaxt sizi ədalətsizliyə vadar etməsin. Ədalətə riayət edin ki, bu, təqvaya daha yaxındır. Allahdan çəkinin ki, həqiqətən, Allah gördüyünüz işlərdən agahdır.
  6. Allah yalnız iman gətirib saleh işlər görənlərə bağışlanma və böyük mükafatlar vəd etmişdir.
  7. Küfr edib, Bizim ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.
  8. Ey iman gətirənlər! Allahın nemətini özünüzə xatırladın. (Düşmənlərin) bir dəstəsi sizə düşməncəsinə əl uzatmaq fikrinə düşdükdə Allah onların əllərini gödəltdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
  9. Həqiqətən, Allah Bəni-İsraildən əhd aldı. Onların arasından (on iki tayfa üçün) on iki rəhbər seçdik. Allah onlara buyurdu: “Mən sizinləyəm. Əgər namazı bərpa etsəniz, zəkat ödəsəniz, peyğəmbərlərimə iman gətirib yardım göstərsəniz, Allaha yaxşı borc versəniz, şübhəsiz, günahlarınızı örtərəm və sizi altından çaylar axan bağlara daxil edərəm. Bundan sonra sizdən kim kafir olsa, həqiqətən, doğru yoldan azmışdır.
  10. (Bəni-İsrailə) əhdlərini sındırdıqları üçün lənət etdik (rəhmətimizdən uzaqlaşdırdıq). Onların qəlblərini bərkitdik. Onlar (ilahi) kəlmələrin yerini təhrif edirlər. Onların nəzərinə çatdırılanlardan bir hissəsini unutdular. Sən daim onların xəyanətlərindən xəbərdar olarsan. (Onların hər gün yeni bir xəyanətləri, qurğuları vardır.) Onların bir hissəsi istisnadır. (Daşqəlbli, təhrifçi xain deyildirlər.) Onlardan keç və büdrəmələrinə göz yum. Həqiqətən, Allah yaxşı əməl sahiblərini dost tutur.
  11. Biz məsihiyik” deyən kəslərdən əhd aldıq. Onlar (Bəni-İsrail kimi) nəzərlərinə çatdırılanların bir hissəsini unutdular. Düşmənçilik və kin-küdurəti qiyamət gününədək aralarında qərar verdik. Allah tezliklə onları gördüyü işlərdən agah edəcəkdir.
  12. Ey kitab əhli! Həqiqətən, Bizim peyğəmbərimiz sizə doğru gəldi. (Səmavi) kitabdan bir çox şeyləri gizlətdiyiniz halda sizə bəyan edər və çox şeydən (hazırda ehtiyac olmayan sizin xilaflarınız və gizlətdiyiniz həqiqətlərdən) keçər. Şübhəsiz, Allah tərəfindən sizin üçün nur və aşkar kitab gəlmişdir.
  13. Allah onun (kitabın) vasitəsi ilə Allahın razılığı sorağında olan kəsləri əmin-amanlıq və qurtuluş yollarına hidayət edir. Onları Öz istəyi ilə zülmətlərdən işıqlığa çıxarır və doğru yola yönəldir.
  14. Allah Məryəmin oğlu Məsihdir” deyənlər, şübhəsiz ki, kafir oldular. (Ey peyğəmbər, onlara) de ki, əgər Allah Məryəm oğlu Məsih, onun anası və yer üzündə olan hər kəsi həlak etmək istəsə, kimin bunun (qəhrin) qarşısında əlindən bir iş gələr? Göylər və yer, onların arasında olanlar Allahın hakimiyyətindədir. İstədiyini yaradır, Allah hər şeyə qadirdir.
  15. Yəhudilər və məsihilər dedilər: “Biz Allahın oğulları və (xüsusi) dostlarıyıq.” De ki, bəs nə üçün sizi günahlarınıza görə cəzalandırır? (Belə deyil,) siz də Onun məxluqlarından olan insanlardansınız. (Üstünlüyünüz yoxdur.) (Allah) istədiyini (layiqli bilsə) bağışlayar və istədiyinə əzab verər. Göylərin və yerin, onların ikisi arasında olanların hakimiyyəti Allahındır. Qayıdış və son yalnız Ona doğrudur.
  16. Ey kitab əhli! Həqiqətən, Bizim rəsulumuz peyğəmbərlərin olmadığı bir dövrdə sizə doğru gəldi ki, (həqiqətləri) sizin üçün bəyan etsin. Məbada, deyəsiniz ki, bizə müjdə verən və bizi qorxudan (bir kəs) gəlmədi. Həqiqətən də, sizin üçün müjdəçi və qorxudan gəldi. Allah hər şeyə qadirdir.
  17. (Xatırlayın) O zaman ki, Musa öz qövmünə dedi: “Ey mənim qövmüm! Özünüzə Allahın nemətini xatırladın. Bir zaman ki, sizin aranızda peyğəmbərlər qərar verdi, sizə mükafatlar təyin etdi (Var-dövlət, can, namus, hökumət sahibi oldunuz) sizə elə şeylər verdi ki, aləmdəkilərdən kimsəyə verilməmişdi.
  18. (Musa buyurdu:) Ey mənim qövmüm! Allahın sizin üçün müəyyənləşdirdiyi müqəddəs torpağa varid olun və ziyankarlardan olmamaq üçün geriyə dönməyin.
  19. (Bəni-İsrail cavab olaraq) dedi: “Ey Musa! Həqiqətən, həmin yerdə zalım bir qövm var və nə qədər ki, onlar oradan çıxmayıb, heç vaxt ora daxil olmarıq. Əgər oradan çıxsalar, şübhəsiz daxil olarıq.
  20. (Allahdan) qorxan və Allahın hikmət (ağıl, iman və şücaət) verdiyi iki şəxs dedi: “Şəhər darvazasından düşmənin üstünə yeriyin (və qorxmayın), elə ki, daxil oldunuz, həqiqətən, qalibsiniz. Əgər imanınız varsa, Allaha təvəkkül edin.
  21. (Bəni-İsrail) dedi: “Ey Musa! Nə qədər ki, onlar (zalımlar) həmin şəhərdədir, biz heç vaxt oraya daxil olmayacağıq. Sən və sənin Allahın gedin (onlarla) döyüşün. Biz isə buradaca oturmuşuq.
  22. (Musa) dedi: “Pərvərdigara! Həqiqətən, məndə özümdən və qardaşımdan başqasının ixtiyarı yoxdur. Bizimlə günahkar qövm arasında ayrılıq sal.
  23. (Allah Musaya) buyurdu: “Doğrudan da, o (müqəddəs yer) qırx ilədək onlara qadağan olundu. (Süstlük və müxalifətçiliklərinə xatir bu uzun müddəti) yer, üzündə avara qalacaqlar. Bu günahkar qövmə görə təəssüf etmə.
  24. (Ey peyğəmbər,) Adəmin iki oğlunun əhvalatını xalqa olduğu kimi oxu. O zaman ki, (onlardan hər biri) qurbanlıq gətirdi, birindən (Habildən) qəbul olundu, o birindən (Qabildən) qəbul olunmadı. (Qabil) dedi: “Səni hökmən öldürəcəyəm.” (Habil) dedi: “Allah yalnız təqvalılardan qəbul edir.
  25. (Habil qardaşı Qabilə dedi:) «Əgər məni öldürmək üçün əlini uzatsan, mən heç vaxt səni öldürmək üçün əl uzatmayacağam. Çünki mən Allahdan, aləmlərin Rəbbindən qorxuram.»
  26. Həqiqətən, mən istəyirəm ki, sən mənim günahım və öz günahınla (Allaha tərəf) qayıdasan və cəhənnəm əhlindən olasan. Və budur zalımların cəzası!
  27. Nəfsi (həsəddən doğan vəsvəsələrlə) qardaşını qətlə yetirməyi onun üçün asan və ram etdi. Onu öldürdü, nəticədə ziyankarlardan oldu.
  28. Allah bir qarğa göndərdi ki, yeri qazmaqla qardaşının cəsədini necə basdırmağı göstərsin. (Qabil) dedi: “Vay olsun mənə! Bu işdə bu qarğa qədər də olmaqda acizəm ki, qardaşımın cəsədini dəfn edəm! Nəhayət, o peşmançılardan oldu.
  29. Bu səbəbdən Bəni-İsrail üçün yazdıq ki, qisas və ya yer üzündə fəsad cəzası olmadan bir insanı öldürən şəxs bütün xalqı öldürmüş kimidir. Hər kəs bir insanı diriltsə (ölümdən və ya azğınlıqdan qurtarsa), bütün xalqı diriltmiş kimidir. Əlbəttə, peyğəmbərlərimiz xalq üçün aşkar dəlillər gətirdilər. Amma (bununla belə) xalqın bir çoxu bundan (peyğəmbərlərin bildirişindən) sonra yer üzərində israfçı oldular.
  30. Həqiqətən, Allah və Onun rəsulu ilə savaşa qalxanların, (silah, hədə, qarətlə) yer üzündə fəsad törətməyə çalışanların cəzası budur ki, ya öldürülsünlər, ya dara çəkilsinlər, ya əl-ayaqları çarpazı kəsilsin, ya da yerlərindən sürgün olsunlar. Bu onların zillət dolu dünyəvi cəzalarıdır və axirətdə onlar üçün böyük bir əzab var.
  31. O kəslər istisnadır ki, sizin əlinizə keçməmişdən qabaq tövbə etmiş olsunlar. Bilin ki, Allah bağışlayan və mehribandır.
  32. Ey iman gətirənlər! Allahdan çəkinin və Ona doğru (yaxınlaşmaq üçün) vəsilə axtarın. Onun yolunda cihad edin. Bəlkə nicat tapasınız.
  33. Həqiqətən, kafir olan kəslər qiyamət günü əzabdan qurtulmaq üçün bütün yer üzündə olanları əldə edib fidyə versələr belə, onlardan qəbul olunmaz. Onlar üçün dərdli əzab var.
  34. Onlar cəhənnəm odundan çıxmaq istəyirlər. Halbuki oradan çıxası deyillər və onlar üçün daimi əzab var.
  35. Kişi və qadın oğrunun gördükləri işə görə əllərini kəsin. Bu, Allah tərəfindən bir cəzadır və Allah iqtidar və hikmət sahibidir.
  36. Hər kəs öz zülmündən sonra tövbə etsə və (öz pisliklərini) islah etsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.
  37. Yoxsa bilmirdin ki, göylərin və yerin hakimiyyəti yalnız Allahındır? O, istədiyini (hikmət əsasında) cəzalandırır, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir. (Günahkara əzab verir, tövbəkarı bağışlayır.)
  38. Ey peyğəmbər! Küfrə tələsən kəslər səni qəmləndirməsin. (İstər) dildə “iman gətirmişik” deyib qəlbdə iman gətirməyən dəstə olsun, (istər) yalan qurmaq üçün sənin sözünə diqqətlə qulaq asan yəhudilər olsun ki, başqa bir qövm üçün sənin yanına gəlib sözlərinə qulaq asırlar. Onlar kəlmələrin yerini dəyişir və deyirlər: “Əgər bu mətləb sizə verilmişsə, alın və qəbul edin. Əgər sizə verilməmişsə, uzaqlaşın. (Ey peyğəmbər,) Allah kimi istəsə sınağa çəkər, rüsvay edər. Sən heç vaxt Allahın qəhri qarşısında həmin şəxs üçün bir şey edə bilməzsən. Onlar həmin kəslərdir ki, Allah qəlblərini pak etmək istəməmişdir. Onlar üçün dünyada zillət və xarlıq, axirətdə böyük əzab var.
  39. Onlar yalan qoşmaq üçün diqqətlə dinləyirlər və daim haram mal (rüşvət və sələm) yeyirlər. Əgər (mühakimə üçün) sənin yanına gəlsələr, ya aralarında mühakimə et, ya da onlardan üz döndər. Əgər onlardan üz döndərsən heç vaxt sənə bir zərər yetirməyəcəklər. Əgər hakimlik etsən, aralarında ədalətlə mühakimə apar. Həqiqətən, Allah ədalət sahiblərini dost tutur.
  40. (Yəhudilər) Tövrat əllərində ikən və Allahın hökmü onda varkən nə üçün səni hakim qərar verirlər? Sonra isə sən də o kitaba uyğun hökm verdikdə) üz döndərirlər. Onlar mömin deyillər.
  41. Həqiqətən Biz Tövratı nazil etdik, onda hidayət və nur var. Allahın fərmanlarına təslim olmuş ilahi tərbiyəçilər onun əsasında yəhudilərə hökm verirdilər. (Eləcə də) ilahi mürəbbilər və alimlər qorunması üçün tapşırıq aldıqları və şahid olduqları səmavi kitab əsasında hakimlik edirdilər.( Ey alimlər,) xalqdan qorxmayın. (Allahın hökmlərini bəyan edin!) Məndən qorxun və Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi əsasında hökm etməyənlər həmin kafirlərdirlər.
  42. Onda (Tövratda) onlar üçün qərarlaşdırdıq ki, (qisasda) can əvəzində can, göz əvəzində göz, burun əvəzində burun, qulaq əvəzində qulaq, diş əvəzində diş olsun. Bütün yaralar üçün də (yenə həmin tərtib və ölçüdə) qisasdır. Hər kəs onu sədəqə etsə (bağışlasa), günahlarının kəffarəsi sayılar. Allahın nazil etdiyi əsasında hökm etməyən kəslər həmin sitəmkarlardır.
  43. Onların (əvvəlki peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı gətirdik. Halbuki o, özündən əvvəlki Tövratı təsdiq edəndir. Onda təqvalılar üçün hidayət və moizə vardır.
  44. İncil əhli Allahın o kitabda nazil etdiyi əsasında hökm etsin. O kəslər ki, Allahın nazil etdiyi əsasında hökm etmirlər, onlar həmin azğınlardır.
  45. Biz kitabı (Quranı) sənə haqq olaraq nazil etdik. Belə ki, (o,) əvvəlki səmavi kitabları təsdiq edir, onların hakimi və hafizidir. Onlar arasında Allahın nazil etdiyi ilə hökm et! Sənin üçün gəlmiş haqqı qoyub onların nəfs istəklərinə tabe olma. Biz sizlərdən hər biriniz üçün aşkar ayin və yol qərar verdik. Əgər Allah istəsəydi, sizin hamınızı vahid ümmət qərar verərdi. (Hamınızın bir qanun və ayini olardı.) Amma (Allah istəyir ki,) sizə verdiyi ilə sizi sınağa çəkə. Belə isə, yaxşı işlərdə önə keçin. (Bilin ki,) hamınızın qayıdışı Allaha doğrudur. O sizi ixtilaf etdiyiniz şeydən agah edəcək.
  46. Onların arasında Allahın nazil etdiyi ilə hökm et və onların nəfs istəklərinə tabe olma. Həzər qıl ondan ki, səni Allahın nazil etdiklərinin bəzisində azdırmasınlar. Əgər onlar (sənin hökm və mühakiməndən) üz döndərsələr, bil ki, Allah onları bir sıra günahlarına görə cəzalandırmaq istəyir. Şəksiz, xalqın çoxu günah əhlidir.
  47. Onlar cahiliyyət hökmü istəyirlərmi? İman və yəqin əhli üçün kimin mühakiməsi Allahdan üstündür?!
  48. Ey iman gətirənlər, yəhudiləri və məsihiləri özünüzə rəhbər və yardımçı götürməyin. (Çünki) onlardan bəziləri digərlərinin yardımçısıdırlar. Sizdən onları rəhbər götürən hər kəs, şübhəsiz, onlardandır. Həqiqətən, Allah sitəmkar qövmü hidayət etməz.
  49. (Bir bu qədər xəbərdarlığa baxmayaraq) qəlbi xəstə olanları kafirlərlə dostluğa tələsən görürsən. (Onlar öz işlərinə don geyindirib) deyirlər: “Qorxuruq ki, pis bir hadisə ilə üzləşək (onların köməyinə möhtac olaq).” Ümid var ki, Allah Öz tərəfindən bir qələbə və ya müsəlmanların xeyrinə) bir iş önə çıxarsın və həmin vaxt onlar qəlblərində gizlətdiklərinə görə peşman olsunlar.
  50. O kəslər ki, iman gətirdilər (müsəlmanların qələbəsi, münafiqlərin rüsvayçılığı zamanı təəccüblə bir-birlərinə ) deyərlər: “Bunlar təkidlə “biz sizinləyik” deyə and içən kəslərdirmi? (Nə üçün işləri bu yerə gəlib çıxdı?) Əməlləri puç oldu, ziyana uğradılar.
  51. Ey iman gətirənlər! Sizlərdən hər kəs öz dinindən dönsə (Allaha zərər yetirməz, çünki) Allah gələcəkdə bir qövm gətirəcək ki, onları sevir və onlar da Allahı sevirlər. Onlar möminlərə münasibətdə mülayim və təvazökar, kafirlərə münasibətdə sərt və qətidirlər. Onlar Allah yolunda cihad edər, heç bir məzəmmətçinin məzəmmətindən çəkinməzlər. Bu, Allahın istədiyinə verdiyi fəzldir. Allah genişlik bəxş edən və çox biləndir.
  52. Sizin rəhbəriniz yalnız Allah, Onun peyğəmbəri və namazı bərpa edib rüku halında zəkat verən möminlərdir.
  53. Hər kəs Allahı, Onun peyğəmbərini və (əvvəlki ayədə bəyan olunmuş) möminləri özünə rəhbər götürsə (Allahın firqəsindəndir). Həqiqətən, Allahın firqəsi qalibdir.
  54. Ey iman gətirənlər! Sizin dininizi məsxərəyə qoyub, oyun-oyuncaq sayanları, sizdən əvvəl kitab verilənləri, (eləcə də) kafirləri özünüzə rəhbər tutmayın. Əgər imanınız varsa, Allahdan çəkinin.
  55. Nə vaxt siz (azan vasitəsi ilə xalqı) namaza çağırırsınız, onu məsxərəyə qoyurlar. Bunun səbəbi onların düşünməyən bir qövm olmasıdır.
  56. De ki, ey kitab əhli! Bizə bunu irad tutursunuzmu ki, Allaha, bizə nazil olana və əvvəldən nazil olana iman gətirmişik? Həqiqətən, sizin çoxunuz haqq sərhədindən çıxmışsınız və günahkarsınız.
  57. De ki, sizə Allah hüzurunda bundan da ağır cəza (sahibləri) haqqında xəbər verimmi? Onlar Allahın lənət etdiyi, qəzəbinə gətirdiyi, bir qismini meymun və donuz şəklinə saldığı, tağuta pərəstiş edən kəslərdir. Onların Allah yanında yerləri çox pisdir. Onlar düz yoldan daha çox azmışlar.
  58. Əgər (münafiqlər və ya kitab əhlindən bəziləri) sizin yanınıza gəlsələr, deyərlər: “İman gətirdik.” Halbuki onlar sizin yanınıza küfrlə gəlir və həmin küfrlə gedirlər. Allah onların gizlətdiklərindən daha çox xəbərdardır.
  59. Onların («imanlıyam» deyənlərin) çoxunun günah, zülm və haramxorluqda tələsdiyini görərsən. Doğrudan da, onların işi necə də çirkindir?!
  60. Nə üçün məsihi və yəhudi alimləri onları günah sözdən və haram mal yeməkdən çəkindirmirlər? Onların işi necə də pisdir?!
  61. Yəhudilər dedilər: “Allahın əli bağlıdır.” Əlləri bağlansın və bu sözlərin cəzası olaraq Allahın lütfündən uzaq olsunlar. Əksinə, Allahın iki (qüdrət) əli açıqdır – istədiyi kimi infaq edir. Əlbəttə, Rəbbin tərəfindən sənə nazil olan şey onların bir çoxunun küfr və tüğyanını artırır. Biz onların arasında qiyamət gününədək düşmənçilik və kin salmışıq. Hər dəfə döyüş alovunu şölələndirəndə Allah onu söndürdü. Onlar daim yer üzündə fəsad və günaha çalışırlar. Allah fəsad əhlini sevməz.
  62. Əgər kitab əhli (yəhudilər və məsihilər) iman gətirib təqva yolunu seçsələr, hökmən Biz onların günahlarını bağışlayarıq və onları behişt nemətləri ilə dolu bağlara daxil edərik.
  63. Əgər onlar (yəhudilər və məsihilər) Tövrat və İncili, Rəbləri tərəfindən onlara nazil olanı bərpa etsəydilər, başlarının üstündən (səmadan) və ayaqlarının altından (yerdən) ruzi yeyərdilər. Onlardan bəziləri orta haldadırlar. Amma çoxlarının gördüyü iş pisdir.
  64. Ey peyğəmbər! Rəbbin tərəfindən (Həzrət Əlinin (ə) vilayəti və canişinliyi haqqında) sənə nazil olanı elan et. Əgər belə etməsən, ilahi risaləti çatdırmamısan. (Bil ki, Allah səni xalqdan (onun şərindən) hifz edər. Həqiqətən, Allah kafir qövmü hidayət etməz.
  65. De ki, ey kitab əhli! Tövrat, İncil, Rəbbiniz tərəfindən nazil olanı bərpa etməyincə heç bir dəyəriniz yoxdur. Həqiqətən, Allahın tərəfindən sənə nazil olan onların bir çoxunun tüğyan və küfrünü artıracaq. Kafirlərə (onların müxalifətinə) görə təəssüf etmə.
  66. Həqiqətən iman gətirənlər, möminlər, yəhudilər, sabiilər, məsihilər, qiyamət gününə iman gətirib saleh iş görənlərin heç biri üçün qəm yoxdur.
  67. Həqiqətən, Biz Bəni-İsraildən əhd aldıq və onlara peyğəmbərlər göndərdik. (Amma) hər vaxt bir peyğəmbər onlar üçün könüllərincə olmayan söz və bildiriş gətirdi, bir dəstəni təkzib edib, digər bir dəstəni öldürdülər.
  68. (Yəhudilər özlərini xalqdan və Allahın övliyalarından üstün tutduqları üçün ) cəza və sınağa düçar olmayacaqlarını güman etdilər. (Həqiqətləri gördükdən sonra) kor və kar oldular. Sonra Allah (onlara lütf göstərərək) tövbələrini qəbul etdi. Növbəti dəfə onlardan çoxu (ilahi ayələri görməkdə və ya eşitməkdə) kor və kar oldular. Allah onların etdiklərini görəndir.
  69. Həqiqətən, “Allah həmin Məryəm oğlu Məsihdir” deyənlər qəti kafir oldular. (Nə üçün belə deyirlər,) halbuki Məsih özü deyirdi: “Ey Bəni-İsrail, Allaha pərəstiş edin, O mənim və sizin Allahınızdır. Şübhəsiz, Allah Ona şərik qoşan kəsə behişti haram etmişdir və onun yeri cəhənnəmdir. Sitəmkarların heç bir yardımçısı yoxdur.
  70. Həqiqətən, Allah üçdən biridir” deyənlər kafir oldular. Bir Allahdan savay Allah yoxdur. Əgər dediklərindən əl götürməsələr, kitab əhlinin kafirlərinə, şübhəsiz, dərdli əzab yetişəcək.
  71. Məgər tövbə edib, Ondan bağışlanma diləməzlərmi? Halbuki Allah bağışlayan və mehribandır.
  72. Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir, ondan qabaq da peyğəmbərlər olmuşdur. Onun anası çox doğruçu və əməlisaleh idi. O iki nəfər (başqa insanlar kimi) çörək yeyirdilər. (Demək, heç biri Allah deyildir.) Gör ki, ayələri xalq üçün necə bəyan edirik? Gör ki, bu xalq (haqdan) necə üz döndərir?
  73. (Ey peyğəmbər! Xalqa) de ki, sizin üçün heç bir faydası və zərəri olmayan, Allahdan qeyrisinəmi pərəstiş edirsiniz? Halbuki Allah eşidən və biləndir.
  74. (Ey peyğəmbər,) de ki, ey kitab əhli! Öz dininizdə nahaqdan həddi aşmayın. Bundan qabaq yolunu azmış və bir çoxlarını azdırmış, (indi isə) haqq yoldan uzaq düşmüş qövmün həvəslərinə tabe olmayın.
  75. Bəni-İsraildən kafir olan kəslər Davud və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bunun (lənət və nifrinin) səbəbi bu idi ki, onlar üsyan edib, Allahın göstərişlərinə təcavüz edirdilər.
  76. Onlar bir-birlərini gördükləri pisliklərdən çəkindirmirdilər. (Nəhy əz münkər etmirdilər.) Doğrusu, gördükləri iş necə də pisdir!
  77. Onların (Bəni-İsrailin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. (Onları özlərinə rəhbər götürürlər.) Öncədən necə də pis əməllər göndərirlər? (Nəticədə) Allah onlara qəzəb etdi və onlar əzabda əbədi qalacaqlar.
  78. Əgər Allaha, peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, heç vaxt onları (kafirləri) sevməzdilər. Amma onların bir çoxu günahkarlardır.
  79. Yəhudilərin və müşriklərin iman əhlinə münasibətdə ən qatı düşmən olduğunu görərsən. “Biz məsihiyik” deyənlərin isə dostluq baxımından möminlərə ən yaxın olduğunu bilərsən. Bu (dostluq) o baxımdandır ki, onlardan bəziləri keşiş və rahiblərdir, onlar təkəbbür göstərməzlər.
  80. (Məsihilər) hər vaxt peyğəmbərə nazil olmuş ayəni eşitdikdə, görürsən ki, haqqı tanıdıqlarından gözləri yaşla dolur və deyirlər: “Pərvərdigara! Biz iman gətirdik, adımızı (haqqa) şahidlər zümrəsində yaz.
  81. (Deyirlər:) nə üçün Allaha və bizim üçün gəlmiş həqiqətə iman gətirməyək? Halbuki Rəbbimizin bizi salehlərlə birlikdə (behiştə) daxil edəcəyinə ümidvarıq.
  82. Allah bu sözlərin (şəhadətlərinin) əvəzində onlara altından çaylar axan bağlar verdi. Daim orada qalarlar və budur yaxşı əməl sahiblərinin mükafatı.
  83. Kafir olub ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.
  84. Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri özünüzə haram etməyin və həddi aşmayın ki, Allah təcavüzkarları sevməz.
  85. Allahın sizə bəxş etdiyi halal və pak ruzilərdən yeyin. İman gətirdiyiniz Allahdan çəkinin.
  86. Allah sizi boş, hədər andlarınıza görə sorğuya çəkməz. Amma bilərəkdən içdiyiniz andlara görə cəzalandırar. Onun (andı pozmağın) kəffarəsi ailənizə yedirdiyinizdən orta həddə on fəqirə təam vermək, ya on fəqiri geyindirmək, ya da qul azad etməkdir. Əgər bir kəs (qida, geyim və qul) tapmasa, üç gün oruc tutsun. Bu, sizin andlarınızın kəffarəsidir. Nə vaxt and içdinizsə, andlarınıza diqqət yetirin. Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə şükür edəsiniz.
  87. Ey iman gətirənlər! Həqiqətən, şərab, qumar, bütlər, püşk oxları çirkin və şeytani işlərdəndir. Onlardan çəkinin ki, bəlkə nicat tapasınız.
  88. Həqiqətən, şeytan şərab və qumar vasitəsi ilə sizin aranıza düşmənçilik və kin salmaq istəyir. (İstəyir ki,) sizi Allahın zikrindən və namazdan ayırsın. (Bütün bu fəsadları nəzərə alıb) əl çəkirsinizmi?
  89. Allaha itaət edin, peyğəmbərə tabe olun və (itaətsizlikdən) çəkinin. Əgər üz döndərsəniz (itaət etməsəniz), bilin ki, Bizim rəsulumuzun vəzifəsi yalnız aşkar bəyan etməkdir.
  90. İman gətirib saleh işlər görənlər üçün (şərab qadağan olanadək) içdikləri üçün qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.
  91. Ey iman gətirənlər! Allah sizi əllər və nizələrin çatdığı ovla sınağa çəkər ki, kimin batində Ondan qorxduğu məlum olsun. (Kim Onun əmrinə tabedir və ovdan keçir.) Bundan sonra kim təcavüz etsə, onun üçün dərdli əzab var.
  92. Ey iman gətirənlər! Ehram halında ovu öldürməyin. Sizlərdən hər kəs bilərəkdən ovu öldürsə, cəzası və kəffarəsi öz aranızdan olan iki ədalətli şahidin (oxşarlığını) təsdiq etdiyi oxşar heyvanın kəsilməsidir. (Bu qurbanlıq heyvan) Kəbəyə çatası bir hədiyyədir. Ya da (qurbanlıq yerinə) əvəz üçün (altmış) fəqirə təam versin, ya da o qədər oruc tutsun. (Bu üç kəffarənin səbəbi odur ki,) öz işinin cəzasını alsın. Allah sizin keçmişinizi bağışladı. Hər kəs bu işi təkrar etsə, Allah ondan intiqam alar. Allah yenilməzdir və intiqam alandır.
  93. (Əlbəttə,) dəniz ovu və onun qidaları sizə halal oldu. (Bu ov) sizin üçün və karvan əhli üçün azuqədir. Amma nə qədər ki, ehramdasınız, səhra ovu sizə haramdır. Hüzurunda dayanacağınız Allahdan çəkinin.
  94. Allah Beytül-həram. Kəbəni xalqın sahmana düşüb möhkəmlənməsi üçün qərar verdi. Eləcə də, haram ay və nişanlı-nişansız qurbanlıqlar (xalqın sahmanı üçün müəyyənləşdi), bu onun üçündür ki, Allahın göylərdə və yerdə olanlardan xəbərdarlığını bilsinlər. Allah hər şeydən agahdır.
  95. Bilin ki, həqiqətən Allah şiddətli cəza verəndir və həqiqətən Allah bağışlayandır və rəhimdir.
  96. Peyğəmbər yalnız ilahi hökmləri bəyan etməlidir. Allah aşkarda və gizlində gördüyünüz işlərdən xəbərdardır.
  97. (Xalqa) de ki, xəbisin (napakın) sayı səni heyrətə gətirsə də xəbislə (napakla) pak eyni deyil. Ey düşüncə sahibləri! Allahdan qorxun, bəlkə nicat tapasınız.
  98. Ey iman gətirənlər! Aşkarlanacağı təqdirdə sizi narahat edəcək işlər barədə soruşmayın. Əgər Quran nazil olan vaxt onlar haqqında soruşsanız, sizin üçün aydınlaşar. Allah sizin yersiz suallarınızı bağışladı. Allah bağışlayan və həlimdir.
  99. Həqiqətən, qədimdəkilərdən olan bir qrup da (bu sayaq suallar) soruşurdu. (Əməl gücü olmadığından) ona münasibətdə inkarçı və kafir oldular.
  100. Allah heç bir bəhirə (qulağı çərtilmiş heyvan), saibə (çox doğub törədiyindən azad buraxılmış heyvan), vəsilə (dişi ilə birlikdə ekiz doğulmuş heyvan), ham (cütləşmə üçün on dəfə istifadə olunmuş dəvə) haqqında hökm verməmişdir. (Və sizə onlardan istifadəni qadağan etməmişdir.) Amma kafirlər Allaha iftira yaxırlar və onların çoxu düşüncə əhli deyil.
  101. Nə vaxt onlara “Allahın nazil etdiyinə və peyğəmbərə doğru gəlin” deyilirsə, belə cavab verirlər: “Atalarımızı hansı əqidədə görmüşüksə, bizə yetər.” Halbuki onların ataları bir şey bilmirdilər və hidayət olmamışdılar. (Onlar yollarını azmışdılar. Nə üçün onların yolunu getməlidirlər?)
  102. Ey iman gətirənlər! Özünüzü qoruyun. Çünki siz hidayət oldunuz. Yolunu azan isə sizə ziyan yetirməz. Sizin hamınızın qayıdışı Allaha doğrudur. O sizi etdiyiniz işlərdən agah edər.
  103. Ey iman gətirənlər! Sizlərdən birinin ölümü çatdıqda aranızdan iki adil şəxsi vəsiyyət zamanı şəhadət üçün çağırın. Əgər səfərdə olduğunuz vaxt ölüm bəlası sorağınıza gəlsə (və müsəlman şahid olmasa), iki nəfər qeyrisini şahidlik üçün istəyin. Əgər onların sədaqətinə) şəkk etsəniz namazdan sonra o iki nəfəri saxlayın ki, Allaha and içsinlər (desinlər ki,) biz həqiqəti heç bir qiymətə, qohumlara münasibətdə də olmuş olsa, satmayacaq, heç vaxt ilahi şəhadəti gizlətməyəcəyik və belə etsək günahkarlardanıq.
  104. Əgər məlum olsa ki, həmin iki (qeyri-müsəlman) şahid günah və xəyanət etmişdir (və andları nahaq olmuşdur), digər iki nəfər (müsəlman, şahidlikdən zərər görmüş, meyitə yaxın olan) qalxıb Allaha and içsinlər ki, bizim andımız o iki nəfərin andından haqqa daha yaxındır. Biz (haqqa) təcavüz etməmişik, əgər belə etsək, şübhəsiz, sitəmkarlardanıq.
  105. Bu yol (savaba) daha yaxındır. Bu məqsədlə ki, şəhadət düzgün şəkildə yerinə yetirilsin. Ya qorxalar ki, and içdikdən sonra andları qaytarılsın. Allahdan çəkinin və (Onun göstərişlərinə) qulaq asın. Allah günahkarları hidayət etməz.
  106. Bir gün Allah peyğəmbərləri toplayar və deyər: “Sizin dəvətinizə nə cavab verildi?” Deyərlər: “Biz (işin mahiyyətindən) xəbərsizik. Həqiqətən, qeyblərdən xəbərdar Sənsən, Sən!
  107. O zaman ki, Allah buyurdu: “Ey Məryəm oğlu İsa! Nemətimi özünə və anana xatırlat, o vaxt ki, səni Ruhul-qüdslə (Cəbraillə) təsdiqlədim. Beşikdə və böyüdükdən sonra (vəhylə) xalqla danışdın. O vaxt ki, sənə Kitab, Hikmət, Tövrat və İncil öyrətdim. (Unutma o zamanı ki, (Mənim iznimlə gildən quş şəklində bir şey düzəltdin və ona üfürdün, sonra Mənim iznimlə o, quş oldu. Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəsini sağaltdın. O vaxt ki, Mənim iznimlə ölüləri qəbirdən (diri) çıxartdın. Yada sal, o zaman ki, Bəni-İsrailin sənə (zülm əlini) kəsdim. O zaman ki, sən onlar üçün aydın dəlillər gətirdin. Onlardan kafir olanlar (sənin möcüzələrin haqqında) dedilər: Bu, aşkar sehrdən başqa bir şey deyil.
  108. (Xatırla,) o zaman ki, həvarilərə (həzrət İsanın xüsusi yoldaşlarına) “iman gətirin” deyə vəhy göndərdik, dedilər: İman gətirmişik və şahid ol ki, biz (müsəlman) təslim olmuşuq.
  109. (Xatırla,) o zaman ki, həvarilər dedilər: Ey İsa ibn Məryəm! Rəbbin sənin duanla səmadan bizim üçün süfrə (Maidə) endirə bilərmi? “İsa dedi: “Əgər möminsinizsə, Allahdan qorxun.
  110. Dedilər: (Bizim pis məqsədimiz yoxdur və bəhanə axtarmırıq,) ondan yemək istəyirik ki, qəlblərimiz əminlik tapsın. Bilək ki, bizə doğru demisən və həmin səma süfrəsinə şahidlərdən olaq.
  111. İsa ibn Məryəm dedi: “Pərvərdigara, ey Rəbbim! Bizə səmadan bir süfrə endir ki, indiki və gələcək nəslimiz üçün bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən üstünüsən.
  112. Allah buyurdu: “Mən onu (maidəni) sizin üçün nazil edərəm. Amma bundan sonra sizdən hər hansınız küfr etsə, ona elə bir əzab verəcəyəm ki, aləmdəkilərdən heç birinə o cür əzab verməmişəm.
  113. O zaman ki, Allah buyurdu: “Ey İsa ibn Məryəm! Sən xalqa demisənmi ki, Allahdan başqa məni və anamı iki məbud olaraq seçin!” (İsa) dedi: “(Pərvərdigara!) Sən pak-pakizəsən. Olmaz ki, mənə layiq olmayan yersiz söz deyəm. Əgər demiş olsaydım, Sən onu bilərdin. (Çünki) Sən mənim qəlbimdə və canımda olanları bilirsən. Mən isə Sənin zatında olanlardan xəbərsizəm. Həqiqətən, bütün qeybləri bilən yalnız Sənsən!
  114. (Həzrət İsa Allaha dedi:) Mən onlara yalnız mənə əmr etdiyini dedim. (Dedim ki,) mənim və sizin Rəbbiniz olan Allaha pərəstiş edin. Nə qədər ki, aralarında idim, onlara şahid və nəzarətçi idim. Elə ki, məni geri qaytardın, Özün onlara nəzarətçi oldun və Sən hər şeyə şahidsən.
  115. (İsa dedi: “Pərvərdigara,) əgər onlara əzab versən, həqiqətən, onlar Sənin bəndələrindir. Əgər onları bağışlasan, şübhəsiz, Sən özün qüvvə və hikmət sahibisən.
  116. Allah buyurdu: “Bu elə bir gündür ki, doğru danışanlar sədaqətlərindən faydalanar. Onlar üçün ağacları altdan çaylar axan bağlar var və həmişə orada qalarlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu böyük qurtuluşdur.
  117. Səmaların, yerin və onlarda olanların mülkü Allaha məxsusdur. O hər şeyə qadirdir.