6.Ənam surəsinin tərcüməsi

6.Ənam surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ənam  surəsi

(Məkkədə nazil olmuşdur, 165 ayədir)

Rəhman və rəhim Allahın adı ilə

  1. Sitayiş göyləri və yeri yaratmış, qaranlıqları və nuru qərar vermiş Allaha məxsusdur. Amma kafirlər (başqalarını) Allaha bərabər və tay tuturlar.
  2. O sizi gildən yaratmış kəsdir. Bundan sonra bir əcəl (ki, dünyada yaşayışınız üçün) qərar verdi. Müəyyən əcəl (dünyada dəyişməzdir,) Ona məlumdur. Yoxsa şəkk-şübhə edirsiniz?
  3. Göylərdə və yerdə olan Allah Odur. Sizin gizlində və aşkarda olanınızı bilir, əldə etdiklərinizdən xəbərdardır.
  4. Allahın nişanələrindən onlar üçün elə bir nişanə gəlmədi ki, (təsdiq və iman əvəzinə) ondan üz döndərməsinlər.
  5. Elə ki, onlar üçün haqq gəldi, onu təkzib etdilər. Tezliklə məsxərə etdiklərinin mühüm xəbərləri sorağlarına gələcək.
  6. Görmədilərmi ki, onlardan qabaq bir çox ümmətləri həlak etdik. Hansı ki, sizə vermədiyimiz yeri və gücü onlara vermişdik. Səmanı (yağış və bərəkəti) ardıcıl olaraq onlar üçün göndərdik və ayaqları altından çaylar axıtdıq. Sonra onları günahlarının cəzası olaraq həlak etdik və onlardan sonra digər bir nəsil gətirdik.
  7. Əgər sənə kağız üzərində bir yazı göndərərdiksə, ona öz əlləri ilə toxunardılarsa, yenə də (daim bəhanə axtaran inadkar kafirlər) deyərdilər: “Bu, aşkar cadudan başqa bir şey deyildir.
  8. (Bəhanəçi kafirlər) dedilər: (Əgər Məhəmməd peyğəmbərdirsə,) nə üçün ona bir mələk nazil olmayıb (ki, dəvətində ona köməkçi olsun.) “Hansı ki, əgər mələk nazil edərdiksə (yenə inadkarlıq göstərərdilər) və işləri bitərdi, onlara heç bir möhlət də verilməzdi.
  9. Əgər (peyğəmbəri) mələk qərar verərdiksə, hökmən onu bir kişi surətində gətirərdik. (Yenə də deyərdilər ki, bu bizim özümüzdəndir və öz şübhələrini təkrarlayardılar.) Həmin işi onlar üçün şübhəli (seçimli) etdik, necə ki, onlar (öz iradları ilə ) işi başqaları üçün şübhəli etmişdilər.
  10. Şübhəsiz, peyğəmbərlərə səndən qabaq da istehza etdilər, istehza etdikləri əzab məsxərə edənlərə nazil oldu.
  11. (Ey peyğəmbər! Onlara) de ki, yer üzündə dolanın, sonra baxın ki, təkzib edənlərin aqibəti necə oldu?
  12. De ki, göylərdə və yerdə olan kimin üçündür? De ki, Allah üçündür. O, rəhməti göstərməyi Özü üçün vacib etmişdir. O hökmən sizi heç bir şübhə olmayan qiyamət günündə toplayacaq. Özünü uduzanlar (istedadlarını inkişaf əvəzinə süquta sərf edənlər) həqiqətən iman gətirmirlər.
  13. Gecə və gündüzdə qərarlaşan hər şey yalnız Ona aiddir. O, eşidən və biləndir.
  14. De ki, yoxsa Allahdan qeyrisini özünüzə rəhbər seçirsiniz? Halbuki O, göylərin və yerin yaradıcısıdır. Kimsə Ona yox, O hamıya təam verir. De ki, həqiqətən, mənə Onun əmrinə təslim olan ilk kəs olmaq əmr edilib. (Mənə deyilib ki,) heç vaxt müşriklərdən olma.
  15. De ki, Rəbbimə qarşı itaətsizlik etsəm, həqiqətən böyük günün əzabından qorxuram.
  16. Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş.
  17. Əgər Allah (sınaq, inkişaf və ya əməllərinin cəzası üçün) səni zərər-ziyanla üzləşdirsə, Özündən savay kimsə onu aradan qaldıra bilməz. Əgər sənə bir xeyir yetişsə, Onun hər şeyə gücü çatar.
  18. Odur Öz bəndələrinə qalib və hakim olan. Odur hikmət sahibi və agah.
  19. De ki, şahidliyə hansı mövcud daha üstün və daha böyükdür? De ki, Allah mənimlə sizin aranızda şahiddir. Bu Quran mənə vəhy olub ki, onunla sizə və bu bildirişin çatdığı hər bir kəsə xəbərdarlıq edəm. Siz şahid durursunuzmu ki, Allahla yanaşı başqa məbudlar da var? De ki, mən şəhadət vermirəm. De ki, həqiqətən, O, bir olan Allahdır və şübhəsiz, mən sizin şərik qoşduqlarınızdan uzağam.
  20. Kitab verdiyimiz kəslər Məhəmmədi (s) öz övladları tək tanıyırlar. (Əvvəlki peyğəmbər və kitabların Məhəmməd (s) haqqında dediklərini bilirlər.) Özünə zərər vuran kəslər iman gətirməzlər.
  21. Allaha iftira yaxan və ilahi ayələri təkzib edəndən də zalım olan kimdir? Həqiqətən, zalımlar nicat tapmazlar.
  22. Bir gün onları birlikdə hüzura gətirər (məhşur edər), sonra şərik qoşanlara deyərik: “Özünüz üçün (Allah) zənn etdiyiniz şərikləriniz haradadır?
  23. (Bütlərə aldanışlardan sonra Allah hüzurunda) bir üzr tapmazlar. Yalnız bunu deyərlər: “And olsun Allaha! Ey Rəbbimiz, biz heç vaxt müşrik olmamışıq.
  24. Bax ki, öz əleyhlərinə necə yalan dedilər? (Düzəltdikləri bütlər və şəriklər məhv oldu.) Yalan və iftira olaraq Allaha aid etdikləri əllərindən çıxdı.
  25. Onlardan bəziləri sənin sözünə qulaq asılar. Həmin sözü anlamamaları üçün onların qəlblərinə pərdə çəkmişik. Onların qulaqlarında (haqqa münasibətdə) ağırlıq qərar verdik. Onlar o qədər inadkardırlar ki, istənilən bir ayə və möcüzə görsələr, yenə də iman gətirməzlər. Bir həddə ki, yanına gəldikdə səninlə mübahisə edərlər. Kafir olanlar deyərlər: “Bu, qədimkilərə aid əfsanələrdən başqa bir şey deyildir.
  26. Onlar xalqı (peyğəmbər və Qurandan) ayırırlar. Özləri də ondan uzaq və məhrum qalırlar. (Amma bilsinlər ki,) yalnız özlərini həlak edirlər və anlamırlar.
  27. Əgər onları od ağzında saxlanılan vaxt görsəydin, (eşidərdin ki,) deyirlər: “Kaş ki, yenidən dünyaya qaytarılaydıq, Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq.
  28. (Belə deyil,) əksinə, əvvəllər gizlədikləri (həmin gün) onlar üçün aşkar olub. Əgər onlar (öz arzularına əsasən) dünyaya qaytarılsalar, şübhəsiz, yenə də qadağan olunanlara qayıdarlar. Onlar həqiqətən yalançıdırlar.
  29. Onlar dedilər: “Bizim dünya həyatımızdan başqa heç bir həyat yoxdur və biz (öləndən sonra) dirildilməyəcəyik.
  30. Əgər görsən ki, onlar Rəblərinin hüzurunda saxlandıqları vaxt (Allah) buyurar: “Bu (qiyamət), haqq deyilmi?” Deyərlər: “Bəli, and olsun Rəbbimizə (ki, haqdır).” O buyurar: “Belədirsə, öz küfrlərinizin cəzası olaraq əzabı dadın.
  31. Sözsüz, (qiyamətdə) Allahla görüşü təkzib edənlər ziyankar oldular. Vəd olunmuş saat qəfildən soraqlarına gələn kimi, öz günahlarının ağır yükünü arxalarında çəkdikləri halda deyərlər: “Dünyada yol verdiyimiz nöqsanlara görə vay halımıza!” Agah olun ki, çiyinlərində çəkdikləri yük necə də pis yükdür.
  32. Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil. Təqva yolunu tutanlar üçün isə, əlbəttə ki, axirət evi üstündür. Yoxsa düşünmürsünüz?
  33. Əlbəttə, Biz deyilənlərin səni qəmləndirdiyini bilirik. (Amma qüssə yemə və bil ki,) onlar (əslində) səni yox, Allahın ayələrini inkar edirlər.
  34. Həqiqətən, səndən qabaq da peyğəmbərlər təkzib olundular. Amma onlar bu təkzib və əzab-əziyyət qarşısında səbir etdilər. Nəhayət, Bizim yardımımız onlara çatdı. (Sən də belə ol, çünki) Allahın kəlmələrini (sünnələrini) dəyişən yoxdur. Şübhəsiz, peyğəmbərlərin xəbərlərindən sənin üçün gəlmişdir. (Onların tarixi ilə tanışsan.)
  35. Əgər onların (kafirlərin) üz döndərməsi və etinasızlığı sənə ağırdırsa, (onları istənilən bir vasitə ilə doğru yola gətirmək istəyirsənsə, bax gör) edə bilsən yerdə bir dəlik və ya göydə bir nərdivan axtarasan ki, (digər bir) ayə gətirəsən (yenə iman gətirməzlər). Əgər Allah istəsəydi, onların hamısını doğru yola gətirərdi. (Amma məcburi hidayət ilahi sünnə deyil,) beləcə, heç vaxt cahillərdən olma.
  36. (Sənin dəvətini) yalnız eşidən qulağı olanlar qəbul edər. (Yaxınlaşmayan kafirlər) Qiyamət günü Allahın ayağa qaldıracağı və hamısı Ona doğru qaytarılacaq ölülərdir.
  37. Dedilər: “Nə üçün Allah tərəfindən ona (Məhəmmədə (s) bizim istədiyimiz) bir möcüzə nazil olmadı?” De ki, şübhəsiz, Allah nişanə və möcüzə gətirməyə qadirdir, Amma onların çoxu bilməz.
  38. Yerdə heç bir canlı, iki qanadı ilə uçan heç bir quş yoxdur ki, onlar da sizin kimi ümmətlər olmasın. Biz bu kitabda (Quran və ya Lövhi-məhfuzda) heç nəyi ötürmədik. Sonra hamı öz Rəbbinin yanında toplanar.
  39. Bizim ayələrimizi təkzib edənlər qaranlıqlardakı kar və lal kəslərdir. Allah istədiyini (layiq olduqda) azdırar, istədiyi kəsi (layiq bilsə) doğru yolda qərar verər.
  40. De ki, əgər doğru deyirsinizsə, Allahın əzabı dünya və axirətdə sizə gəlib çatdıqda nə edəcəksiniz? Yoxsa Allahdan qeyrisinimi çağırarsınız?
  41. Əksinə, (təhlükə zamanı) yalnız Onu çağırarsınız. Əgər istəsə, Allah Onu çağırmağınıza səbəb olan çətinliyi aradan qaldırar. Allaha şərik güman etdiklərinizi (qiyamət günü) unudarsınız.
  42. Həqiqətən, səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. (Boyun qaçırdıqlarına görə) onları yoxsulluq və xəstəliyə düçar etdik. Bəlkə (Bizə) yalvaralar.
  43. Bəs nə üçün Bizim çətinliklərimiz onlara yetişdikdə tövbə edib nalə çəkmədilər? Bəli, (həqiqət odur ki,) onların qəlbi daşlaşıb bərkimiş və Şeytan gördükləri işləri onlara gözəl cilvələndirmişdir.
  44. Onlara verilmiş nəsihətləri unutduqlarından hər növ nemət qapılarını üzlərinə açdıq. (Maddi nemətlər içində qərq oldular.) Onlara veriləndən məmnun olduqları vaxt qəfildən onları saxladıq və birdəfəyə qəmgin və ümidsiz oldular.
  45. Sitəmkar qövmün kökü kəsildi. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
  46. De ki, nə düşünürsünüz, əgər Allah sizin eşitmə və görmənizi alsa və qəlblərinizə möhür vursa, Ondan başqa hansı məbud bunları sizin üçün aça bilər? Gör ki, Biz ayələri müxtəlif şəkillərdə necə bəyan edirik. Amma onlar (iman gətirib təslim olmaq əvəzinə) üz döndərirlər.
  47. De ki, əgər Allahın əzabı gizli və ya aşkar şəkildə sorağınıza gəlsə (nə edəcəksiniz?) Məgər zalım qövmlərdən qeyrisimi həlak olar?
  48. Biz peyğəmbərləri yalnız müjdə verən və qorxudan ünvanı ilə göndəririk. Belə ki, iman gətirib islah olanlar üçün heç bir qorxu yoxdur və onlar qəmlənməzlər.
  49. Ayələrimizi təkzib edənləri günahlarına xatir ilahi əzab yaxalayar.
  50. (Ey peyğəmbər! Xalqa) de ki, mən Allahın xəzinələrinin məndə olduğunu iddia etmirəm, qeybi də bilmirəm. İddia etmirəm ki, mən mələyəm. Mən vəhy olunandan başqa bir şeyə tabe olmuram. De ki, korla görən bərabərdirmi? Yoxsa düşünmürsünüz?
  51. Onun (Quranın) vasitəsi ilə Allahın hüzurunda məhşur olacağından (dayanacağından) qorxan kəslərə xəbərdarlıq et. (Çünki) onlar üçün Allahdan qeyri yardımçı və şəfaətçi yoxdur. Bəlkə çəkinələr.
  52. Sübh və axşam Allahın razılığını istəyən halda Rəblərini çağıran kəsləri özündən kənarlaşdırma. Onların hesabından sənin öhdəndə, sənin hesabından onların öhdəsində bir şey yoxdur ki, onları rədd edib nəticədə zalımlardan olasan.
  53. Bu sayaq xalqın bəzilərini digərləri vasitəsi ilə sınadıq ki, (istehza ilə) desinlər: «Bizim aramızdan Allahın minnət qoyduğu kəslər bunlarmıdır?» Məgər Allah şükür edənlərin halını daha yaxşı bilmirmi?
  54. Nə vaxt ayələrimizə iman gətirənlər yanına gəlsələr, de ki, salam olsun sizə! Rəbbiniz Özü üçün rəhməti müəyyənləşdirmişdir ki, sizlərdən hər hansınız nadanlıq üzündən pis iş gördükdə, tövbə qılıb özünü islah etsin. Şəksiz, Allah bağışlayan və mehribandır.
  55. Biz beləcə ayələri (xalq üçün) açıq-aydın bəyan edirik (ki, haqq aşkar,) günahkarların yolu və qaydası aydın olsun.
  56. De ki, mənə sizin Allah əvəzinə çağırdıqlarınıza pərəstiş qadağan olunmuşdur. De ki, mən sizin nəfs istəklərinizə tabe olmuram, çünki bu halda yolumu azıb, hidayət tapanlardan olmayacağam.
  57. De ki, həqiqətən, mən Rəbbim tərəfindən aşkar bir dəlilə əsaslanıram. Amma siz onu yalan sayırsınız. Sizin (ilahi əzabdan) tələsərək istədiyiniz (cəza) mənim əlimdə deyil. Əmr yalnız Allahın əlindədir, O haqqı bəyan edir və haqqı batildən ən üstün şəkildə ayırd edəndir.
  58. De ki, əgər tələsərək istədiyiniz (şey) məndə olsaydı (sizin istəyinizlə əzab nazil edərdim), şübhəsiz, mənimlə sizin aranızda iş bitərdi. Amma Allah sitəmkarların halına daha agahdır (vaxtında cəzalandırır).
  59. Qeyb xəzinələri yalnız Allaha məxsusdur və Ondan savay kimsə xəbərdar deyil. Quruda və suda olanı bilir və O bilmədən ağacdan bircə yarpaq belə düşmür. Torpağın qaranlığında heç bir dən, heç bir yaş və quru yoxdur ki, açıq-aydın kitabda qeyd olunmasın.
  60. O bir kəsdir ki, sizi (ruhunuzu) gecə yatdığınız vaxt alır, gündüz gördüyünüz işlərdən xəbər tutur, sonra ömrünüzdən müəyyən müddətin keçməsi üçün sizi yuxudan qaldırır. Sonra dönəcəyiniz Ona doğrudur. O sizə gördüyünüz işlərdən xəbər verər.
  61. Qəhr və iqtidarı bəndələrindən üstün olan yalnız Odur. O sizə nəzarətçilər (hifz edən mələklər) göndərər. Sizlərdən birinin ölümü çatdıqda Bizim göndərdiklərimiz onun canını geri alar və öz işlərində heç bir səhlənkarlıq etməzlər.
  62. Sonra xalq Allaha, həqiqi mövlasına doğru qaytarılar. Agah olun ki, yardım və mühakimə yalnız Allaha məxsusdur. O, hesab çəkənlərin ən sürətlisidir.
  63. De ki, sizi quraqlıq və dəryanın zülmətindən (çətinliyə düşdüyünüz vaxt) xilas edən kimdir? O vaxt ki, Onu aşkar və gizlində çağırır, (deyirsiniz,) əgər Allah bizi bu zülmətlərdən qurtarsa, şükür edənlərdən olacağıq.
  64. De ki, Allah sizə bu zülmətlərdən və hər cür xoşagəlməzliklərdən nicat verər. (Amma) yenə siz şirk edərsiniz.
  65. De ki, O, başınız üstən və ayaqlarınız altdan sizə əzab göndərməyə, müxtəlif qruplar şəklində bir-birinizlə vuruşdurmağa, bir-biriniz vasitəsi ilə savaş və qan axıtmanın acılığını daddırmağa qadirdir. Bax ki, ayələri necə rəngarəng təkrarlayırıq. Bəlkə anlayalar.
  66. Sənin qövmün haqq söz olmasına baxmayaraq Quranı təkzib etdi. De ki, mən sizin iman gətirməyinizə vəkil deyiləm.
  67. (Allah və ya Onun peyğəmbərinin sizə verdiyi) hər bir xəbər üçün vaxt müəyyənləşmişdir və tezliklə biləcəksiniz.
  68. Kimlərinsə Bizim ayələrimizi (eyb tutmaq məqsədi ilə) araşdırdığını gördükdə onlardan üz döndər ki, (söhbətin mövzusunu dəyişib) digər bir mövzuya məşğul olsunlar. Əgər şeytan sənə unutdursa, hiss etdikdən sonra (bir daha) bu zalım qövmlə oturma.
  69. Təqva yolunu seçənlər onların (sitəmkarların) günahına görə sorğuya çəkilməyəcəklər. Amma onlara nəsihət verməlidirlər ki, bəlkə təqvalılardan olalar.
  70. Dinlərini oyun-oyuncağa çevirənlərdən, dünya həyatının məğlub etdiyi kəslərdən əl götür. Quran vasitəsi ilə onlara öyüd ver. Məbada, kəsb etdiklərinin cəzası ilə məhv olsunlar. Halbuki Allahdan savay heç bir yardımçıları və şəfaətçiləri yoxdur!Əgər (həmin gün insan cəzasına görə) istənilən cür əvəz ödəsə, ondan qəbul olunmaz. Onlar o kəslərdir ki, kəsb etdiklərinin cəzası olaraq fəlakətə düşdülər. Onlar üçün küfrlərinin cəzası olaraq yanar sudan şərab və dərdli əzab olacaq.
  71. De ki, Allah bizi hidayət etdikdən sonra bizə heç bir faydası və zərəri olmayan Allahdan qeyrisinimi çağıraq?! Geriyəmi (küfrəmi) qayıdaq?! Şeytanların yerdə yoldan çıxarıb azdırdığı kəs kimimi?! Hansı ki, onun yardımçıları var, onu hidayətə dəvət edib (deyirlər,) yanımıza gəl (haqqı qəbul et… Amma o dinləməz.) De ki, Allah tərəfindən gələn hidayət həqiqidir və bizə aləmlərin Rəbbi qarşısında təslim olmaq əmr edilib.
  72. (Bizə əmr olunub ki,) namazı bərpa edək, Ondan (Allahdan) qorxaq. Hüzurunda hamının məhşur olacağı Odur.
  73. O, göyləri və yeri haqq olaraq yaradan kəsdir. O gün ki “ol” deyər, yubanmadan olar. Onun sözü haqdır. (Qiyamət zamanı) sur üfürülən gün hakimiyyət yalnız Onundur. O, qeybi və aşkarı biləndir. Odur hikmət sahibi və agah.
  74. (Xatırla) o zaman ki, İbrahim atası Azərə dedi: “Bütləri tanrımı tutursan? Şübhəsiz, səni və qövmünü aşkar azğınlıqda görürəm.
  75. Göy və yer mülkünü bu sayaq İbrahimə göstərdik ki, (xatircəmlik tapıb) yəqin əhlindən olsun.
  76. Elə ki, gecə ona pərdə çəkdi, bir ulduz görüb dedi: “Bu, mənim Rəbbimdir.” Elə ki, (ulduz) qürub etdi, o dedi: “Mən zavala uğrayanları sevmirəm.
  77. Növbəti dəfə ayı tülu və parlayan halda gördükdə dedi: “Bu mənim Rəbbimdir.” Elə ki, (ay) qürub etdi dedi: “Əgər Rəbbim məni hidayət etməsəydi, şübhəsiz, azğın dəstələrdən olardım.”
  78. Elə ki günəşi doğmuş gördü, dedi: “Budur mənim Rəbbim! Bu, (ayla ulduzdan) daha böyükdür.” Amma elə ki, (günəş) qürub etdi, dedi: “Ey mənim qövmüm! Həqiqətən, mən Allaha şərik qoşduğunuza düşmənəm.
  79. Mən xalisliklə üzümü bir kəsə döndərmişəm ki, səmaları və yeri yaratdı. Mən müşriklərdən deyiləm.
  80. Qövmü onunla danışıq və höcətləşməyə başladı. O dedi: “Yoxsa Allah haqqında mənimlə höcətləşirsiniz? Bir halda ki, O, məni hidayət etmişdir və mən sizin Ona şərik güman etdiklərinizdən qorxmuram. Allahımın istəyi istisnadır. (Hətta mənə bir zərər toxunsa, bütlərin yox, Allahın istəyidir.) Allahımın elmi hər şeyi əhatə etmişdir. Öyüd götürmürsünüzmü?
  81. Sizin Allaha şərik qoşduğunuz şeydən necə qorxum? Hansı ki, siz, haqqında Allah tərəfindən heç bir dəlil nazil olmayanı Ona şərik qoşur və qorxmursunuz? Əgər bilirsinizsə (deyin ki,) bu iki dəstədən hansı (qiyamətdə) qurtuluşa daha layiqdir?
  82. İman gətirib imanlarını zülm və şirkə bulaşdırmayanlar o kəslərdir ki, onlar üçün əzabdan qurtuluş var. Onlar hidayətə nail olanlardır.
  83. Bu (növ dəlil) qövmü qarşısında Bizim İbrahimə verdiyimiz höccətdir. İstədiyimiz kəsi (layiq bilsək) yüksək dərəcəyə çatdırarıq. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir. (Elm və hikmət əsasında insanların məqamını ucaldır.)
  84. Biz ona (İbrahimə) İshaq və Yaqubu bəxş etdik. Onları birbəbir hidayət etdik. Nuhu isə onlardan qabaq hidayət etmişdik. Onun (İbrahimin) nəslindən Davud, Süleyman, Əyyub, Yusif, Musa, Harunu (da hidayət etdik). Biz yaxşı əməl sahiblərinə bu sayaq mükafat veririk.
  85. Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik və) onların hər biri ləyaqət tapanlardandır.
  86. İsmail, Yəsə, Yunus, Lutu (da hidayət etdik) və onların hər birinə aləmdəkilərdən üstünlük verdik.
  87. Onların atalarından, züryətlərindən, qardaşlarından (ləyaqətlərinə görə) seçdik və doğru yola hidayət etdik.
  88. O, Allahın hidayətidir ki, bəndələrindən istədiyi kəsi hidayət edir. Əgər şirkə yol versələr, şübhəsiz, gördükləri iş əllərindən çıxacaq.
  89. Onlar səmavi kitab, hökumət, mühakimə, peyğəmbərlik məqamı verdiyimiz kəslər idi. Əgər bu müşriklər onlara qarşı küfr edib, qəbul etməsələr (narahat olma, çünki) Biz onlara kafir olmayan digər bir qövmü göndərərik.
  90. Onlar Allahın hidayət etdiyi kəslərdir. Onun hidayətinə tabe ol. (Ey peyğəmbər! Xalqa) de ki, mən buna (risalət və dəvətə) görə sizdən muzd istəmirəm. Bu Quran yalnız aləmdəkilər üçün bir xəbərdarlıqdır. (Mənim istədiyim yalnız aləmdəkilərin öyüd götürməsidir.)
  91. Allahı layiq olduğu kimi tanımadılar, çünki dedilər: “Allah heç bir bəşərə bir şey nazil etməmişdir. «De ki, Musanın xalq üçün nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etdi?» Bir kitab ki, onu vərəq-vərəq edib (qəlb istəklərinə uyğun) bir hissəsini aşkar, çoxunu isə pünhan etdilər. Sizin və atalarınızın bilmədikləri (həmin səmavi kitab, Tövrat vasitəsi ilə) Sizə endirildi. «(Ey peyğəmbər,) de ki, Allah (onları nazil etdi). Sonra əl götür ki, öz haqsız danışıqlarında batıb qalsınlar.
  92. Nazil etdiyimiz bu mübarək kitab özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edəndir. (Xalqa ilahi mükafatlardan müjdə verir.) Məkkə əhli və onun ətrafında olan kəslərə xəbərdarlıq et. (Əlbəttə,) axirətə iman gətirənlər ona (Qurana) da iman gətirəcək. Onlar öz namazlarını hifz edirlər.
  93. Kimdir ondan da zalım ki, Allaha iftira yaxır və deyir: “Mənə vəhy olub.” Hansı ki, ona heç nə vəhy olunmayıb. Bir də o kəs ki, dedi: “Tezliklə mən də Allahın nazil etdiyi kimi bir şey nazil edərəm.” (Ey peyğəmbər,) bir zaman ki, zalımları ölüm yatağında çırpınan gördün, (ruhunu çıxarmaq üçün) mələklərin əllərini açdığına baxdın, o vaxt ki canın çıxma fərmanı verilir, (deyirlər,) bu gün sizə Allaha iftiralar yaxdığınız və Onun ayələrini ört-basdır etdiyiniz üçün zəliledici əzab veriləcək.
  94. Həqiqətən, sizi ilk dəfə yaratdığımız kimi indi də tək-tənha (ölüm zamanı və ya qiyamət anında) yanımıza gəldiniz. Sizə verdiyimiz bütün mal-mülkü arxada qoydunuz. (Taleyinizin təyinində) şəfaətçi olaraq Allaha şərik qoşduqlarınızı sizinlə birlikdə görmürük. Doğrusu aranızda (bağlar) qırılmışdır. (Şərik və şəfaətçi) güman etdikləriniz sizi qoyub getdi.
  95. Həqiqətən, Allah dən və toxumu çatladan, ölüdən diri çıxaran, diridən ölü çıxarandır. Odur sizin Allahınız. Bəs necə olur ki, (haqdan) azırsınız?
  96. (Allah) dan yerini sökəndir, gecəni aramlıq üçün, günəşlə ayı (günlərin) say vasitəsi qərar vermişdir. Qüdrətli və bilən Allahın ölçü aparması belədir.
  97. Odur ulduzları sizin üçün qərarlaşdıran. (Bununla) quru və dəniz qaranlıqlarında onlar vasitəsi ilə yolu tapasınız (deyə). Şübhəsiz, Biz nişanələri agah və bilən bir qövm üçün ətraflı aydınlaşdırdıq.
  98. Odur sizi bir nəfsdən yaradan. Bəziləri qərarlaşdı (dünyaya gəldi) və bəziləri (pərdələr arxasında, ana bətnində) əmanət saxlanıldı. Biz Öz ayələrimizi anlayan qövm üçün ətraflı bəyan etdik.
  99. Səmadan su nazil edən Odur. Onun vasitəsi ilə hər cür otlar çıxardıq və ondan bitkilər cücərtdik. Ondan (bitkilərdən) bir-birinə oturmuş və biçilən dənlər çıxardıq. Xurma qönçələrindən bir-birinə yaxın salxımlar (ərsəyə gətirdik) və üzüm, zeytun, nar bağları (yetirdik), bəziləri bir-birinə oxşar, bəziləri isə yox. Bar verdiyi və meyvəsi yetişən zaman ona bax. Həqiqətən, onda imanlı qövmü üçün nişanələr var.
  100. Onlar Allaha cinlərdən şəriklər qərar verdilər. Halbuki onları da Allah yaratmışdı. Nadanlıq səbəbindən Allah üçün oğlanlar və qızlar uydurdular. Allah onların vəsflərindən üstün və pakdır.
  101. O, göyləri və yeri yaradandır. Onun üçün yoldaş olmadığı halda övladı necə ola bilər?! O hər şeyi yaratmış və hər şeyi biləndir.
  102. Odur Allah, sizin Rəbbiniz. Ondan başqa məbud yoxdur. O hər şeyin yaradıcısıdır. Beləcə, Ona pərəstiş edin. O hər şeyin vəkilidir.
  103. Gözlər Onu dərk etməz, amma O, gözləri dərk edər. O, görünməyən, (dəqiq, ayırd edən) və agahdır.
  104. Həqiqətən, Allah tərəfindən sizin üçün bəsirət mayası (səmavi kitab və aydın dəlil) gəlmişdir. Kim bəsirət tapdısa, öz xeyrinədir. Hər kəs korluğu seçdisə, öz zərərinə əməl etdi. Mən nəzarətçi və zamin deyiləm.
  105. Beləcə, ayələri müxtəlif şəkildə bəyan edirik (ki, hidayət vasitəsi olsun. Amma iman gətirməyib) deyirlər: “Sən (kiminsə yanında) dərs oxumusan! (Qoy desinlər. Amma Biz) Düşüncə və elm əhli olanlar üçün bəyan edirik.
  106. Yalnız Rəbbin tərəfindən sənə vəhy edilənə tabe ol. Ondan başqa məbud yoxdur və müşriklərdən üz döndər.
  107. Əgər Allah istəyərdisə (hamı məcburi iman gətirərdi və) şirkə uğramazdı. (Amma ilahi sünnə, qanun belə deyildir.) Biz səni onlara nəzarətçi qərar vermədik və sən onlara (onların iman gətirməsinə) vəkil deyilsən.
  108. Allahdan qeyrisini çağıranları (onların məbudlarını) söyməyin. Onlar da cəhalət və düşmənçilik üzündən Allahı söyərlər. Biz bu sayaq hər bir ümmətə əməlini açıqladıq. Sonra onların dönüş yeri Rəblərinə doğrudur. Allah onlara etdiklərini xəbər verər.
  109. Ən ağır andları ilə Allaha and içdilər ki, əgər onlara möcüzə və nişanə gəlsə, hökmən ona iman gətirəcəklər. De ki, möcüzələr yalnız Allaha məxsusdur. (Onun əlindədir.) Nə bilirsiniz (Biz bilirik), əgər möcüzə də gəlsə, onlar iman gətirməyəcək.
  110. Necə ki, əvvəldə iman gətirməmişdilər, bu dəfə də qəlblərini və gözlərini dolaşdırar, onları tüğyanlarının içində başlı-başına buraxarıq ki, avara qalsınlar.
  111. Əgər Biz onlara doğru mələkləri göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi (haqqa şahid olaraq) dəstə-dəstə onların qarşısında toplasaydıq, yenə iman gətirməzdilər. Yalnız Allah istəsəydi (məcburi iman gətirərdilər). Amma onların çoxu nadanlıq edir.
  112. (Ey peyğəmbər! Onlar təkcə sənin qarşında inadkarlıq etmirlər.) Biz bu sayaq hər bir peyğəmbər üçün insan və cindən olan şeytanlarla düşmənçilik yaratdıq. Onlardan bəzisi qəlbəyatan və aldadıcı sözlərini bəzilərinə təlqin edirlər. Əlbəttə, sənin Rəbbin istəsəydi, belə etməzdilər. (Amma ilahi sünnə, qanun insanların azadlığı üzərində qurulub) Onları və yalandan quraşdırdıqlarını özlərinə tapşır.
  113. (Şeytanlar öz aldadıcı sözlərini xalqa oxuyurlar ki,) Qiyamətə imanı olmayanların qəlb qulağı həmin sözlərə meyl etsin, onu bəyənsin və ələ keçirmək istədiklərini qazansınlar.
  114. (De ki, bir bu qədər aşkar dəlillə) Allahdan qeyrisinimi hakim seçim? Halbuki sizə doğru səmavi kitabı müfəssəl şəkildə nazil edən Odur. Kitab verdiyimiz kəslər (yəhudi və məsihilər) bilirlər ki, bu kitab sənin Rəbbin tərəfindən haqq olaraq nazil olmuşdur. Heç vaxt tərəddüd edənlərdən olma.
  115. Rəbbinin kəlamı sədaqət və ədalətlə kamal və tamlıq həddinə çatdı. Onun kəlmələrini dəyişəcək kimsə yoxdur və O eşidən, biləndir.
  116. Əgər yer üzündəki bir çox insanlara itaət etsən, səni Allahın yolundan azdırarlar. Çünki onlar yalnız gümana itaət edirlər. Onlar zənn-gümandan başqa bir şeyə varmırlar.
  117. Həqiqətən, sənin Rəbbin Özü Onun yolundan azanlardan və hidayətə yetişənlərdən daha yaxşı xəbərdardır.
  118. Əgər ilahi ayələrə imanınız varsa yalnız (zibh zamanı) Allahın adı çəkiləndən yeyin.
  119. Sizə nə olub ki, üzərində Allah adı çəkilmiş şeydən yemirsiniz? (Səbəbsiz yerə Bizim halalımızı özünüzə haram edirsiniz.) Hansı ki, Allah sizə haram etdiyini Özü müfəssəl şəkildə bəyan etmişdir. Yalnız yeməyə məcbur olduğunuz şeylər istisnadır. Həqiqətən, xalqın çoxu başqalarını öz cahil istəklərinə xatir azdırırlar. Şübhəsiz, sənin Rəbbin təcavüzkarlardan daha agahdır.
  120. Aşkar və gizli günahı tərk edin. Həqiqətən, günaha batanlar tezliklə gördükləri işlərin cəzasını alacaqlar.
  121. Allah adı çəkilməyən şeylərdən yeməyin. Çünki onu yemək (bəndəlik dairəsindən çıxmaq,) həddi aşmaqdır. Həqiqətən, şeytanlar öz dostlarına təlqin edirlər ki, sizinlə höcətləşməyə qalxsınlar. (Məsələn, deyirlər ki, ölü heyvanla kəsilmiş heyvan arasında nə fərq var ki?!) Əgər onlara itaət etsəniz, şübhəsiz, siz də müşrik olarsınız.
  122. (Cəhl və şirk vasitəsi ilə) öldüyü halda öz hidayətimizlə həyat bəxş etdiyimiz, xalq arasında yolunu tapa bilməsi üçün bir nur qərar verdiyimiz kəs, (cəhl və şirk) zülmətlərində qərar tutub qurtula bilməyən kəs kimi ola bilərmi? Beləcə, kafirlər üçün etdikləri işlər zinətləndirilmişdir.
  123. Biz, beləcə, hər bir diyarda böyük günahkarları təyin etdik ki, həmin kənd və məntəqələrdə (fitnə-fəsad,) hiylə edələr. Və özlərindən başqasını aldatmazlar. Amma anlamırlar (ki, hiylənin nəticəsi özlərinə qayıdar).
  124. Allah tərəfindən onların hidayəti üçün ayə və nişanə nazil olduqda dedilər: «Nə qədər ki, Allahın elçilərinə verilən bizə verilməyib, heç vaxt iman gətirmərik. (De ki,) Allah yaxşı bilir ki, Öz risalətini harada (kimdə) qərar versin.» Tezliklə günah edənlərə etdikləri məkr və hiylənin cəzası olaraq Allah tərəfindən zəlillik və əzab yetişəcək.
  125. Allah hidayət etmək istədiyi kəsin sinəsini İslam (İslam qəbulu) üçün genişləndirər. Hər kəsi (alçaq xislətinə görə) azdırmaq istəsə, sinəsini (iman üçün) bərkidir. O, sanki əzab-əziyyətlə göyə qalxar. Allah bu sayaq çirkinliyi iman gətirməyənlər üçün qərar verir.
  126. Bu yol sənin Rəbbinin doğru və düz yoludur. Şəksiz, Biz Öz ayələrimizi öyüd götürən qövm üçün müfəssəl bəyan etmişik.
  127. Rəbbinin yanında salamatlıq sarayı yalnız onlar üçündür. Allah yerinə yetirdikləri əməllərin mükafatı olaraq onlara qəyyum, arxa və dostdur.
  128. (Xatırlayın,) o gün ki, Allah onların hamısını toplayar, (sonra cinlərə xitab edərək buyurar:) Ey cin qövmü! İnsanlardan xeyli (ardıcıl) tapdınız.” Onların bəşər nəslindən olan dostları deyər: “Pərvərdigara! Biz insanlar və şeytanlar bir-birimizdən bəhrələndik. İndi də bizim üçün müəyyənləşdirdiyin aqibətə çatmışıq.” Allah buyurar: “Yeriniz atəşdir və həmişə onda qalacaqsınız. Yalnız Allah istəsə, (sizdən bir dəstəni bağışlasın,) elə olmaz. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir.
  129. Beləcə bəzi zalımları etdikləri işə görə bəzilərinə hakim edirik. (Cəza olsun deyə.)
  130. (Qiyamətdə onlara deyilər:) «Ey cin və ins (insan) qövmü! Ayələrimizi sizə oxumaq və sizi bu günkü görüşlə qorxutmaq üçün özünüzdən olan peyğəmbərlər göndərmədikmi?» Deyərlər: “Biz özümüzə qarşı şəhadət veririk.” Dünya həyatı onları aldatdı və özlərinə şahid durdular ki, kafir olmuşlar.
  131. Bu, (höccətin tamamlanması və xəbərdarlıq) onun üçündür ki, sənin Rəbbin heç vaxt zülm olaraq əhalisi qəflətdə olan abadlıqları məhv etmir. (Allah əvvəlcə xalqı qəflət və cəhalət girdabından çıxarır, peyğəmbərlərin vasitəsi ilə onlara xəbərdarlıq edir, sonra qəbul etməyənləri cəzalandırır).
  132. Hər kəs üçün gördüyü işə görə dərəcələr var. Sənin Rəbbin görülən işlərdən qəflətdə deyil.
  133. Sənin Rəbbin ehtiyacsızdır və rəhmət sahibidir. Əgər istəsə, sizi aparar və sizdən sonra istədiyini gətirər. Necə ki, sizi digər bir qövmün nəslindən yaratdı.
  134. Həqiqətən, nə vəd edilibsə, o da olasıdır. Siz (Allahı) zəiflədə bilməzsiniz. (Onun cəza və ədalətindən qaça bilməzsiniz).
  135. De ki, ey mənim qövmüm! Öz yerinizə və yolunuza əməl edin ki, mən də (öz yolum əsasında) əməl edim. Tezliklə biləcəksiniz ki, nəhayət o saray kimindir. Həqiqətən, zalımlar nicat tapmaz.
  136. (Bütpərəstlər) Allahın yaratdığı əkin və mal-qaradan Allah üçün pay ayırırdılar və öz gümanlarına əsasən deyirdilər: “Bu, Allahın payıdır, bu isə bizim şəriklərimizin (bütlərin). Şəriklərə və bütlərə ayrılmış paydan Allaha çatmır. Amma Allahın nə payı varsa şəriklərə ondan çatır.” Necə də pisdir onların mühakimələri!
  137. Beləcə, (bütlər və onların xadimləri,) onların şərikləri övladın öldürülməsini bir çox müşriklər üçün (bütlərə qurbanlıq adı ilə) gözəl göstərdilər ki, onları məhvə sürükləyib, ayinlərini çətinləşdirsinlər. Əgər Allah istəsəydi, belə etməzdilər. (Onların qarşısını məcburi şəkildə alardı.) Onları toxuduqları yalanlarla birgə boşla.
  138. Müşriklər (öz düşüncələri ilə) dedilər: “Bu mal-qara və əkinlər qadağandır. Və bizim istədiklərimizdən (bütxana xadimlərindən) başqaları ondan yeməsin. Bunlar minik üçün haram olmuş heyvanlardır. Bir heyvanlardır ki, onlar üçün (zibh zamanı) Allahın adı çəkilməz.” (Bu hökmləri) yalandan Allaha aid etdilər. Allah tezliklə onları iftiralarının əvəzi olaraq cəzalandıracaq.
  139. (Müşriklərin xurafi əqidələrindən bir başqası bu idi ki,) dedilər: “(Bütlərə nəzir olunmuş) dördayaqlıların qarnındakı balalar (əgər dünyaya sağ gəlsələr) bizim qadınlara haramdır, kişilərə məxsusdur. Əgər dünyaya ölü gəlsə, hamı ona şərikdir. Allah onları bu cür batil iddialarına görə tezliklə cəzalandıracaq. Həqiqətən, O, hikmət sahibi və biləndir.
  140. Şübhəsiz, övladlarını səfehcəsinə, cəhalət üzündən öldürənlər ziyan etdilər. Allahın onlara ruzi verdiyini iftira ilə haram etdilər. Onlar yollarını azdılar, doğru yolu tapa bilmədilər.
  141. Dayaqlı və dayaqsız bağları, xurma ağaclarını, müxtəlif qidaları olan əkinləri, bəziləri oxşar, bəziləri oxşar olmayan zeytun və narı vücuda gətirən kəs Odur. Bağlar səmərə verən kimi meyvəsindən yeyin, yığım günü (məhrumlara) onun haqqını verin və israf etməyin. Çünki Allah israf edənləri sevməz.
  142. Dördayaqlılardan bəzisi yük daşıyan, bəzisi yük daşımayan və döşənəcək kimidir. (Yerə yaxındır. Onların yunundan və tükündən xalça üçün istifadə olunur.) Allahın sizə ruzi qərar verdiklərindən yeyin və şeytanın addımlarına tabe olmayın. Çünki o, sizin aşkar düşməninizdir.
  143. Allah (o heyvanlardan) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə bir cüt qoyun və bir cüt keçi). De ki: «Allah iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğu barədəki) iddialarınız doğrudursa, bir biliyə əsaslanaraq (bu haqda) mənə xəbər verin!»
  144. Dəvədən iki zövc (erkək və dişi), inəkdən iki zövc (erkək və dişi) sizin üçün halal etmişdir.) De ki, Allah bu iki şeyin erkəklərini, yoxsa dişilərini haram etmişdir? Bəlkə qarınlarında olanı? Yoxsa Allahın sizə bu ətləri haram etdiyinə şahid olmusunuz?! Allaha iftira qoşub Onun adından yalan danışandan zalımı kimdir ki, nadanlıq üzündən xalqı azdırsın? Şübhəsiz, Allah zalım qövmü hidayət etməz.
  145. De ki, mənə vəhy olanda ölü heyvan, tökülmüş qan, donuz əti və ya günah üzündən, Allahdan qeyrisinin adına kəsilmiş heyvandan savay ki, həqiqətən çirkinlikdir, bir şey yeyən üçün haram görmürəm. Hər kəs (onları yeməyə) çarəsiz və məcbur olsa, həddi aşmamaqla zəruri qədər (yeməyin eybi yoxdur). Həqiqətən, sənin Rəbbin bağışlayan və mehribandır.
  146. Yəhudilərə bütün dırnaqlıları haram etdik. İnək və qoyunun piyini – bellərinə, bağırsaqlarına və sümüklərinə yapışan miqdar istisna olmaqla – yəhudilərə haram buyurduq. Bu onların yol verdiyi zülmə görə Bizim cəzamızdır və Biz həqiqətən doğruçularıq.
  147. (Ey peyğəmbər!) Əgər səni təkzib etdilərsə, de ki, Allahınız geniş rəhmət sahibidir. (Amma) Onun əzabı günahkar qövmdən dəf olmaz.
  148. Şirkə uğrayanlar tezliklə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olmazdıq və heç nəyi özbaşına) haram etməzdik. Onlardan qabaqkılar da (ötən peyğəmbərləri) bu sayaq təkzib etdilər ki, Bizim qəhr və əzabımızı dadsınlar. De ki, bir şey bilirsinizmi? Onu bizə aşkar edin! Siz yalnız zənn-gümana, xəyala tabe olursunuz. Siz yalnız ehtimal edən və yalançılarsınız.
  149. De ki, aydın və yetərli dəlil yalnız Allahdandır. Əgər istəsəydi, hamınızı (məcburən) hidayət edərdi.
  150. (Ey peyğəmbər! Mal-qara və əkinlərdən bəhrələnməyi boş yerə haram edən kəslərə) de ki, “Allah bunu haram edib” deyən şahidlərinizi gətirin. Əgər şahidlik etsələr, sən onlarla birlikdə şahid durma. Ayələrimizi təkzib edənlərin istəklərinə, axirətə iman gətirməyənlərə, Rəblərinə şərik qoşanlara tabe olma.
  151. De ki, gəlin Rəbbinizin sizə haram buyurduqlarını deyim: Bir şeyi Ona şərik qoşmayın, ata-anaya yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzi verən Bizik. İstər aşkar, istər gizli, çirkin işlərə yaxınlaşmayın. Allahın (öldürməyi) haram etdiyi insanı nahaqdan öldürməyin. Allahın sizə tövsiyə etdiyi bunlardır. Olsun ki, düşünəsiniz.
  152. Buluğ həddinə çatanadək yetimin malına yaxınlaşmayın (ondan istifadə etməyin). Yalnız yaxşı məqsəd istisnadır. (Alış-verişdə) peymanə (ölçü qabı) və tərəzidə ədaləti gözləyin. Biz kimsəni gücündən yuxarı vəzifələndirmirik. Danışarkən (istər mühakimə, istər şəhadətdə) ədalətə riayət edin. Hətta qohumunuz (onun ziyanına) olsa belə, Allahla əhd-peymana vəfa qılın. Onlar Allahın sizə tapşırdığı işlərdir. Bəlkə yada salıb, öyüd götürəsiniz.
  153. Bu (göstərişlər) Mənim doğru yolumdur. Ona tabe olun və başqalarının yolunu getməyin ki, sizi Allahın yolundan kənar salsınlar. Bu, Allahın sizə sifarişidir. Bəlkə təqva yolunu tutasınız.
  154. Sonra Musaya kitab (Tövrat) verdik ki, yaxşı əməl sahibi olan üçün (neməti) tamamlayaq və (bu kitab) bütün məsələləri, hidayət və rəhmət vasitələrini açıqlayan olsun.) Bəlkə xalq öz Rəbbi ilə görüşə iman gətirsin.
  155. Bu (Quran) mübarək bir kitabdır ki, onu nazil etdik. Ona tabe olub təqva yolunu seçin. Bəlkə rəhmətə çatasınız.
  156. (Biz onu nazil etdik ki,) deməyəsiniz: səmavi kitab yalnız bizdən əvvəl olmuş iki tayfaya (yəhudi və məsihilərə) nazil olmuşdur və biz onların elmindən xəbərsiz qalmışıq.
  157. (Kitabı nazil etdik ki), “əgər səmavi kitab nazil olsaydı, hökmən onlardan (yəhudi və məsihilərdən) daha çox hidayət olardıq” deməyəsiniz. (Bu bəhanələrin qarşısını almaq üçün) şübhəsiz, Rəbbiniz tərəfindən aşkar dəlil, hidayət və rəhmət gəldi. İlahi ayələri təkzib edib ondan üz çevirənlərdən zalımı kimdir? Biz tezliklə ayələrimizdən üz çevirənləri həmin dönüklüklərinə görə ağır əzabla cəzalandıracağıq.
  158. Məgər bundan sonra da gözləyirlərmi ki, onların yanına mələklər, Rəblərinin özü, Rəblərinin bəzi ayələri gəlsin?! (Məgər bilmirlərmi,) o gün ki, Rəblərinin bəzi nişanələri gələcək, bundan qabaq iman gətirməyən və ya iman gətirdiyi müddətdə xeyir iş görməyən şəxs iman gətirsə də, faydasız olar?! De ki, (Allahın qəzəbi) intizarında olun ki, biz də intizardayıq.
  159. (Ey peyğəmbər,) öz dinini pərakəndə salıb, dəstə-dəstə olanlarla sənin heç bir bağlılığın yoxdur. (Sən onlara məsul deyilsən.) Onların işlərinin sonu yalnız Allaha aiddir. Həmin vaxt Allah onları öz əməllərindən xəbərdar edəcək.
  160. Hər kəs yaxşılıq gətirsə, onun üçün (gətirdiyinin) on qat əvəzi var. Hər kəs pislik gətirsə, həmin qədər cəza görəcək. Onlara heç vaxt zülm olunmayacaq.
  161. De ki, həqiqətən, Rəbbim məni doğru yola, müşriklərdən olmamış İbrahimin haqq ayinindən ibarət möhkəm dinə hidayət edib.
  162. De: “Həqiqətən mənim namazım, ibadətlərim, həyatım, ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.”
  163. Onun şəriki yoxdur, Mənə (təslim ruhu, xalislik, bəndəlik) əmr olunmuşdur. Mən ilk müsəlmanam, Rəbbimə təsliməm.
  164. De ki, bir olan Allahdan savay tanrımı axtaraq? Halbuki O hər şeyin Rəbbidir. Hər kəs (pis işi) yalnız öz ziyanına görür. Kimsə başqasının (günah) yükünü çiyninə götürməz. Qayıdışınız sizi ixtilafda olduğunuz şeylərdən agah edən Rəbbinizə doğrudur.
  165. Odur sizi yer üzünə canişin qərar verən, bəzilərinizin dərəcəsini bəzilərinizin dərəcəsindən üstün buyuran. Bununla sizə verdiklərinə münasibətdə sizi sınayır. Həqiqətən, Rəbbin tez cəzalandırandır. Şübhəsiz ki, O, bağışlayan və mehribandır.