8.Ənfal surəsinin tərcüməsi

8.Ənfal surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ənfal surəsi

(Mədinədə nazil olmuşdur, 75 ayədir)

 

Rəhman və rəhim Allahın adı ilə

  1. (Ey peyğəmbər,) səndən «ənfal» (savaş qəniməti, ümumi mülk) haqqında soruşurlar. De ki, «ənfal» Allahın və peyğəmbərindir. Allahdan çəkinin, öz aranızda islah aparın. Əgər imanınız varsa, Allaha və Onun rəsuluna itaət edin.
  2. Yalnız o kəslər mömindirlər ki, Allahın adı çəkildiyi vaxt qəlbləri lərzəyə gəlsin. Onlara Allahın ayələri tilavət edildikdə imanları artar və yalnız öz Rəbblərinə təvəkkül edərlər.”
  3. (Möminlər) o kəslərdirlər ki, namazı bərpa edər, onlara ruzi verdiyimizdən (məhrumlara) paylayarlar.
  4. Onlar həmin həqiqi möminlərdir. Onlar üçün Rəblərinin yanında dərəcələr, bağışlanma, səxavətlə verilmiş və yaxşı ruzi var.
  5. (Qənimətin bölünməsində bəzi müsəlmanların narazılığı) Rəbbin səni (Bədr savaşı üçün) haqq olaraq evindən çıxardığı vaxt bir dəstə möminin narazılığı kimidir.
  6. Onlar haqq aşkar olduqdan sonra da bu barədə səninlə höcətləşirlər. (Elə qorxurlar ki,) sanki ölümə doğru sürüklənir və (öz məhvlərinə) baxırlar.
  7. (Xatırlayın,) o zaman ki, Allah sizə o iki dəstədən (ya ticarət karvanı, ya da düşmənin qoşunu) birinin sizin olacağını vəd edirdi. Siz isə silahsız bir dəstənin (ticarət karvanının) ixtiyarınıza keçməsini istəyirdiniz. Halbuki Allah haqqı Öz kəlmələri (sünnələri) ilə möhkəmlədib kafirlərin kökünü kəsmək istəyir. (Bu səbəbdən də sizi az sayla və döyüş hazırlığı olmadan Bədrdə Qüreyşə qalib etdi.)
  8. Günahkarların xoşuna gəlməsə də (Allah) haqqı möhkəmlədib, batili puç edər.
  9. (Xatırlayın,) o zaman ki, (Bədr savaşında) Rəbbinizdən yardım diləyirdiniz. O sizin dua və istəklərinizi eşitdi. (Buyurdu:) Mən ardıcıl min mələk göndərməklə sizə yardım edənəm.
  10. Allah onu (qələbəni və mələklərin nazil olmasını) yalnız müjdə və qəlblərin aramlığı üçün qərar verdi. Qələbə yalnız Allah tərəfindəndir. (Öz gücünüzə və mələklərin yardımına güvənməyin.) Həqiqətən, Allah məğlubedilməz və hikmət sahibidir.
  11. (Xatırla,) o zaman ki, (Allah) Öz tərəfindən aramlığınız üçün sizə yüngül bir yuxunu hakim etdi. Səmadan bir yağış endirdi ki, sizi pak etsin, şeytanın çirkinliyini sizdən təmizləsin, qəlblərinizi gücləndirsin, addımlarınızı onunla möhkəmlətsin.
  12. (Xatırla,) o zaman ki, Rəbbin mələklərə vəhy etdi:Mən sizinləyəm, imanlı fərdləri gücləndirin. Mən də tezliklə kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını burun, barmaqlarını qələm edin. (Silah götürə bilməsinlər.)
  13. O, (möminlərin ilahi himayəsi, düşmənin baş və barmaqlarının ucuna zərbə göstərişi) bu səbəbdən idi ki, onlar Allah və Onun Rəsulu (s) qarşısında itaətsizlik etdilər. Hər kəs Allaha və Onun Rəsuluna (s) qarşı çıxsa, Allah da ağır cəza sahibidir.
  14. Odur (dünyadakı cəzanız), onu dadın. (Bilin ki,) kafirlər üçün cəhənnəm əzabı var.
  15. Ey iman gətirənlər! Əgər kafir dəstəsi ilə rastlaşsanız, onlara arxa çevirməyin, qaçmayın.
  16. Geri çəkilməsində məqsəd yeni döyüşə hazırlıq olan və ya digər müsəlman dəstəyə qoşulmaq istəyənlər (qaçmaq məsələsində) istisnadırlar. Hər kəs savaş günü düşmənə arxa çevirsə, şübhəsiz, Allahın qəzəbinə gələr və onun yeri cəhənnəmdir. Necə də pis aqibətdir.
  17. Siz onları (öz gücünüzlə) öldürmədiniz. Əslində Allah (Öz qeybi yardımları ilə) onları qətlə yetirdi. (Ey peyğəmbər!) O vaxt ki, ox atdın, (əslində) sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqla imtahana çəksin. Çünki Allah çox eşidən və biləndir.
  18. Odur (düşmənin məğlubiyyəti, sizin qələbəniz və Allahın lütfü). (Bilin ki,) Allah kafirlərin hiyləsini zəiflədəndir.
  19. Əgər (siz kafirlər İslamdan) fəth və qələbə intizarında idinizsə, həmin fəth gəldi. (İslam həqiqəti aşkar oldu.) Əgər (öz azğınlığınızdan) əl çəksəniz, sizin üçün daha yaxşıdır. Əgər (öz küfrünüzə) qayıtsanız, (Biz də öz qəhr-qəzəbimizə) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, karınıza gəlməyəcək. Çünki Allah möminlərlədir.
  20. Ey iman gətirənlər! Allaha və Onun rəsuluna itaət edin. (Onun sözlərini) eşitdiyiniz halda üz döndərməyin.
  21. Eşitdik” deyənlər kimi olmayın. Amma (həqiqətdə) onlar eşitmirlər.
  22. Həqiqətən, Allah üçün canlıların ən pisi (haqqı eşitməyən) korlar, (haqqı deməyən) lallar və dərk etməyənlərdir.
  23. Əgər Allah onlarda bir xeyir görsəydi, onları eşidən edərdi. (Haqq sözü qəlb qulaqlarına çatdırardı.) Amma əgər onlar eşidən edilsəydilər də boyun qaçırıb üz döndərərdilər. (Bəzən əmin olsalar da, bunu etiraf etməzdilər.)
  24. Ey iman gətirənlər! Allah və Onun rəsulu sizi həyatverici bir şeyə dəvət etdikdə qəbul edin. Bilin ki, Allah insan və onun qəlbi arasında hail (pərdə) olur. Ona doğru məhşur olarsınız.
  25. Qorxun (özünüzü hifz edin) o fitnədən ki, təkcə sitəmkarlarınızın ətəyindən tutmaz. (Əksinə hamıya çatar. Çünki başqaları da sitəmkarların əməlləri qarşısında süsdular.) Bilin ki, Allah ağır cəza verəndir.
  26. O zamanı yada salın ki, siz az idiniz və yerdə (Məkkədə) zəif düşmüşdünüz. Qorxurdunuz ki, camaat sizi çalıb-çapa. (Allah Mədinədə) sizə sığınacaq verdi. Öz yardımı ilə sizi gücləndirdi, pak şeylərdən sizə ruzi yetirdi ki, bəlkə şükür edəsiniz.
  27. Ey iman gətirənlər! Allaha və peyğəmbərə xəyanət etməyin. Bilərəkdən öz əmanətlərinizə xəyanətkar olmayın.
  28. Bilin ki, var-dövlətiniz və övladlarınız bir imtahandır. Əlbəttə ki, Allahın yanında (sınaqdan çıxanlar üçün) böyük mükafat var.
  29. Ey iman gətirənlər! Əgər ilahi təqva yolunu tutsanız, Allah sizin üçün bir fürqan (haqqı batildən seçmə qüvvəsi) qərar verər, pisliklərinizi örtər, sizi bağışlayar. Allah böyük fəzl və bəxşiş sahibidir.
  30. (Xatırla,) o zaman ki, kafirlər səni həbs etmək, öldürmək və ya sürgün etmək üçün plan çızdılar. Onlar plan cızdılar, Allah da Öz tədbirini tökdü. Allah tədbir tökənlərin ən üstünüdür
  31. Onlara ayələrimiz oxunan vaxt deyirlər: “Yaxşıca eşitdik, (elə bir mühüm şey deyil,) əgər istəsək, şübhəsiz, Quran kimi bir şey bəyan edərik. Bu, keçmişdəki əfsanələrdən başqa bir şey deyil.”
  32. (Xatırla,) o zaman ki, müxaliflər dedilər: Pərvərdigara, əgər bu, Sənin tərəfindən həmin haqdırsa, bizə göydən daş yağdır və ya ağrılı bir əzab göndər.
  33. Nə qədər ki, sən xalqın arasındasan, Allah onlara əzab göndərmək fikrində deyil. Nə qədər ki, onlar bağışlanmaq diləyirlər, Allah onlara əzab verməz.
  34. Nə üçün Allah onlara əzab verməsin? Belə ki, onlar Məscidül-həramda qəyyum olmadıqları halda (xalqı) oradan uzaqlaşdırırlar. Təqvalılardan savay kimsənin ona hamilik haqqı yoxdur. Amma çoxları bilmirlər.
  35. Onların Allah evi yanında namazları (və duaları) fit və əl çalmaqdan başqa bir şey deyildir. Küfr etdikləri üçün gərək (ilahi) əzabı dadsınlar.
  36. Həqiqətən, kafir olanlar öz mallarını sərf edərlər ki, Allah yolunun qarşısını alsınlar. Gələcəkdə də bu sayaq xərcləri olacaq. Sonra (xərclədikləri mal) onlar üçün həsrət mayasına çevrilər və həmin vaxt məğlub olarlar. Kafir olan kəslər cəhənnəmə doğru məhşur olacaqlar.
  37. (Bu heyfsilənmə, məğlubiyyət və əzab) onun üçündür ki, Allah çirkini pakdan ayırsın, pislikləri aradan qaldırsın və hamısını toplayıb cəhənnəmdə yerləşdirsin. Onlar həmin ziyankarlardır.
  38. (Ey Peyğəmbər,) kafirlərə de ki, əgər (öz azğınlıqlarından) əl çəksələr, keçmişləri bağışlanar. Əgər (əvvəlki hərəkətlərindən) dönsələr, şübhəsiz, Allahın keçmişdəkilərlə bağlı sünnəsi (onlara münasibətdə də) yerinə yetər.
  39. Fitnənin (küfr və şirkin) axırına çıxana, dininizi Allah üçün xalis edənədək onlarla (düşmənlərlə) vuruşun. Əgər öz küfrlərindən əl çəksələr, həqiqətən, Allah onların etdiklərini görəndir.
  40. Əgər yenə boyun qaçırıb üz döndərsələr, bilin ki, Allah sizin mövlanız və haminizdir. Necə də yaxşı mövla və yardımçıdır!
  41. Əgər Allaha və (haqqın batildən) ayrıldığı, iki dəstənin savaşa qalxdığı gün bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, qənimət götürdüklərinizin, həqiqətən, beşdən biri Allah, Onun rəsulu, onun (Peyğəmbər) yaxınları (Əhli-beyt), yetimlər, imkansızlar və yolda qalanlar üçündür. Allah hər şeyə qadirdir.
  42. (Xatırlayın,) o zaman ki, siz aşağı, düşmənlər isə yuxarı tərəfdə idi. Karvan sizdən də aşağıda durmuşdu. Əgər öncəki qərarınızda qalsaydınız, razılığa gəlməzdiniz. (Çünki həm sizdən aşağı, həm də sizdən yuxarı düşmənlər vardı.) Amma (sizi görülmüş iş müqabilində qərar verdi ki,) Allahın istədiyi iş gerçəkləşsin. Həlak olan şəxs agahlıqla həlak olsun, həyat tapan şəxs də dəlillərlə həyat tapsın. Həqiqətən, Allah eşidən və biləndir.
  43. (Ey peyğəmbər! Yada sal,) o zaman ki, Allah onların sayını yuxuda sənə az göstərdi. Əgər Allah onları çox göstərsəydi, şübhəsiz, süstləşib savaş haqqında çəkinərdiniz. Amma o (sizi bu süstlük və çəkişmədən) salamat saxladı. Həqiqətən, Allah sinələrdə olandan xəbərdardır.
  44. (Xatırlayın,) o zaman ki, düşmənlə qarşılaşdığınız vaxt Allah onları sizin nəzərinizdə az göstərdi (cürətlə həmlə edəsiniz deyə), sizi də onların nəzərində az göstərdi (ki, onlar Məkkə kafirlərindən kömək istəməyələr). Bu işin səbəbi Allahın yerinə yetəsi işi gerçəkləşdirməsi oldu. (Bilsinlər ki,) bütün işlər Allaha dönəsidir (hər şey Onun iradəsinə tabedir!)
  45. Ey iman gətirənlər! Əgər bir dəstə ilə üz-üzə gəlsəniz, sabitqədəm olun və Allahı çox zikr edin ki, qurtuluş əldə edəsiniz.
  46. Allaha və Onun rəsuluna itaət edin. Bir birinizlə çəkişməyin ki, süstləşərsiniz, şövkət və qüvvəniz aradan götürülər. Səbir edin. Həqiqətən, Allah səbir edənlərlədir.
  47. O kəslər kimi olmayın ki, məstlik, özününümayiş, qürur və ya riya səbəbindən xalqın qarşısında (cəbhəyə doğru) evlərindən çıxdılar və xalqı Allah yolundan saxladılar. Halbuki Allah onların işindən tam xəbərdardır.
  48. (Xatırla,) o zaman ki, şeytan onların (müşriklərin işlərini nəzərlərində gözəl) cilvələndirdi və dedi: “Bu gün xalqdan kimsə sizə qalib gəlməyəcək, mən də sizin yanınızdayam, sizin pənahınızam.” Amma elə ki, iki qoşun bir-birinə sarıldı (mələklər İslam qoşununa yardıma gəldi), şeytan geri qayıtdı və dedi: “Həqiqətən sizdən zara gəldim. Mən sizin görmədiyiniz bir şey görürəm. Həqiqətən, mən Allahdan qorxuram. Allah ağır cəza verəndir.”
  49. (Xatırla,) o zaman ki, münafiqlər və qəlbi xəstələr deyirdilər: “Onları (müsəlmanları) dinləri məğrur etmişdir. (Onlar müsəlmanların Allaha təvəkkülündən xəbərsiz idilər.) Hər kəs Allaha təvəkkül etsə, (bilsin ki) şübhəsiz, Allah məğlubedilməz və hikmət sahibidir.
  50. (Ey peyğəmbər,) əgər görsən ki, mələklər kafirlərin canını alırlar, onların çöhrəsinə və arxasına vururlar, (deyirlər) dadın yandırıcı əzabı…
  51. Bu (cəza) sizin keçmişdəkilərinizin işlərinin qazancıdır. Şübhə yox ki, Allah Öz bəndələrinə sitəm qılmaz.
  52. (Sənin dövrünün kafirlərinin yolu) fironçuların və onlardan qabaqkı kafirlərin yolu kimidir. (Onlar inadkarlıqla) Allahın ayələrini inkar edirlər. Allah da onları öz günahlarının cəzasına düçar edir. Şübhəsiz, Allah qüvvəli və ağır cəza verəndir.
  53. O (cəza) bu səbəbdəndir ki, Allah bir qövmə əta etdiyini onlar özləri dəyişməyincə dəyişməz. Həqiqətən, Allah çox eşidən və biləndir.
  54. (Ey peyğəmbər!) Sənin dövründə xalqın ruhiyyəsi fironçular və onlardan əvvəlkilərin xasiyyəti və yolu kimidir. (Onlar) Rəblərinin ayələrini təkzib etdilər. Biz də günahlarının cəzası olaraq onları həlak etdik. Fironçuları batırdıq. (Fironçular və qüreyş kafirləri) hamısı sitəmkar idilər.
  55. Şübhəsiz, Allah yanında ən pis canlı küfr edənlərdir. Onlar iman gətirməzlər.
  56. (Allah yanında ən pis canlılar) O kəslərdirlər ki, onlardan əhd aldın, sonra öz əhdlərini hər dəfə pozdular. (Onlar vəfadarlıq və əhdin qorunmasında) təqva əhli və qorxan deyillər.
  57. (Ey peyğəmbər,) nə vaxt savaşda onlara əlin çatdı, onların arxa cəbhədə olanlarını qorxudub pərakəndə sal. Bəlkə ibrət götürələr (və fitnədən əl çəkələr).
  58. Bir dəstənin xəyanət edəcəyindən qorxduqda sən də əhdlərini onların üstünə at (onu ləğv et. Ya da bildir ki, onlar kimi əməl edəcəksən). Həqiqətən, Allah xainləri sevmir.
  59. Küfr edənlər düşünməsinlər ki, qabağa düşüblər (əlimizdən çıxıblar). Çünki onlar (Bizi) aciz qoya bilməzlər.
  60. Düşmənə qarşı bacardığınız qüvvə və döyüş atları tədarük edin. Belə ki, Allahın düşmənlərini, öz düşmənlərinizi, bunlardan başqa tanımadıqlarınızı, amma Allahın tanıdıqlarını bu vasitə ilə qorxudasınız. Allah yolunda nə infaq etsəniz, onun kamil mükafatını alarsınız və sizə sitəm edilməz.
  61. Əgər (düşmənlər) sülhə meyl göstərsələr, (sən də) meyl göstər və Allaha təvəkkül et. Həqiqətən, O, eşidən və biləndir.
  62. Əgər (düşmənlər) istəsələr ki, sənə kələk gəlsinlər, şübhəsiz, Allah sənin üçün yetər. Öz yardımları və möminlərin himayəsi ilə sənə yardım göstərən Odur.
  63. (Allah) onların (möminlərin) qəlbləri arasında ülfət qərar verdi. Əgər sən bütün yer üzündə olanları sərf etsəydin belə, yenə də onların qəlbi arasında məhəbbət yarada bilməzdin. Amma Allah onlar arasında bağlılıq qərar verdi. Çünki O, məğlubedilməz və hikmət sahibidir.
  64. Ey peyğəmbər! Sənin üçün Allah və imanlı ardıcılların bəs edər. (Başqalarının himayəsinə ehtiyacın yoxdur.)
  65. Ey peyğəmbər! Möminləri savaşa təşviq et. Əgər sizdən iyirmi nəfər dözümlü olsa, iki yüz nəfərə qalib gələr. Əgər sizdən yüz nəfər (möhkəm) olsa, kafirlərin min nəfərinə qələbə çalar. Çünki onlar (iman əsərlərini) anlamayan qövmdür.
  66. İndi Allah (cihad hökmünü) sizin üçün yüngülləşdirdi. Məlum oldu ki, sizə zəiflik yol tapmışdır. Əgər yüz nəfəriniz dözümlü olsa, iki yüz nəfərə qalib gələr. Əgər min nəfər olsanız, Allahın iradəsi ilə iki min nəfərə qalib gələrsiniz. Allah səbir edənlərlədir.
  67. Heç bir peyğəmbərin əsir götürmək haqqı yoxdur. Yalnız həmin yerdə tam qələbədən sonra olar. Siz (əsir götürüb sonra fidyə müqabilində azad etmək istəyindəsiniz,) dünyanın ötəri matahı haqqında düşünürsünüz, amma Allah (sizin üçün) axirəti istəyir. Allah məğlubedilməz və hikmət sahibidir.
  68. Əgər Allahın əzəli (xəbərdarlıqsız cəzalandırmamaq) hökmü olmasaydı, (əsirlərdən) götürdüklərinizə görə böyük bir əzaba düçar olardınız.
  69. Qənimət götürdüyünüz halal və pak şeylərdən sərf edin. Allahdan çəkinin. Həqiqətən, Allah bağışlayan və mehribandır.
  70. Ey Peyğəmbər! Əlinizdəki əsirlərə de ki, əgər Allah sizin qəlblərinizdə bir xeyir görsə, sizdən alınandan da üstününü sizə verəcək (və müsəlman olacaqsınız), günahlarınızı bağışlayacaq. Allah bağışlayan və mehribandır.
  71. Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, öncə Allaha xəyanət etmişlər. Allah (səni) onlara qalib etdi. Allah bilən və hikmət sahibidir.
  72. Həqiqətən, iman gətirib hicrət edənlər, malları və canları ilə Allah yolunda savaşanlar, (mücahidlərə və mühacirlərə) sığınacaq verib yardım göstərənlər bir-birlərinin dostu, hamisi və həmpeymanıdır. Amma iman gətirdiyi halda hicrət etməyənlərin hicrət edənədək heç bir dostluq və himayə haqqı yoxdur. Əgər (sıxıntıya düşmüş möminlər dinlərini qorumaq üçün) sizdən kömək istəsələr, onlara yardım etməlisiniz. Yalnız o qövm istisnadır ki, sizinlə onlar arasında peyman olsun. Allah etdiklərinizi görəndir.
  73. Küfrə uğrayanlar bir-birlərinin yardımçısıdırlar. (Onlarla həmpeyman olmayın.) Əgər (öz aranızda birliyiniz) olmasa, yer üzündə böyük fitnə-fəsad baş verəcək.
  74. İman gətirib hicrət edənlər, Allah yolunda savaşa qalxanlar, sığınacaq verib yardım göstərənlər həmin həqiqi möminlərdir. Onlar üçün bağışlanma, layiqincə ruzi var.
  75. Sonradan iman gətirib sizinlə birlikdə hicrət və cihad edənlər sizdəndirlər. İlahi qanunda qohumlar bir-birlərinə daha yaxındırlar. Həqiqətən, Allah hər şeydən daha yaxşı xəbərdardır.