GEOLOQLARI 1400 İL QABAQLAYAN QURAN HƏQİQƏTİ

GEOLOQLARI 1400 İL QABAQLAYAN QURAN HƏQİQƏTİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“MƏGƏR BİZ YERİ DÖŞƏK VƏ DAĞLARI DA PAYALAR ETMƏDİKMİ?!”

Digər dinlərdən fərqli olaraq İslam dini ilə elm bir-birindən ayrılmaz məfhumdur. Son əsrlərdə meydana çıxan bir çox elmlər vardır ki, Qurani-Kərim bu elmlər barədə 14 əsr əvvəl dəqiqliklə məlumat vermiş və nəhayət dünya elmləri inkişaf etdikdən sonra Quranda deyilən elmi həqiqət öz təsdiqini tapmışdır. Buna misal olaraq Quranın Geologiya elminə işarə edərək dağların və onların Yer kürəsində rolu barəsində tam dəqiqliklə xəbər verməsidir.

Bildiyimiz kimi dağlar şiddətli qasırğa və tufanların zərərinin qarşısını alır, hava axınını düzənləyir, qışda üzərindəki bol qarlar yayda əriyərək çaylara, göllərə axır və bununla da bütün canlılar faydalanmış olurlar.

Həmçinin dağlar olmasaydı Yer üzünün çoxluğunu təşkil edən okean və sular torpağı udar, torpaq yer səthində sabit qalmaz, sular torpaq daxilində cəm ola bilməz və bitkilər də bitməzdi. Qısa desək, Allah yer üzünə lütfü olan dağları yaratmasaydı, Yer kürəsində yaşamaq mümkünsüz olardı.

ABŞ-ın məşhur elmi saytı olan www.qz.com saytında deyilir:

“Dağlar olmasaydı, Yer Mars kimi soyuq və cansız ola bilərdi”.

Lakin dağların ən mühüm digər faydası da vardır ki, bu barədə Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا. وَالْجِبَالَ أَوْتَادًا ﴾

Məgər Biz yeri döşək və dağları da payalar etmədikmi?!” (“ən-Nəbə” surəsi, 6,7-ci ayələr)

Uca yaradan Qurani-Kərimdə dağları qısa bir kəlmə ilə “paya” adlandırmasına baxmayaraq onun Yer üzündə olan və gələcək nəsillərin özlərinin də şahidlik edəcəyi böyük bir funksiyasına işarə etmişdir.

Keçmiş ABŞ Prezidenti Jimmy Karterin məsləhətçisi olmuş və eyni zamanda 12 il ABŞ Milli Elmlər Akademiyasının rəhbəri vəzifəsində çalışmış professor Emeritus Frank Pressin iki müəllifdən biri olduğu və bir çox dünya universitetlərində tədris edilən “Earth” (Yer) adı ilə tanınan kitabın 158, 220, 413 və 435-ci səhifələrində dağların köklərinin torpağın dərinliklərinə sancıldığını, buna görə də dağların paya və ya çiv rolunu oynadığını qeyd edərək sxematik təsvirini də göstərmişdir.

Yer kürəsini tədqiq edən müasir elmlər dağların yerin altında dərin köklərinin uzandığını və bu köklərin dağların torpağın üst qatında olan hissəsindən 10-20 dəfə daha nəhəng olduğunu təsdiq edir.

ABŞ-ın məşhur testingtheglobe.com adlı elmi saytında: “Dünya dirəklərlə qorunan yaxud bərkidilən və suyun uzərində üzən bir disk kimidir”- qeyd olunmuşdur.

İlk dəfə dağların kökünün olduğu 19-cu əsrin sonunda məşhur İngilis alimi Corc Bidel Eri (1801-1892) tərəfindən kəşf edilmişdir.

Belə ki London Geologiya Cəmiyyətinin saytında “Dağların kökü” haqqında yazılmış məqalədə Corc Bidel Erinin dağların yerin altında kökləri olduğu üçün daha az qravitasiya çəkdiklərini və onların daha çox hissəsinin yerin altında suda üzən aysberq kimi uzandqlarını söylədiyi qeyd olunmuşdur.

İngiltərənin məşhur ensklopediya saytında deyilir:

“Yüksək dağların mantiyanın altında dərinliklərə enən az sıxlıqlı kökləri vardır”.

Fransalı Professor Andre Cailleux 1968-ci ildə çap edilmiş “Anatomy of the Earth” (“Yerin anatomiyası”) kitabında deyir:

“Dağlar dirəklər kimi yerə gömülmüş dərin köklərə malikdir. Bu köklər yerin dərinliklərinə gedib çıxır. Ona görə də dağlar, sanki payaya bənzəyir”. (“Anatomy of the Earth”, Cailleux, səh.220)

Çox maraqlıdır ki, Quranın nazil olmasından əsrlər sonra dağları Quranın vəsf etdiyi kimi müasir alimlər də həmçinin “paya” adlandırıblar.

Almaniyanın məşhur elmi saytı olan www.researchgate.net saytında D. Pedreira, J. Gallart, J. A. Pulgar və J. Diaz kimi tanınmış alimlər də həmçinin dağların mahiyyətindən bəhs edərkən Qurandan xəbərləri olmaya-olmaya dağları Quran dili ilə “paya” kimi vəsf etmiş və Alp dağlarının kökünün yerin dibinə 42 km dərinliyində uzandığını qeyd ediblər.

Paya ərəb dilində (وتد) “vatəd”, ingilis dilində isə “vedge”, yaxud “peg” adlanır.

Paya bir şeyi saxlamaq üçün tir, dayaq, sütun, dirək deməkdir. Həmçinin külək tərpətməsin deyə yerə paya vuraraq çadırı iplə bu payaya bağlayırlar.

Yer üzünü saxlamaq üçün paya rolunu oynayan nəhəng dağlardan biri kimi Himalay dağını misal çəkmək olar.

Himalay dağları silsiləsi 7200 metrdən hündür olan 50-dən çox nəhəng dağları əhatə edir və Yer kürəsində olan ən hündür bir neçə zirvələrə malikdir. Everest adlanan ən yüksək zirvəsi 8848 metr, digər 14 zirvələrindən 10-u isə 8000 metrdən hündürdür. Himalay dağlar silsiləsi Nepal, Hindistan, Butan, Çin və Pakistan kimi Asiya qitəsinin 5 ölkəsini əhatə edir. Bu dağların uzunluğu 2413 km, eni isə 250-300 km – dir. Himalay dağının yer səthindəki hündürlüyü 9 km olmasına baxmayaraq onun yerin altına uzanan kökünün dərinliyi 125 km-dən çoxdur.

Həmçinin də Yer üzünü paya kimi saxlayan dağlara Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada ən uzun dağ silsiləsi kimi tanınan, uzunluğu 9000, eni 500 və hündürlüyü 7 km olan And dağlarını, Avropada yerləşən Alp dağlarını Avropa və Asiyada yerləşən Qafqaz dağlarını, Afrikada yerləşən Kilimancaro dağını, Avstraliyada yerləşən Kostyuşko dağını misal çəkmək olar.

Məlumdur ki, Litosferin-yer qabığının aşağısında “Astenosfer” təbəqəsi var. Bu təbəqə Litosferlə müqayisədə daha nazik və hərəkətli təbəqədir. İsti və yarımqatı maddələrdən təşkil olunmuş bu təbəqə yüksək geoloji istiliyə və təzyiqə məruz qalanda yumşalıb əriyir. Bərk Litosfer təbəqəsi yavaş hərəkət edən Astenosfer təbəqəsinin üzərində üzür və ya hərəkət edir. Bu təbəqələrin aşağısında yüksək hərarətə malik olan, yarımqatı qayalardan əmələ gələn, təxminən, 2900 km qalınlığında olan və adına “Mantiya” deyilən bir təbəqə var. Yerin üst səthi ilə müqayisədə özündə daha çox dəmir, maqnezium və kalsium ehtiva edən Mantiya daha isti və qalındır. Çünki Yerin daxilindəki hərarət və təzyiq dərinliyə getdikcə daha da çoxalır.

Ona görə də yarımqatı maddə hesab olunan Astenosfer qatının üzərində duran torpağın möhkəm dayanaraq yırğalanmaması üçün yerin dərinliklərinə uzanan dağların olması labüddür.

Bu barədə Uca Allah buyurur:

﴿وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ ﴾

“(Allah yer kürəsi möhkəm olsun) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar, çaylar və düzgün səmt götürməniz üçün yollar yaratdı”. (“ən-Nəhl” surəsi, 15-ci ayə)

Həmçinin buyurur:

﴿ خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ ﴾

“O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağış yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik”. (“Loğman” surəsi, 10-cu ayə)

Əlbəttə ki, 14 əsr öncə Qurani-Kərimin dağların Yer kürəsində olan rolu barəsində dediyi tam dəqiq məlumat Quranın və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Allah tərəfindən haqq olaraq göndərilməsinə bir daha sübutdur.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala, həmçinin buyurur:

﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ ﴾

“De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” ( “ən-Nəml” surəsi, 93-cü ayə)