MİSİR PİRAMİDALARININ QURAN İSBATI İLƏ TİKİLİŞİ

MİSİR PİRAMİDALARININ QURAN İSBATI İLƏ TİKİLİŞİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Rəhmli və Mərhəmətli Allahın adı ilə

PİRAMİDALARIN SİRLƏRİ

XXI əsrdə kəşf edilmiş elmi həqiqətə Qurani-Kərim 14 əsr bundan öncə işarə etmişdir!

Uzun illər idi ki, alimlər bu tikintiyə valeh olaraq onun sirlərinin kəşfi qarşısında aciz qalmışdılar. Sanki bu bina cavabsız bir tapmaca idi. Yazarlar bunun ətrafında xəyali əfsanələr və hekayələr uydururdular. Lakin həqiqət müasir elmi axtarışlar tərəfindən aşkar olunmağa başladı.

Yeni araşdırmalarda bildirilir ki, piramidalar palçıq və oddan istifadə edilərək tikilmişdir. Heyrətedici tərəfi odur ki, Qurani-Kərim bu həqiqəti çox aydın şəkildə Fironun dili ilə qeyd etmişdir. Lakin bundan öncə gəlin, bu haqda alimlərin yeni kəşflərinə nəzər salaq.

2006-cı il, dekabrın 1-də  Amerikanın “Times” jurnalında yayılan elmi xəbərdə piramidaların tikilişində palçıqdan istifadə olunduğu vurğulanmışdır. Amerika və Fransa alimlərinin araşdırmaları göstərir ki, piramidaların tikilişində mövcud olan ağır daşlar, palçığın taxta qəliblərə tökülərək odla bişirilməsindən sonra meydana gəlmişdir.

Alimlər qeyd edirlər ki, fironlar kimya elmində və palçıq istifadəsində çox mahir idilər. Onlar palçıq istifadəsini sirr kimi saxlayar və heç kimə oyrətməzdilər. Professor Gilles Hug və Michel Barsoum vurğulayır ki, doğrudan da, Misirin Cizə bölgəsində ən böyük piramidalar iki növ daşdan hazırlanmışdır: təbii daşdan və əl ilə hazırlanmış süni daşlardan.

“American Ceramic Society” jurnalının yaydığı araşdırmada qeyd olunur ki, həqiqətən, fironlar yüksək binaların tikintisində ümumi olaraq, piramidaların tikintisində isə xüsusi olaraq palçıqdan istifadə edirdilər.

Çünki insanın çəkisi minlərlə kiloqrama çatan daşı qaldırması mümkünsüz idi. Fironlar təbii daşları piramidaların təməlində istifadə edirdilər. Qəliblər vasitəsilə tökülmüş palçıq isə yuxarı hissələr üçün idi.

Duz qatılmış əhəngli palçığın suyu buxarlandırılaraq palçıq qarışığı hazırlayar və bu palçığı ehramın divarlarına qoyulmuş taxta qəliblərə daşıyıb tökərdilər.

Professor Davidovits ən böyük piramida daşlarından birini təhlil üçün elektron mikroskopla yoxlayarkən bu daşlarda sürətli reaksiya əlamətlərini görür. Bu da onu göstərir ki, həmin daşlar palçıqdan hazırlanmışdır. Hətta, geoloqlar yaxın vaxta qədər təbii daşla, süni yolla hazırlanmış daşın arasındakı fərqi ayırd etməyi bacarmırdılar. Lakin onlar bu gün müasir texnologiyalar vasitəsilə buna nail oldular.

Bu kimi araşdırmalara uzun illər şəkklə yanaşan belçikalı alim Guy Demortier deyir: “Uzun illərin araşdırmasından sonra əmin oldum ki, Misirdə mövcud olan piramidalar palçıq vasitəsilə hazırlanmışdır”.

Fironlar piramidaların inşasında çox sayda daşlardan istifadə etmişlər. Belə ki, bu daşların sayı 2-2.8 milyon civarındadır.

Fransalı professor Joseph Davidovits 20 il müxtəlif təcrübələr həyata keçirdikdən sonra belə qənaətə gəlmişdir ki, piramidalar, xüsusən də, təbii daşın qaldırılması çətin olan yüksək hissələr palçıqdan hazırlanmış daşlardır.

Bosniya piramidası olan “günəş piramidası” üzərində aparılan geniş araşdırma zamanı aydın olmuşdur ki, həmin piramida palçıqdan hazırlanmışdır.

Alimlər arasında piramida kimi tam təsdiqini tapmayan Bosniya piramidalarının daşlarının palçıqdan hazırlanması isbatı da dəlalət edir ki, keçmiş zamanlarda Firon və Roma mədəniyyətində bu cür üslubdan istifadə olunurmuş.

QURANİ-KƏRİMİN YENİ KƏŞF EDİLƏN ELMİ QABAQLAMASI

Artıq Qurani-Kərim daha qədim dövrdə piramidaların və digər hündür binaların necə tikilməsinə işarə etmişdir.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرِي فَأَوْقِدْ لِي يَا هَامَانُ عَلَى الطِّينِ
فَاجْعَلْ لِي صَرْحًا لَعَلِّي أَطَّلِعُ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ مِنَ الْكَاذِبِينَ ﴾

“Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir İlah tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və hündür bir qüllə düzəlt ki, (ora qalxaraq) Musanın İlahını görüm. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm”.  (“əl-Qasas” surəsi, 38-ci ayə)

Qeyd edilən ayədə Allah-Təala o dövrdə hündür tikililərin hansı metodla inşa edilməsini açıq-aydın bəyan etmişdir.

Həmin metodun “…Ey Haman! Mənim üçün palçığın üzərində od qala…” ayəsi vasitəsi ilə istilik və palçıq olduğu bəlli olur.

Artıq Roma və digər sivilizasiyalarda nəhəng heykəllərin və hündür dirəklərin də bu üsulla tikildiyinə sübutlar vardır.

Hətta, Qurani-Kərim nazil olan zaman bu həqiqət heç kəsə məlum deyildi. Əksinə piramidaların, heykəllərin və digər nəhəng binaların palçıqla tikilməsi fikri XX əsrin sonunda meydana gəlmişdir. Halbuki, Qurani-Kərim bu mövzuya 14 əsr bundan əvvəl dəqiqliklə toxunmuşdur.

Sual ortaya çıxır ki, hansı səbəbə görə Allah-Təala bu məsələni məhz Fironla bağlamışdır?

Cavab olaraq deyə bilərik ki, çünki palçıqdan tikilən ən nəhəng binalar fironlar dövründə olan piramidalardır.

Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) piramidaların tikilişi haqda kim xəbər vermişdir?

Biz bilirik ki, İslam Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) nə Misirə getmiş, nə də ki, piramidaları görmüşdür. Firon hadisəsi də onun dövründən neçə min illər qabaq olmuşdur və onun zamanında yer üzündə heç bir kəs piramidaların sirlərindən xəbərdar deyildi. Qeyd etdiyimiz kimi, yüksək binalar tikən zaman fironların palçıqdan və oddan istifadəsini isə alimlər yalnız bir neçə il öncə aşkar edə biliblər.

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) 1400 il bundan əvvəl Fironun binalar tikərkən palçıq və oddan istifadə etməsini haradan bilmişdir?

Əlbəttə ki, bu ayə qəti şəkildə sübutdur ki, doğrudan da, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) özündən heç nə deməmişdir. Əksinə Fironu yaradıb sonra da azğınlığına görə onu dənizdə boğaraq Musaya (Allahın ona salamı olsun) nicat verən Allah-Təala Özü Quran ayəsi ilə bu məlumatı vermişdir.

Sözügedən ayə yeni əsrimizdə bir daha Məhəmmədin (Allahın ona salavat və salamı olsun) həqiqətən də, Allah tərəfindən haqq peyğəmbər olduğuna açıq-aydın bir sübutdur.

Bu araşdırmadan sonra fəxrlə deyə bilərik ki, piramidaların tikilişinin həqiqi sirri barədə ilk olaraq danışan Amerika və Fransa alimləri deyil, məhz müsəlmanların ən müqəddəs kitabı olan və hər dəfə öz möhtəşəm möcüzələri ilə insanları heyrətdə qoyan Qurani-Kərimdir.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala, həmçinin, buyurur:

﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾

De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” ( “ən-Nəml” surəsi, 93-cü ayə)