Namazda hər gün oxuduğum "SİRATİ-MUSTƏQİM" ayəsi haqda təfsir alimləri nə yazmışlar?!

Namazda hər gün oxuduğum “SİRATİ-MUSTƏQİM” ayəsi haqda təfsir alimləri nə yazmışlar?!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gündəlik namazlarda oxuduğumuz “Həmd” surəsinin 6-cı ayəsində buyurulur:
أِهْدِنَا الصِّرَاطَ المُسْتِقِيمَ
“İlahi! Bizi doğru yola hidayət et!”

 

Elə bir yola ki, bizi Sənin razılığını qazananlara çatdırsın, qəzəb etdiyin şəxslərin və azğınların yolundan ayırsın! İlahi! Bizi bu yola hidayət et, bu yolda sabitqədəm saxla.

Şübhəsiz, “sirati-müstəqim” (doğru yol) geniş məna daşıyır. Bəzi alimlər onu “İslam”, bəziləri “Quran”, bəziləri “Peyğəmbər (s) və həqiqi İmamlar”, bəziləri “ilahi ayin”, bəziləri də “ilahi peyğəmbərlərin qayda-qanunları” kimi təfsir etmişlər. Bunların hər biri həmin geniş məfhumda özünə yer tapır. Amma müxtəlif sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan bir çox rəvayətlərə görə, burada doğru yolun ən bariz nümunəsinə toxunulmuş, Əli ibn Əbi Talib (ə), yaxud Məhəmməd (s) və ali-Məhəmmədin yolu göstərilmişdir.

 

Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən (o da Peyğəmbəri-əkrəmdən (s)) nəql etdiyi hədisdə buyurulur:
اِنَّ اللهَ جَعَلَ عَلِيّاً وَزَوْجَتَهُ وَاَبْنائَهُ حُجَجُ اللهِ عَلى خَلْقِهِ وَهُمْ اَبْوابُ الْعِلْمِ فِى اُمَّتِى، مَنْ اِهْتَدى بِهِمْ هُدِىَ اِلى صِراطٍ مُسْتَقِيمٍ:
“Allah Əlini, onun zövcəsini (Fatimeyi-Zəhranı) və övladlarını məxluqlar üzərində ilahi höccət seçmişdir. Onlar mənim ümmətim içərisində elm qapılarıdır. Hər kəs onlar vasitəsilə hidayət olunsa, doğru yolu tutar!”

 

Başqa bir hədisdə isə İbn Abbas Peyğəmbəri-əkrəmin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir:
اَنْتَ الطَّرِيقُ الْواضِحُ وَاَنْتَ الصِراطُ الْمُسْتَقِيمُ وَاَنْتَ يَعْسُوبُ الْمُؤمِنِينَ!:
“(Ya Əli!) Sən aydın və doğru yol, möminlərin rəhbərisən!”

 

Üçüncü bir hədisdə İbn Abbas “İhdinəs-siratəl-mustəqim” (İlahi, bizi doğru yola hidayət et) – ayəsinin təfsirində deyir: “Ey Allahın bəndələri! Deyin ki, ilahi, bizə Peyğəmbər və onun Əhli-beytinin məhəbbətini nəsib et!”

Dördüncü bir hədis Əbu Büreydədən nəql olunur və o deyir: “Doğru yoldan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”
Bu hədisi Əllamə Sələbi (“Təfsir”də)[605] və Şeyx Übeydullah Hənəfi (“Ərcəhül-mətalib”də) Əbu Hüreyrədən nəql etmişdir.

“Şəvahidut-tənzil”də qeyd olunan beşinci hədis Əbdür-Rəhman ibn Zeyddən nəql olunur. Onun atası “Siratəl-ləzinə ənəmtə ələyhim” (Nemət verdiyin şəxslərin yoluna (hidayət et)) – ayəsinin təfsirində deyir: “Onlar (nemət verilən kəslər) Peyğəmbər, onunla birgə olan Əli ibn Əbi Talib və onun şiələridir!”

Bu haqda şiə mənbələrində rəvayət çoxdur. Məsələn, İmam Sadiq (ə) “Siratəl-ləzinə ənəmtə ələyhim” – ayəsinin təfsirində buyurmuşdur: “Məqsəd, Məhəmməd (s) və onun övladlarıdır!”

Bütün bunlar göstərir ki, “sirati-müstəqim”in (doğru yolun) xaricdə ən aydın və ən bariz nümunəsi Peyğəmbər (s), Əli (ə) və Fatimeyi-Zəhranın (ə.s) məsum övladlarıdır. Deməli, kim onların vilayətinə bağlanıb, onları özünə örnək seçsə, sözsüz, Allahın haqq yoluna düşəcək və azğınlıqdan uzaq olacaqdır./Oxuquran.com