QURAN VƏ HƏDİSİN DƏNİZ ALTINDAKI OD HAQQINDA DEDİYİ HƏQİQƏT 1977-Cİ İLDƏ KƏŞF EDİLDİ

QURAN VƏ HƏDİSİN DƏNİZ ALTINDAKI OD HAQQINDA DEDİYİ HƏQİQƏT 1977-Cİ İLDƏ KƏŞF EDİLDİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Rəhmli və Mərhəmətli Allahın adı ilə

İnsanlar daim od ilə suyun biri-birinə tamamilə zidd olmasını düşünərək onların qətiyyən bir araya gəlməməsi fikrində olublar. Lakin bu mövzumuzda ziddiyyətləri bir araya gətirməyə qadir olan Uca Rəbbimizin Yer üzündə yaratdığı su və od birləşməsindən bəhs edəcəyik.

Qurani-Kərimdə kainatın sonunda dənizlərin alovlanacağı və qaynayacağı barədə bir çox ayələr var. Lakin Uca Allah nazil etdiyi ayələrin birində, hətta, hal-hazırda da odlu-alovlu dənizə işarə edərək buyurur:

﴿ وَالسَّقْفِ الْمَرْفُوعِ. وَالْبَحْرِ الْمَسْجُورِ. إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ. مَا لَهُ مِنْ دَافِعٍ ﴾

And olsun yüksək tavana (uca göyə)! And olsun alovlanan dənizə! Rəbbinin əzabı (iman etməyənlər üçün) mütləq vaqe olacaqdır. Onun qarşısını heç nə ala bilməyəcəkdir”. (“ət-Tur” surəsi, 5-8- ci ayələr)

Böyük təfsir alimi olan Məhəmməd ibn Cərir ət-Təbəri (839-923) ayənin təfsiri haqqında etdiyi rəvayətlərin birində belə deyib:

.عن شمر بن عطية, في قوله: ( وَالْبَحْرِ الْمَسْجُورِ ) قال: بمنـزلة التنُّور المسجور

“Şəmr ibn Atiyyədən Uca Allahın “And olsun alovlanan dənizə!” ayəsi haqqında belə söylədiyi nəql edilir: “Yəni alovlanmış təndir kimi (olan dənizə)”. (“Təfsir ət-Təbəri”, “ət-Tur” surəsi, 6-cı ayənin təfsiri)

Böyük təfsir alimi Məhəmməd ibn Əhməd əl-Qurtubi (1204-1273) deyib:

 .قال الضحاك وشمر بن عطية ومحمد بن كعب والأخفش بأنه الموقد المحمي بمنزلة التنور المسجور

“Dahhək, Şəmr ibn Atiyyə, Məhəmməd ibn Kab və Əxfəş deyib: “O dəniz alovlanmış təndir kimi odlu və qaynardır”. (“Təfsir əl-Qurtubi”, “ət-Tur” surəsi, 6-cı ayənin təfsiri)

Əbu Bəkratə, Abdullah ibn Ömər və Abdullah ibn Amrdan (Allah onlardan razı oslun) rəvayət olunan hədisdə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi nəql olunur:

(فإن تحت البحر نارا وتحت النار بحرا…)

“Həqiqətən də, dənizin altında od və odun da altında dəniz vardır”. (Əbu Davud, Beyhəqi, Təbərani, əl-Bəzzar və digərləri rəvayət ediblər.)

Burada qeyd edəcəyimiz mövzu ayə və hədisdə zikr olunduğu kimi, dənizlərin altında odun kəşfi haqqındadır. Hədisin davamında qeyd edilən “və odun da altında dəniz vardır” kəlmələrindəki həqiqəti də həmçinin alimlər artıq 2014-cü ildə kəşf edərək, həqiqətən də, Yerin mantiya qatının altında Yer kürəsinin üzərində olan okeanlardan üç dəfə böyük olan okean olduğunu sübut ediblər. Allahın izni ilə gələcəkdə bu barədə də bəhs edəcəyik.

MÜASİR ALİMLƏRİN OKEANLAR ALTINDAKI ODU KƏŞF ETMƏLƏRİ

Müasir alimlər dənizlərin altında 1000 °C ilə ölçülən alovun olduğunu yalnız 1977-ci ildən bəri kəşf etməyə başlayıblar.

Belə ki, ABŞ-ın Oregon Dövlət Universitetinin saytı 1991-ci ildə nəşr edilən Cozef Konun (Joseph Cone) “Dəniz altında yanğın” (Fire Under the Sea) adlı kitabının məzmunu haqqında deyir:

“1977-ci ilə qədər tamamilə məlum olmayan dəniz silsiləsi kimi tanınan və Yer kürəsini əhatə edən sualtı dağlar boyunca bir çox yerlərdə dənizaltı isti bulaqlar meydana gəlir. Bu bulaqların araşdırılması planetimiz və oradakı həyat haqqında bir sıra qeyri-adi kəşflərlə nəticələnir”.

Həmçinin həmin saytda deyilir:

“Müəllif Cou Kon XX əsrin elm və texnologiya sahəsində baş verən böyük inkişaf nəticəsində isti bulaqlardakı önəmli kəşflərin necə ortaya çıxdığını göstərir. Xüsusilə də, bulaqların əsaslı şəkildə kəşf edilməsi müasir Yer elminin əsas mahiyyətinin mühüm nəticəsi kimi göstərilir. Planetimizin səthi orta dəniz silsilələrində yaranmış bir qrup təbəqələrə bölünmüşdür. Yeni yerin bu asta yaradılışı ərzində həmin silsilələrdə isti lava quyuları əmələ gəlir, dəniz kənarları ayrılır və isti bulaqlar yaranır. İsti bulaqların araşdırılması 1980-ci illərin əvvəllərindən bəri sürətlə inkişaf etmişdir”.

ABŞ-ın NASA agentliyi 2019-cu ilin Mart ayında dərc etdiyi “Aşağıda yanğın, yuxarıda buz: vulkanlar, buzlaqlar və dəniz səviyyəsinin qalxması” (Fire below, ice above: volcanoes, glaciers and sea level rise) başlıqlı yazısında okeanların 660 km dərinliyində maqmanın (isti və maye ərinti) olması haqqında deyir:

“İsti maqma dəridən çıxan mozol kimi Yer qabığının altından səthə doğru qalxa bilir. Bu qazlar və maye ilə zəngin süxurlar vulkanlar yaradırlar. Və onlar, hətta, əsas mantiya sərhəddi qədər dərin olan və 400 mil (660 km) aşağıya uzanan isti nöqtələr tərəfindən yaradılmışdır. Zamanla okean qabığı və kontinental plitələr bu isti nöqtələrin üzərindən sürüşərək milyon illərlə plitələrin cığırlarını aşkar edən izlər buraxır”.

Həmçinin deyir:

“Dəhşətli bir nümunə isə yaxınlarda ortaya çıxmış nəhəng bir adanı əhatə edən bir neçə mil (km) qalınlığında buz təbəqəsinin altında uzanan “istilik izi” Qrenlandiyada tapılmışdır”.

NASA həmçinin həmin məqalədə Antarktida buzları altında mantiyanın olması barədə deyir:

“Antarktik buzunun altında göl sistemləri (mavi nöqtələr) və çaylar (xətlər) var. Son araşdırmaların birində donmuş qitənin Mariya Bird torpağının altında mantiya plum adlı istilik mənbəyinin dəlili tapılmışdır”.

ABŞ-ın 80 yaşlı hər həftə milyonlarla dərc edilən tanınmış “Nyusvik” (News Week- Həftə xəbərləri) jurnalı 2018-ci ildə dərc etdiyi məqaləsinin ünvanında belə deyib:

“Okeanda od varmı? NASA Atlantik okeanın mərkəzində qəribə “qeyri adi istilik” müşahidə etmişdir”.

ABŞ-ın Milli Elm Fondunun saytının 2006-cı ildə dərc etdiyi yazısında okeanın 2500 metr dərinliyində alovun kəşf edilməsi barəsində deyilir:

“Alimlər Sakit okeanın dərinliklərində “fəaliyyətdə olan” sualtı vulkan püskürməsi aşkar etdilər”.

ABŞ astronavtlarının təməlini qoyduğu məşhur “Space” saytı 2020-ci ilin Fevral ayında dərc etdiyi məqaləsində Sakit okeanın içində olan alov barəsində deyir:

“Sazerlend öz bəyanatında belə deyir: “Bizim müşahidələrimizdə təəccüblü nüanslardan biri ondan ibarətdir ki, o müşahidələrin göstərdiyinə görə, odlu halqanın ilkin əlamətləri Sakit okeanın qərbində eyni vaxtda təzahür etmişdir””.

Çox maraqlıdır ki, nə okeanların dibində olan bol su bu alovları söndürə bilir, nə də bu güclü alovlar suyu buxarlandıra bilir.

Qeyd edək ki, həyatında bir dəfə də olsun gəmiyə minməyən Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) heç okeanların da dibinə düşməmişdir. Elə isə yeni kəşf edilən bu heyrətamiz həqiqəti ona kim xəbər vermişdir? Əlbəttə ki, hər şeydən xəbərdar olan uca Allah! Əks halda yalandan peyğəmbərlik iddiasında olan kəs bu kimi qeybi məsələlərdən, keçmiş və gələcək haqda, okeanların dibindən, göy cismlərindən və orada olanlardan sözünə arxayın halda xəbərlər verərək özünü çətinliyə salmazdı…

Əlbəttə ki, son əsrlərdə bu kimi möhtəşəm kəşfləri 1440 il öncə Qurani-Kərimin və hədislərin qabaqlaması Uca Allahın varlığına, Quranın, Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) haqq olmasına və hədislərin də doğruluğuna ağıl sahibləri üçün bir daha böyük sübutdur…

Uca Allah buyurur:

﴿ قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ النَّبِيِّ الْأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللَّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ ﴾

“De: “Ey insanlar! Həqiqətən də mən sizin hamınıza göndərilən Allah elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa haqq ilah yoxdur. O, həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman edin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz””. (“əl-Əraf” surəsi, 158-ci ayə)