Qurani Kərimdə "Təbliğ et" ayəsinin əmri hansı məsələ haqda bəhs edir?!

Qurani Kərimdə “Təbliğ et” ayəsinin əmri hansı məsələ haqda bəhs edir?!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“TƏBLİĞ” AYƏSİ

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.” (“Maidə” surəsi, ayə: 67)

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin İmam Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məsud və Amir ibn Leyli nəql etmişlər. Onların rəvayətlərində bu ayənin İmam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilmişdir.

 

Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə) qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:

–Hafiz Əbu Nəim İsfahani: “Ma nuzzilə minəl-Quran fi Əliyyin” kitabı (“Əl-xəsais” kitabından nəql, səh. 29);
–Əbülhəsən Vahidi Nişapuri: “Əsbabun-nüzul” kitabı, səh. 150;
–İbn Əsakir Şafei: (“Əd-durrul-mənsur” kitabından nəql, 2-ci cild, səh. 298);

 

–Fəxri-Razi: “Kəbir” təfsiri, 3-cü cild, səh. 636;
–Əbu İshaq Həməvini: “Fəraidus-səmteyn” kitabı;
–İbn Səbbağ Maliki: “Füsusul-muhimmə” kitabı, səh. 27;
–Cəlaləddin Süyuti: “Əd-durrul-mənsur” kitabı, 2-ci cild, səh. 298;

 

–Qazi Şovkani: “Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57;
–Şəhabuddin Alusi Şafei: “Ruhul-məani” kitabı, 6-cı cild, səh. 172;
–Şeyx Süleyman Qunduzi Hənəfi: “Yənabiul-məvəddət” kitabı, səh. 120;
–Bədrəddin Hənəfi: “Umdətul-qari fi şərhi Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;

 

–Şeyx Məhəmməd Əbduh Misri: “Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463;
–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin “Əd-durrul-mənsur” kitabından nəql) və s.
Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin bəziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı, sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə iradla yanaşmışlar. Biz gələcək bəhslərdə Allahın lütf və mərhəməti sayəsində onların nəzərlərini dəqiq araşdıracağıq./Oxuquran.com