QURANIN BULUD HAQQINDA VƏSFİNİ ALİMLƏR 20-Cİ ƏSRDƏ KƏŞF ETDİLƏR

QURANIN BULUD HAQQINDA VƏSFİNİ ALİMLƏR 20-Cİ ƏSRDƏ KƏŞF ETDİLƏR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

...BU O DEMƏKDİR Kİ, MİLYONLARLA FUNT SU HƏR AN BAŞINIZIN ÜZƏRİNDƏ ÜZÜR. BU İSƏ 100 FİLƏ BƏRABƏRDİR”.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Tarix boyu qədim mədəniyyətlər xeyir, şər, əkin, biçin, su və s. kimi müxtəlif ilahların olduğunu iddia ediblər. Bəziləri də buludları ilahların çörəyi və yeməyi hesab edərək bu kimi ağılsız iddialarda olublar.

Lakin Uca Allah Yer üzünə rəsul və peyğəmbərlər göndərərək bütün kainatı yaradanın yalnız bir İlah olduğunu və Onun da heç bir şeyə möhtac olmadığını bəyan etmişdır.

Peyğəmbərlərin ən sonuncusu olan Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) göndərilən, elm və nurla dolu, möcüzəvi bir kitab olan Qurani-Kərim insanların ölümdən sonrakı həyatlarında xoşbəxt olmaları üçün bir çox prinsipləri çatdırmaqla yanaşı, kainatda olan bəzi cismlərin heç kəsə bəlli olmayan mahiyyəti haqqında da dəqiq və düzgün xəbərlər vermişdir ki, insanlar həqiqətən də, Quranın haqq kitab olduğuna inanaraq orada yazılanlara əməl etsinlər.

Qurani-Kərim göy üzünün bəzəyi və şairlərin ilham mənbəyi olan buludların ağır çəkisi barədə də xəbər vermişdir. Hansı ki son zamanlara qədər buludların çox yüngül olduğu düşünülmüş və  buludların ağırçəkili olması haqqında Qurandan öncə heç bir yerdə qeyd edilməmişdir.

Bu haqda Uca Allah buyurur:

﴿ وَهُوَالَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۖ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَيِّتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ الْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴾

“Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf yönəldib, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. (Bu misalı çəkirik ki,) Bəlkə, düşünüb ibrət alasınız!”. (“əl-Əraf” surəsi, 57-ci ayə)

MÜASİR ALİMLƏRİN BULUDUN AĞIRLIĞINI KƏŞF ETMƏLƏRİ

Havada qanadsız hərəkət edən nəhəng buludların ağır olması alimlərə yalnız 20-ci əsrin ortalarında bəlli oldu.

Müasir alimlərin etdikləri araşdırmalara görə, Yer səthi üzərində hərəkət edən 1 km-lik buludun orta həcminin çəkisi 500.000 kq-dır.

Müəllifləri ABŞ alimləri olan “Hava radar müşahidələri və fiziki xüsusiyyətlərdən istifadə edərək buludların aşkar olunması” (Detection of Cb and TCu clouds using MSG-SEVIRI cloud physical properties and weather radar observations) adlı kitabın 17-ci səhifəsində deyilir:

“II Dünya Müharibəsindən sonra atmosfer ölçmələri üçün uçan aparatlar (təyyarələr) istifadə olunana qədər buludların quruluşu haqqında çox şey məlum deyildi. 1940-cı illərin sonlarında Florida və Ohiyodakı İldırım Fırtınası Layihəsi buludların kəmiyyət ölçmələri istiqamətində ilk layihə idi”.

Həmçinin ABŞ-ın digər bir elmi saytında deyilir:

“Bir buludun nə qədər ağır olduğunu nə vaxtsa düşünmüsünüz? Çünki onlar səysiz (dəstəksiz) olaraq göydə üzdükləri üçün buludarın çəkisiz olduğunu güman etmək asandır. Əlbəttə ki, bu belə deyil.

Alimlərə görə, bir kumulus buludunun (pambıq kimi görünüşü olan bulud növü) ağırlığı 1.1 milyon funtdur. Bir anlıq düşünün. Bu o deməkdir ki, milyonlarla funt su hər an başınızın üzərində üzür. Bu isə 100 filə bərabərdir”.

Həmçinin ABŞ-ın ensiklopedik saytı 2016-cı ildə “Buludlar haqqında 15 hesablanmış fakt” (15 Billowing Facts About Clouds) adlı dərc etdiyi məqaləsində belə deyir:

“Buludlar pambıqdan bir az ağır görünsələr də, əslində, onlar göründüyündən çox ağırdırlar. Kumulus buludu orta hesabla bir milyon funtdan çox (1 kq=2.2 funt) ağırlığa sahibdir və güclü bir ildırım (trilyonlarla olmasa da) milyardlarla funt suyu göyün kiçik bir hissəsində toplayır. Bütün bu ağırlıq heç bir səysiz (dəstəksiz) havada dayandırılıb. Bu, bir az narahatlıq doğurur və eyni zamanda haqqında düşünmək təlatümlüdür”.

Avstraliyanın məşhur “Science Alert” saytı 2015-ci ildə dərc etdiyi “Bir buludun nə qədər çəkisi var?” (This Is How Much a Cloud Weighs) adlı məqaləsində deyir:

“Onlar çox yüngül və yumşaq görünə bilərlər. Amma həqiqət budur ki, buludlar, doğrudan da, çox ağırdır. Tədqiqatçılar hesablamışdır ki, sizin günəşli bir gündə görə biləcəyiniz gözəl və ortaboy kumulus buludunun ağırlığı, təxminən, 500.000 kq-dır. (Yaxud da 1.1 milyon funt). İnanılmazdır!”

Uzaqda olan cisimlərin və eləcə də buludların ağırlığını ölçən cihazların olmadığı bir dövrdə Qurani-Kərimin yeni kəşf edilən buludların ağır olması barədə xəbər verməsi, həqiqətən də, Quranın insan sözü deyil, məhz Allah kəlamı olduğuna və Məhəmmədin də (Allahın ona salavat və salamı olsun) Uca Allah tərəfindən göndərilən həqiqi peyğəmbər olmasına bir daha sübutdur.

Allah – Təala buyurur:

﴿ وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ ۚ قُلْ لَسْتُ عَلَيْكُمْ بِوَكِيلٍ. لِكُلِّ نَبَإٍ مُسْتَقَرٌّ ۚ وَسَوْفَ تَعْلَمُونَ﴾

“(Ey peyğəmbər! Quran) həqiqət olduğu halda sənin qövmün onu yalan saydı. De: “Mən sizə gözətçi deyiləm”. Hər bir xəbərin (gerçəkləşəcəyi) müəyyən bir vaxtı var və siz (onu vaxtı çatanda, istər bu dünyada, istərsə də axirətdə) biləcəksiniz”. (“əl-Ənam” surəsi, 66-67-ci ayələr)