“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİNDƏ MÖMİNLƏRİN KİMİNLƏ BİRGƏ OLMASI İSTƏNİLİR?!

“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİNDƏ MÖMİNLƏRİN KİMİNLƏ BİRGƏ OLMASI İSTƏNİLİR?!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Tövbə” surəsinin 119-cu ayəsində buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
“Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun!”

Bu ayənin təfsiri “ümumi vilayət” bəhsində geniş izah edildi. Burada isə ayənin İmam Əliyə (ə), yaxud bütün Əhli-beyt İmamlarına aid olması ilə bağlı rəvayətləri qeyd etməyi lazım bilirik:

1. Məşhur təfsirçi alim Süyuti “Əd-durrul-mənsur” kitabında “Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsinin təfsirində İbn Abbasın belə dediyini nəql edir: “Yəni Əli ibn Əbi Taliblə birgə olun!”
Bu məzmunun oxşarını Xarəzmi “Mənaqib”, Zərəndi “Durərus-səmteyn”, Abdullah Şafei “Mənaqib” və Hakim Həskani “Şəvahidut-tənzil” kitablarında nəql etmişlər; bu fərqlə ki, bəziləri “O, Əli ibn Əbi Talibdir”, bəziləri “Ayə Əli ibn Əbi Talib haqqında nazil olmuşdur”, bəziləri isə “Əli və səhabələri ilə birgə olun” ifadələrini qeyd etmişlər (“Mənaqib”, səh. 189; “Durərus-səmteyn”, səh. 91; “Mənaqib” (Abdullah Şafei), səh. 154 və “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 259.).

2. Hafiz Süleyman Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında Salman Farsidən belə nəql etmişdir: “Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsi nazil olduqda, Salman soruşdu: “Ey Allahın Rəsulu! Ayənin məfhumu ümumidir, yoxsa xüsusi?” Peyğəmbər (s) buyurdu:
اَمّا الْمَأمُورُونَ فَعامَّة الْمُؤمِنِينَ، وَاَمّا الصّادِقُونَ فَخاصَّة اَخِى عَلِىّ وَاَوْصِيائِهِ مِنْ بَعْدِهِ اِلى يَوْمِ الْقِيامَةِ:
“Bu göstərişə əmr olunanlar bütün möminlər, sadiq olanlar isə məhz qardaşım Əli və məndən sonra qiyamət gününə qədərki vəsilərimdir!” (“Yənabiul-məvəddət”, səh. 115)

3. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında “Sadiq olanlarla birgə olun” ayəsinin təfsirində Abdullah ibn Ömərin belə dediyini nəql edir: “Sadiq olanlardan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh. 262.)

4. “Fəraidus-səmteyn” kitabının müəllifi Əllamə Həməvini, “Şərəfun-Nəbiyy” kitabının müəllifi Şeyx Əbülhəsən Kaziruni kimi bir qrup əhli-sünnə aliminin (bu ayənin təfsirində) İmam Baqirdən (ə) nəql etdikləri hədis də eyni mənanı daşıyır, yəni “Məhəmməd (s) və onun Əhli-beyti ilə birgə olun!” (Bax: “Ehqaqul-həqq”, 14-cü cild, səh. 274-275; 3-cü cild, səh. 296-297, 14-cü cild, səh. 170-277 və “Əl-qədir”, 2-ci cild, səh. 277.)

Bu ayənin təfsirində yuxarıdakı hədisləri yalnız adlarını çəkdiklərimiz yox, digər alimlər də öz kitablarında nəql etmişlər.
Bunu da qeyd etməliyik ki, Allah-taalanın “möminlər həmişə sadiqlərlə birgə olsunlar” göstərişi mütləq və qeyd-şərtsizdir. Yəni bu göstəriş məsum İmamlardan başqasına aid ola bilməz. Çünki məsum olmayanların xəta və səhvə yol verməsi qətidir və insan belələrindən mütləq ayrılmalıdır. Hər halda itaəti vacib olan, xəta və səhvə əsla yol verməyən kəslər məhz məsum İmamlardır. Buna əsasən, ayədəki “sadiqlər”də məqsəd düz danışan hər kəs deyil. Əksinə, istər səhvən, istərsə də bilərəkdən haqqa qarşı çıxmayanlardır.

 

Bununla belə, “Ruhul-məani” kitabının müəllifi (Alusi) kimi bəzi məşhur əhli-sünnə alimləri ayədəki “sadiqlər” ifadəsini İmam Əliyə (ə) aid edən rəvayətləri qeyd etdikdən sonra demişlər: “Şiələr Əlinin (ə) canişinliyinin haqq olduğunu sübut emək üçün bu ayəyə istinad edirlər. Belə bir istinad batildir!” Lakin onlar bunu deyib, məsələnin üstündən asanlıqla keçmiş və öz müddəalarına bir dəlil gətirməmişlər. Onların belə mövqeləri göstərir ki, təəssübkeşlik hissi təfəkkür nurunun qarşısını alimlərdən belə alır! Amma Doktor Məhəmməd Ticani Səmavi kimi azad düşüncəli insanlar da vardır ki, bu ayə və onunla bağlı rəvayətlərin nuru sayəsində yolunu düzgün görür, Əli (ə) və digər Əhli-beyt (ə) İmamlarına olan imanını şücaətlə açıqlayır, bu zəmində “Lə əkunə məəs-sadiqin” (Sadiq olanlarla birgə olam) adlı dəyərli bir kitab yazır ki, bir çox müsəlmanlara böyük təsir bağışlayır.