KEŞİŞ MİLLER – QURANDA SƏHV AXTARARKƏN İSLAMI SEÇDİ

KEŞİŞ MİLLER – QURANDA SƏHV AXTARARKƏN İSLAMI SEÇDİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

QURANDA ELƏ HƏQİQƏTLƏR VAR Kİ, ONLARI ALLAHDAN BAŞQASINA AİD ETMƏK AĞILSIZLIQDIR.

Kanadada Toronto Universitetinin professoru, riyaziyyat və məntiq müəllimi Qari Miller (Gary Miller) Kanadada məşhur Xristian təbliğatçısı, həm də İncili dərindən bilən bir keşiş olub.

1977-ci ildə doktor Miller səhv axtarıb müsəlmanları Xristianlığa dəvət etmək məqsədilə Qurani-Kərimi oxumaq fikrinə düşür. O, səhra həyatından bəhs edən və yaşı 14 əsri ötmüş köhnə fikrli bir kitabla qarşılaşacağını gözləyir. Lakin professor onu oxuduqca təəccüb və heyrət içində qalır. Quranda olan dərin məzmunun heç bir kitabda olmadığını görür. Hətta, bu dünyada başqa heç bir kitabda rast gəlinməyəcək həqiqətləri kəşf edir.

Doktor Qurani-Kərimdə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) başına gələn hadisələri tapacağını düşünür. Məsələn, dəyərli həyat yoldaşı Xədicənin (Allah ondan razı olsun), qızlarının və oğlan uşaqlarının hüzn dolu hekayələrini Quranda oxuyacağını zənn edir. Amma o, bunların heç birinə Qurani-Kərimdə rast gəlmir.

Onu ciddi düşündürən bir məqam da, Quranda bütöv bir surənin Məryəmin (Allahın ona salamı olsun) adını daşıması və İncildə belə rast gəlinməyəcək dərəcədə Quranın Məryəmə (Allahın ona salamı olsun) verdiyi dəyər idi. Halbuki, Qurani-Kərimdə nə Aişənin (Allah ondan razı olsun), nə də Fatimənin (Allah ondan razı olsun) adını daşıyan bir surənin mövcud olmaması onu çox təəccübləndirir.

İsa peyğəmbərin (Allahın ona salamı olsun) Qurani-Kərimdə 25 yerdə adının keçdiyini, lakin Məhəmmədin (Allahın ona salavat və salamı olsun) adının isə sadəcə 5 yerdə yer aldığını gördüyündə heyrəti neçə qat daha artır.

Bu ayə isə onun gözünü çox açır. Allah-Təala buyurur:

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ ۚ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا

“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar”. (“ən-Nisa” surəsi, 82-ci ayə)

Miller deyir: “Maraqlıdır ki, Quran, istər müsəlman, istərsə də qeyri-müsəlman olsun, hər kəsə bu məsələdə meydan oxuyur və özündə heç vaxt bir səhv tapa bilməyəcəklərini elan edir. Quranın ilk səhifələrini açdıqda belə orada bu kitabda heç bir səhvin, şübhənin olmadığını deyən ayəyə rast gəlirsən.

Allah-Təala buyurur:

 الم. ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ

“Əlif. Ləm. Mim. Bu, onda heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır”. (“əl-Bəqərə” surəsi, 1,2-ci ayələr)

Dünyada heç bir yazıçı belə bir cürət edə bilməz. Yəni bir kitab yazıb “bu kitab hər cür xətadan uzaqdır” demə cəsarətinə sahib ola bilməz. Bunu yeganə istisna olaraq Qurani-Kərim özündə səhv və ziddiyyət olmadığını və buna heç vaxt rast gəlinməyəcəyini söyləyir. Hətta, sənə o kitabda səhv tapmağa cəhd etməyi də ərz edir. Lakin səhv tapa da bilməzsən!”

Professor Millerin üzərində durduğu və ən çox təsirindən çıxa bilmədiyi ayə isə “Ənbiya” surəsinin 30-cu ayəsi olur.

Uca Allah buyurur:

 أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ

“Məgər kafir olanlar göylə yer bitişik (kütlə) ikən Bizim onları (parçalayıb bir-birindən) ayırdığımızı, hər bir canlını da sudan yaratdığımızı bilmirlərmi?! (Bütün bunları aşkar etdikdən sonra) Yenə də (Allaha) iman etməzlərmi?!”

(“əl-Ənbiyə” surəsi, 30-cu ayə)

Miller deyir: “1400 il bundan öncə nazil olan bu ayə dəqiq olaraq 1973-cü ildə Nobel mükafatına layiq görülmüş elmi araşdırmanın mövzusudur. Hansi ki, o araşdırma bütün kainatın bir kütlədən ayrılaraq yarandığını kəşf etmişdi”.

Ayənin sonundakı bütün canlıların sudan yarandığını deyən hissə barəsində Miller belə söyləyir:

“Bu dəhşətli bir şeydir. Müasir elm canlı hüceyrənin 80%-ni təşkil edən sitoplazmadan ibarət olguğunu kəşf etmişdir. Həqiqətən də, sitoplazma əsasən sudan ibarətdir. Səmadan gələn vəhylə bağlılıq olmasaydı 1400 il bundan əvvəl yaşayan və yazıb oxumaq bilməyən birisinin bunları bilməsi qəti olaraq mümkünsüz olardı”.

Miller, həmçinin, deyir: “Əgər Məhəmməd (Allahın ona salavat və salamı olsun) Allahın elçisi deyilsə, o zaman bu qədər özünəinamı haradan ala bilərdi?! Quranda elə həqiqətlər var ki, onları Allahdan başqasına aid etmək ağılsızlıqdır.

Belə ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmisi Əbu Ləhəb İslama şiddətli nifrət edirdi. Nifrəti o dərəcədə idi ki, həmişə Məhəmmədi (Allahın ona salavat və salamı olsun) təqib edib onun sözlərinin təsirini gücdən salıb dəyərsizləşdirməkdən ötrü əks sözlər danışardı. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) danışdığı insanlara o da dərhal yaxınlaşıb “Məhəmməd (Allahın ona salavat və salamı olsun) sizə ağ deyirsə bilin ki, qara, qara deyirsə bilin ki, ağdır və gecə desə gündüz, gündüz desə gecədir” kimi sözlərlə insanları çaşdırırdı. Onun məqsədi Məhəmmədin (Allahın ona salavat və salamı olsun) söylədiklərinə qarşı insanlarda şübhə oyandırmaq idi.

Qəribə tərəfi budur ki, Əbu Ləhəbin ölümündən 10 il əvvəl “Məsəd” adlı surə nazil oldu. Həmin surədə deyilir:

 تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ. مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ. سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ

“Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. O, alovlanan oda (Cəhənnəmə) atılacaqdır”.

(“əl-Məsəd” surəsi, 1-3-cü ayələr)

Bu surə Əbu Ləhəbin Cəhənnəmə gedəcəyini və heç vaxt imana gəlib İslamı qəbul etməyəcəyini açıq-aşkar vurğulayır. Bu on ildə Əbu Ləhəb kimi İslam düşməni Quranın iddiasını yalanlamaq üçün çox bəsit bir addım ata bilərdi. Çıxıb insanlara yalandan da olsa “Məhəmməd (Allahın ona salavat və salamı olsun) mənim müsəlman olmayacağımı və Cəhənnəmə gedəcəyimi söyləyir, amma mən indi müsəlman olub İslamı qəbul edirəm” – deyə bilərdi. Amma Əbu Ləhəb hər məsələdə inadla peyğəmbərə (Allahın ona salavat və salamı olsun) əks çıxdığı halda, bu nöqtədə əks çıxmadı.

Bu olayla, sanki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Əbu Ləhəbə “Sən mənə nifrət edirsən, hər işimə qarşı çıxırsan. İndi sənə çox yaxşı bir fürsət verildi. Bu fürsətdən istifadə et və mənim sözlərimi yalanla”- deyirdi.

Sizcə, on il az zamandırmı? Amma Əbu Ləhəb bu on ildə bunu etmədi. Heç üzdə də olsa özünü müsəlman kimi göstərməyərək müsəlmanlara qarşı eyni nifrətdə qaldı. Hətta, Əbu Ləhəb bu on ildə bir dəqiqənin içərisində İslamı yerlə bir etmək fürsətinə sahib ikən bunu etmədi.

Demək ki, bu qeyb xəbərini verən Quran, Məhəmmədin (Allahın ona salavat və salamı olsun) sözü deyil. Tam əksinə, bu, Əbu Ləhəbin qətiyyən müsəlman olmayacağını bilən Allahın sözüdür. Əgər Allahdan gələn bir vəhy olmasaydı, Məhəmməd (Allahın ona salavat və salamı olsun) Əbu Ləhəbin bu surədə bildirilən həqiqəti doğrulayacağını hardan bilərdi?! Əgər vəhyin Allahdan gəldiyini bilməsəydi, söylədiklərinin haqq olduğuna necə bu qədər əmin olardı?!

Halbuki, İslama qarşı düşmənçilik edənlərin bir çoxları sonradan İslama daxil olmuşdular. Əbu Ləhəb də onlardan biri ola bilərdi.

Allahın elçisi olmayan bir kimsə necə bu qədər özündən əmin olub bir insanın heç vaxt müsəlman olmayacağını və İslama qarşı düşmənçiliyində davam edərək Cəhənnəmə gedəcəyini söyləyə bilərdi?!”

Professor bildirir: “Bəziləri iddia edirlər ki, Quranı yazmaqda guya şeytanlar Məhəmmədə (Allahın ona salavat və salamı olsun) kömək etmişdir.

Bu barədə Allah-Təala buyurur:

 وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ. وَمَا يَنْبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ

“(Quranı) şeytanlar endirmədi. Onlar buna layiq deyildirlər və (bunu) bacara da bilməzlər”. (“əş-Şuara” surəsi, 210 ,211-ci ayələr)

Allah-Təala, həmçinin, buyurur:

 فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

“Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!”

(“ən-Nəhl” surəsi, 98-ci ayə)

Məgər şeytanların kitab yazma metodu belə ola bilərmi?! Kitab yazıb sonra deyir ki, bu kitabı oxumadan öncə məndən Allaha sığın?! Həqiqətən də bu möcüzəvi ayələr möcüzə dolu bir kitabın ayələridir və bu şübhəni iddia edənlərə qarşı məntiqi bir dəlildir”.

Doktor Miller Quranda digər bir maraqlı nüansa toxunaraq belə qeyd edir:

“Quranda insanı heyrətə gətirən elə bir yanaşma var ki, buna heç bir şəkk və şübhəsiz digər kitablarda rast gəlinmir. Belə ki, Qurani-Kərim  müəyyən bir tarixi məlumatlar verərək sonra deyir ki, “Bunu nə sən, nə də qövmün bilmirdi”.

Məsələn: Allah-Təala Qurani-Kərimdə ta qədim zamanlardan xəbər verərək Nuh Peyğəmbər (Allahın ona salamı olsun) barəsində ayələr nazil etdikdən sonra buyurur:

 تِلْكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنْتَ تَعْلَمُهَا أَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هَٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ

“Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilmirdi. (Onların etdiklərinə) Səbr et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilər üçündür”. (“Hud” surəsi, 49-cu ayə)

Uca Allah Yusif peyğəmbər (Allahın ona salamı olsun) haqda ayələr nazil edərkən buyurur:

 ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوا أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ

“Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin”. (“Yusuf” surəsi, 102-ci ayə)

Həmçinin, Məryəm (Allahın ona salamı olsun) haqda da ayələr nazil edərkən buyurur:

 ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

“Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk üçün çaya) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə (Məryəmin himayəsi üçün) mübahisə etdikdə də sən onların yanında deyildin”. (“Əli İmran” surəsi, 44-cü ayə)

Qurandan savayı dini müqəddəs kitablar hesab olunan heç bir kitabda bu cür üslub yoxdur. Quran məlumat verir və sonra da  bu məlumatın yeni olduğunu bildirir.

Bu mövzuda təəccüb doğuran bir şey də odur ki, Quran ayələri meydan oxuyaraq bu məlumatların yeni olduğunu, nə Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) nə də ki, onun qövmünün bu məlumatlardan xəbərsiz olduğunu bildirən ayələr nazil olarkən İslama düşmən kəsilən Məkkə əhli bu ayələri eşidib, lakin “biz bu xəbərləri bilirik, bunlar yeni deyildir” – deməyə belə cürət etməzdilər. Hətta, “biz bilirik bu xəbərlər Məhəmmədə (Allahın ona salavat və salamı olsun) haradan gəlir” – deyib onu yalanlamazdılar. Çünki doğrudan da bu xəbərlər bütünlüklə yeni xəbərlər idi və bəşər ağlından deyil, keçmişin, indinin və gələcəyin qeybini bilən Allah tərəfindən idi”.

Miller digər bir incə məqama da toxunaraq deyir:

“İlk araşdırmalara başlayarkən Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı haqda kitab yazan və ona nifrətlə yanaşan Rodens adlı bir ateistin kitabını oxudum. Oxuyarkən Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatında bir neçə diqqət çəkən hadisələr var idi ki, onlar məni çox təəccübləndirdi. O hadisələrdən biri budur ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) yaşlı ikən iki yaşlı İbrahim adlı oğlu vəfat edir. Uşağın vəfat etdiyi  gündə günəş tutulur və hava qaralır. Müsəlmanlar tez gəlib deyirlər ki, “möcüzə baş verdi! Oğlun vəfat etdiyi üçün hüzndən günəş tutuldu və hava qaraldı!”

Gəlin diqqət edək! Əgər o, dəli olsaydı bu sözləri təsdiqləyib deyərdi: “Bəli! Möcüzə baş verdi! Oğlum vəfat etdiyi üçün hüzndən günəş tutuldu və hava qaraldı!”

Əgər yalançı peyğəmbər idisə, fürsətdən istifadə edərək deyərdi: “Bəli! Möcüzə baş verdi! Oğlum vəfat etdiyi üçün hüzndən günəş tutuldu və hava qaraldı! Bu xəbəri insanlar arasında yayın! Çünki bu mənim peyğəmbərliyimə olan bir sübutdur!”

Lakin o, nə etdi? Bu sözlərlə razılaşmayıb dedi:

“Həqiqətən də, Günəş və Ay Allahın möcüzələrindən olan iki möcüzədir. Heç bir kəsin ölümü və həyatına görə tutulmazlar!”

(Hədisi Buxari və Müslim rəvayət etmişdir.)”

Professor “Bütün bunlardan aydın olur ki, Quran Uca Allahın vəhy yolu ilə göndərdiyi müqəddəs kitabdır. Oradakı hər bir məlumat İlahi bir qüvvəyə əsaslanır. Qurani-Kərim Allahın kəlamıdır” – söyləyir və 1977-ci ildə İslamı qəbul edir.

Allah ona İslam nemətini nəsib etdikdən sonra çıxışlarının birində Miller müsəlmanlara belə səslənmişdir: “Ey müsəlmanlar! Əgər sahib olduğunuz nemətin nə qədər böyük olduğunu lazımınca bilsəydiniz, sizi müsəlman ata- anadan dünyaya göndərdiyi, müsəlman bir ailədə yetişmə imkanı verdiyi və bu uca dində yaşatdığı üçün Allaha daha çox həmd edərdiniz”.  /http://quranmocuzeleri.az/