“(QİYAMƏT GÜNÜ) GÖY YARILIB QIZILGÜL KİMİ (XALİS) QIPQIRMIZI OLDUĞU ZAMAN”
Rəhmli və Mərhəmətli Allahın adı ilə
Allah-Təalanın vəd etdiyi Qiyamət günü gəldiyi zaman kainatın dağılaraq sona yetməsi üçün bir çox qorxunc hadisələr baş verəcəkdir. Həmin hadisələrə Quranda çox yerdə zikr olunan göyün yarılması, ulduzların işığının sönərək tökülməsini misal gətirmək olar. Heyrətedicidir ki, bu hadisə baş verən zaman Qurani-Kərimdə səmanın qızılgülə bənzəyəcəyi deyilir.
Uca Allah buyurur:
﴿ فَإِذَا انشَقَّتِ السَّمَاء فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ ﴾
“(Qiyamət günü) göy yarılıb qızılgül kimi (xalis) qıpqırmızı olduğu zaman”.
(“ər-Rəhman” surəsi, 37-ci ayə)
Son əsrlərdə texnologiya inkişaf etməyə başladı. Artıq alimlər teleskoplar vasitəsi ilə göyü, ulduzları açıq- aydın görüb kəşf edirdilər. Elm adamlarının araşdırması nəticəsində aydın oldu ki, həqiqətən də ulduzlar müxtəlif mərhələlər keçirlər. Mərhələlər keçdikcə ulduzlarda olan istilik çoxalır və ulduz üçüncü mərhəlyə çatanda istilik şiddətli olduğundan orada partlayışlar baş verir. Bu partlayışlar o qədər güclü və şiddətli olur ki, nəticədə ulduz yoxa çıxır. Bu ulduzun sonu deməkdir. Alimlərin kəşfinə görə ulduzlar da insan həyatı kimi mərhələlərdən keçir: doğulur, böyüyür, qocalır və ölür.
Qəribə olanı budur ki, Allah-Təalanın Quranda Qiyamət günündə göyün yarılaraq ulduzların sönəcəyi anında səmanın qızılgülə bənzəyəcəyini vəsf etdiyi kimi günümüzün müasir alimləri artıq bu vəsfi partlayan ulduzlar üzərində müşahidə ediblər.
ABŞ-ın məşhur NASA (National Aeronautics and Space Administration – “Milli Aeronavtika və Kosmos İdarəsi”) agentliyinin XX əsrin sonlarında ulduzların sönmədən öncə partlayış zamanı çəkdikləri fotolarında eynən qızılgülə bənzəməsi sübuta yetmişdir. Alimlər bunu bəzən “Qızılgül Nebula”sı (Rosette Nebula), bəzən də “Pişik gözü Nebula”sı (The Cat’s Eye Nebula) da adlandırırlar. Nebula isə qaz buludu deməkdir.
Hətta bəzi alimlərin bu Nebulanı pişik gözünə bənzədiyinə görə “Pişik gözü Nebula”sı (The Cat’s Eye Nebula) adlandırmalarına baxmayaraq onun həmçinin də tamamilə qızılgülə bənzəməsi göz qabağındadır.
Əlbəttə ki, hal-hazırda bu partlayış ulduzlarda tək-tək müşahidə olunur. Qiyamət günü isə bu hadisə səmada eyni anda baş verəcəkdir.
İnsanların Qiyamət gününə inanaraq o günə öz əməlləri ilə hazır olmaları üçün Allahın buyurduğu kimi yaşayıb ölsünlər deyə inamsızlığın artdığı bu dövrümüzdə yer üzündə və göydə Qiyamət gününə işarələr edən bəzi hadisələrin hal-hazırda baş verməsi Allahın insanlara olan rəhmətindəndir.
Ona görə də hər bir kəs vəd olunan Qiyamət gününə inanmalı və o günün sorğu-sualına hazır olması üçün çalışmalıdır. Uca Allah buyurur:
﴿ إِنَّ السَّاعَةَ لَآتِيَةٌ لَا رَيْبَ فِيهَا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ ﴾
“O, saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmır!” (“Ğafir” surəsi, 59-cu ayə)
Son zamanlar kəşf edilən bu kimi həqiqətin 1400 il bundan öncə texnologiyanın olmadığı bir dövrdə Quranda yazılması həqiqətən də Quranın və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Allah tərəfindən haqq olduğuna daha bir sübutdur.
Allah-Təala Qurani-Kərimdə buyurur:
﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾
“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)
Allah-Təala, həmçinin buyurur:
﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾
“De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“ən-Nəml” surəsi, 93-cü ayə)