“BƏQƏRƏ” SURƏSİ
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (ayə, 183).
“(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (ayə, 184).
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz” (ayə, 185).
“Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı… sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın” (ayə, 187).
“Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir” (ayə, 196).
“NİSA” SURƏSİ
“Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (ayə, 92).
“MAİDƏ” SURƏSİ
“Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!” (ayə, 89).
“Ey iman gətirənlər! Ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (ayə, 95)
“TÖVBƏ” SURƏSİ
“(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!” (ayə, 112).
“ƏL-ƏHZAB” SURƏSİ
“Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (ayə, 35).
“ƏL-TƏHRİM” SURƏSİ
“Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!” (ayə, 5). /faktxeber